Modern.az

Yeni kənd təsərrüfatı naziri: “Hələ bir adaptasiya olunum” - EKSKLÜZİV

Yeni kənd təsərrüfatı naziri: “Hələ bir adaptasiya olunum” - EKSKLÜZİV

Ölkə

23 Oktyabr 2013, 15:00

Prezidentin 22 oktyabr tarixdə imzaladığı sərəncamla kənd təsərrüfatı naziri təyin olunmuş Heydər Əsədov Modern.az saytına qısa açıqlamasında bu təyinata münasibət bildirib.

Hesablama Palatasının sabiq sədri, hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədov yeni işinə adaptasiya olunmağa hazırlaşdığını deyib.

“Hələ ki yeni işimə adaptasiya olunmalıyam. Qoy yeni işimə uyğunlaşım,  sonra təəssüratlarımı bildirəcəm. Hələ ki, heç bir söz demək istəmirəm”-deyə yeni nazir bildirib.

Qeyd edək ki, yeni kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Ramiz Mehdiyev Heydər Əsədovun nazir təyin olunması haqda prezident sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.

Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev İsmət Abasovun işlədiyi müddətdə görülmüş işləri təqdirəlayiq hesab edərək, aqrar sahənin inkişafı ilə bağlı Prezidentin qarşıya qoyduğu məqsədləri bir daha nəzərə çatdırıb və öz məsləhət və tövsiyələrini verib.
Təqdimat mərasimində İsmət Abasov çıxış edərək işlədiyi müddətdə Prezident İlham Əliyevin tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirdiyini, dövlət başçısının ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələrin bundan sonra da layiqincə yerinə yetirəcəyini və ona yenidən etimad göstərilərək baş nazirin müavini vəzifəsinə təyin edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü və minnətdarlığını bildirib.

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək ölkə başçısının ona göstərdiyi etimada görə təşəkkürünü bildirərək, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.



Gültəkin ƏLƏSGƏR  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı