
“Mən Samir Əsədlini tanımıram. Ancaq yəqin ki, onun dedikləri Sabir Rüstəmxanlının düşüncələridir və öz sədrinin mövqeyini ifadə edir”.
Bunu Modern.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev deyib. O, VHP funksionerinin ittihamlarını cavablandırarkən bildirib ki, MDHP-nin hər hansı bir departamenti belə S.Rüstəmxanlının partiyasından böyükdür.
“Partiyamızın Qərbi Azərbaycan, Bakı, Qarabağ departamentləri konfrans keçirəndə VHP heç qurultay keçirməmişdi”.
Deputat vurğulayıb ki, rəhbəri olduğu partiya Azərbaycanın hər yerini əhatə edir. Onun sözlərinə görə, MDHP-nin dövlət büdcəsindən maliyyələşməsi ədalətlidir. “Çünki partiyamız 2003-cü ildə yaradılıb və 2005-ci ildə qurultayı keçirilib. Nə edək ki, MDHP qeydiyyatdan gec keçib”, – deyə F.Quliyev qəzəbini gizlətməyib.
Qeyd edək ki, VHP funksioneri Samir Əsədli dövlət büdcəsindən maliyyələşən partiyalar barədə danışarkən qeyd edib ki, MDHP pul almağa layiq deyil. VHP təmsilçisi fikrini onunla əsaslandırıb ki, F.Quliyev deputat seçiləndən sonra partiyası qeydiyyatdan keçib.
Xatırladaq ki, Milli Dirçəliş Hərəkatı Partiyası 2011-ci ilin iyununda, yəni parlament seçkilərindən bir il sonra qeydiyyatdan keçib.
Aqşin Kərimov