Modern.az

Yeni Zellandiyanın birinci ledisi - “Təbəssümlü qatil”in arvadı...

Yeni Zellandiyanın birinci ledisi - “Təbəssümlü qatil”in arvadı...

Ölkə

22 Oktyabr 2013, 10:01


Modern.az
 saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Yeni Zellandiyanın baş naziri Con Keyini həyat yoldaşı Brona Keydən bəhs ediləcək.

Sakit okeanın cənub-qərbində yerləşən, iki böyük – Şimal və Cənub adalarından ibarət olan ölkənin başında Konstitusiyaya görə, Böyük Britaniya kraliçası II Elizabet dayanır. Daha çox tarixi ənənəyə söykənən bu qərar reallıqda əsas səlahiyyətləri Yeni Zellandiya baş nazirinə verir. Ölkənin baş naziri vəzifəsini Yeni Zellandiya Milli Partiyasının sədri Con Key icra edir. Bu vəzifəni o, partiyasının parlament seçkilərində qalib gəlməsindən sonra, 2008-ci ildən icra edir.

Ölkənin birinci xanımı Brona İren Key (qızlıq soyadı Dovqan) 1963-cü il noyabrın 14-də Yeni Zellandiyanın paytaxtı Vellinqton şəhərində anadan olub. Onun valideynləri Şimali irlandiyalı mühacirlərdir. Onun atası Jozef katolik, anası İren isə protestantdır. İrlandiyada bu məzhəblər arasında mövcud olan qarşılıqlı nifrət və inamsızlıqdan qaçan cütlük Zellandiyanın Kraysterç şəhərində nikaha daxil olub və şəhərdə fəaliyyət göstərən ayaqqabı fabrikində çalışmağa başlayıblar.
“İkisi də əməksevər insan idi. İşdən evə gələn atam adətən nahar edir, daha sonra mehmanxanadakı ikinci işinə gedirdi”, – deyə sonralar “Avstraliya qadın həftəliyi” jurnalına müsahibəsi zamanı Brona Key valideynləri ilə bağlı xatirələrini bölüşüb. Əri ilə tanışlığa gəlincə isə onlar ilk dəfə 1974-cü ildə Bernsayd tam orta məktəbində tanış olublar. 16 yaşlı Con Key dostunun bacısını imtahanlara hazırlamaq üçün onların evlərinə gələndə ilk dəfə Bronanı görür. Sonralar tanışlıqları barədə danışarkən zellandiyalı baş nazir bunu “sanki bir anlıq hər şey dayandı. Dərhal bir-birimizə qarşı cazibə hiss etdik”, – deyə izah edirdi.


Sevgi münasibətləri 1984-cü ildə toyla bitir. Kommersiya elmləri üzrə bakalavr pilləsini bitirən Brona Key ailəsi xətrinə çalışdığı maliyyə məsələləri üzrə şəxsi məsləhətçi vəzifəsindən çıxır. Cütlüyün Stefi adlı qızları və Maks adlı oğlan uşaqları doğulub. Ştefi Böyük Britaniyadakı Kenterberri Universitetində moda təhsili alır. Oğulları Maks isə Oklend universitetində oxuyur və universitetin beysbol komandasının üzvüdür. Mətbuata tez-tez müsahibələr verən birinci ledi ailəsinin daim səyahətlərdə olduğunu bildirir. “Qızım Stefi Yeni Zelandiyada doğulub. Oğlum Maks isə Sinqapurda. Ordan Londona, Londondan isə Sidneyə yerləşdik. Xaricdə yaşamağı bütün tərəfləri ilə öyrənmişik”.

İldə yalnız bir dəfə bütün ailənin bir yerdə toplanmasından gileylənən Brona Key ailədaxili bağların çox möhkəm olduğunu bildirir. Yalnız 40 yaşında siyasətə qoşulmaq qərarı verən Con Key buna qədər dünyanın ən böyük investisiya banklarından olan “Merrill Lynch”də məsul vəzifələrdə çalışır. 1995-ci ildə Con Key bankın Asiya regionu üzrə xarici ticarət əməliyyatları şöbəsinin rəhbəri təyin olunur. Həmin ildəcə “Merrill Lynch” bankının bütün ticarət əməliyyatları şöbəsinin rəhbərinə çevrilir. Buna görə də ailəsi ilə birlikdə Londona köçür. Bank işçiləri Con Keyi “təbəssümlü qatil” deyə çağırırdılar. Çünki həmişə, hətta kütləvi qovulmalar zamanı da o təbəssümünü gizlətmirdi. Həyat yoldaşının bankdakı işindən ayrılaraq Yeni Zellandiyada siyasətlə məşğul olmaq istəyi xanım Brona Key üçün daxili çətinlik yaradıb.

“Mənə İngiltərədə yaşamaq xoş idi. Uzun müddət olmadığım vətənimə qayıtmaq çətin idi. Ailəmizin dostlarının demək olar ki, hamısı xaricdə bank sistemində çalışanlar idi. Çətinliklərə baxmayaraq, geri Zellandiyaya qayıtmağa peşman deyiləm”.

Con Keyin baş nazirliyə gedən yolu 2001-ci ildə Yeni Zellandiyadakı parlament seçkilərində qələbə qazanıb deputat olmasından başlayır. Ardınca 2006-cı ildə Yeni Zellandiya Milli Partiyasının sədri seçilən Con Key müxalifət lideri kimi seçkilərdə qalib gələrək, 2008-ci ildən baş nazir postunu tutub. Bu vəzifədə Con Key kifayət qədər uğurlu islahatlar keçirdiyindən onun populyarlığı xalq arasında kifayət qədər yüksəkdir. Baş nazir həyat yoldaşının bütün işlərdə ona dəstək olduğunu və ona müsbət təsir etdiyini bildirib. Buna sübut olaraq Con Keyin “Merrill Lynch” bankında böyük gələcək və maliyyə gəliri vəd edən işini həyat yoldaşının təklifi ilə tərk edib siyasətə gəlməsidir.
“Elektrikli maşın almaq üçün avtomobil salonuna gedərkən Bronanın təklifini götür-qoy etdim və ona dedim ki, siyasətə qoşulmaq istəyirəm”. Cütlüyün arzusu nə vaxtsa övladları ilə yenidən birlikdə yaşamaqdır. “Heç nəyə baxmayaraq Zellandiyada yaşayacağıq. Övladlarımızın da həyatı bura ilə bağlıdır. Onların təhsillərini bitirməsini gözləyirik”, – deyə xanım Brona Key müsahibələrində etiraf edir.
Yeri gəlmişkən, bir neçə ay öncə Key ailəsi bütün dünya mətbuatının diqqət mərkəzinə düşmüşdü. Buna səbəb baş nazırın qızı Stefaninin soyunaraq “Paris Design Week” jurnalı üçün çılpaq pozlar verməsi olmuşdu. Avqustda baş verən bu hadisəni əksər ölkələrin mətbuatı semsasiyalı olay kimi təqdim etdi. O zaman baş nazir özü qızı barəsində bunlraı dedi: “Qızımla fəxr edirəm!”. Stefaninin şəkilləri ölkədə beynəlxalq qalmaqala səbəb olduğundan, ata qızına məhz bu cür dəstək vermişdi.
20 yaşlı Stefaninin öz bədənini suşi, hamburger və səkkizayaqlı ilbizlə örtərək çılpaq pozlar verməsinin səbəbi isə hələ də anlaşılan deyil. Amma bu hadisə Key ailəsinin bütün dünyada tanınmasına səbəb oldu...




Modern.az       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı