
Azərbaycanın yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində ilk kadr dəyişikliklərinə başlayıb. Modern.az saytının məlumatına görə, nazirin əmri ilə Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi general-mayor Məmməd Beydullayev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov təyin edilib.
General Zakir Həsənovun digər əmri ilə Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub. Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə general-mayor Ramiz Tahirov gətirilib.
Bu məlumatları, hərbi ekspert Üzeyir Cəfərov da təsdiqləyib. Onun sözlərinə görə, vəzifəsindən kənarlaşdırılan Məmməd Beydullayev ordunun adını rüşvət və koorupsiyaya bulaşdıran zabitlərdən biri idi.
Ü.Cəfərovun bildidirdiyinə görə, Müdafiə Nazirliyində digər kadr dəyişikləri də var. O, daha iki idarə rəisinin vəzifəsindən çıxarıldığını və hər iki polkovnikin Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə göndərildiyini vurğulayıb.
APA-nın məlumatına görə, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov həm də müdafiə nazirinin yeni müavini təyin olunub. R.Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.
”Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən isə Modern.az-a bildirilib ki, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayevdən sonra Müdafiə Nazirliyində xeyli sayda generalın vəzifəsindən çıxarılacağı gözlənilir.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatlarına görə, yaxın günlərdə Müdafiə Nazirliyində yüksək vəzifə tutan bir neçə şəxsin – müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun, tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədovun, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun vəzifələrindən çıxarılması gözlənilir. Şəmkir, Beyləqan, Bakı hərbi birləşmələrinin rəhbərləri – generallar Rövşən Əkbərov, Ayaz Həsənov, Kərim Vəliyevin vəzifələrindən çıxarılması və ya vəzifələrinin dəyişdirilməsi gözlənlir.
”Digər dəyişiklik Müdafiə Nazirliyinin maliyyə, maddi-təchizat idarələrinin rəhbərləri ilə bağlı olacaq. Eyni zamanda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərliyinin və əməkdaşlarının dəyişdirilməsi gözlənilir” - ”Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən bildirilib.
Modern.az