Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
Azərbaycanda çəkilən ilk ikiseriyalı bədii film olan “Dədə Qorqud”un geniş təqdimata ehtiyacı yoxdur. Yəqin ki, yaşlı və orta nəsil bu filmə dəfələrlə baxıb. Rejissor Тоfiq Tağızadənin Anarın ssenarisi əsasında çəkdiyi “Dədə Qorqud” 1975-ci ildə lentə alınıb. Azərbaycan xalqının “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında çəkilən filmdə bir sıra tanınmış aktyorlar yer alıb.
Onlardan biri də filmdə Qazan xan obrazını canlandıran Həşim Qadoyevdir. Həşim Qadoyev milliyətcə tacikdir.
Tanınmış teatr və kino aktyoru, teatr rejissoru, yazıçı, SSRİ Xalq artisti (1988) Həşim Qadoyev 1937-ci il mayın 10-da Tacikistanın Qulyab şəhərində anadan olub. 1960-cı ildə Qnesin adına teatr məktəbini bitirən Qadoyev 1965-ci ildə eyni yerdə Ali rejissorluq kurslarını bitirib.
1961-ci ildə isə A.Lahuti adına Tacikistan Akademik teatrınında aktyor və rejissor fəaliyyətinə başlayıb. 1963-cü ildən isə kinodadır. Qadoyev aktyor karyerası boyunca Söhrab, Ferdinand, Hamlet, Xlestakov, İsmail Samani, Edip və s. rolları ifa edib.
Rejissor kimi isə bir çox tamaşaları, o cümlədən onlardan ən əsası olan “Edip”-i 100 dəfədən artıq səhnələşdirib. H.Qadoyev 2008-ci ildə Abu Abdullah Rudakinin yubileyi münasibətilə bu böyük şairin həyat və yaradıcılığı barədə tamaşa hazırlamışdı.
Həşim Qadoyev tacik və xarici rejissorların 50-dən artıq filmində çəkilib. Onun fəlsəfi düşüncələri “Çərxi qardun” həftəliyində 10 ildən artıq çap olunub. Həşim Qadoyev 11 kitabın – “Rozho”, “Asso”, “Tanho”, “Əndişaho”, “Mən!?”, “Kunc”, “Kometalar”, “Donbuz”, “Ku”, “Düşüncələr”, “Mənim Söhrabım”ın müəllifidir.
Söhrab rolunu yaradarkən Həşim Qadoyev “rola daxil olmaq” üçün qədim ədəbiyyatı, memarlığı, həykəltaraşlığı, Firdovsi dövrünü, qədim sikkələri öyrənir, özündən geyimlər fikirləşir, idmanla məşul olub əzələlərini artırır, əlini, qolunu bərkidir. Bu cəfakeşlik öz bəhrəsini verir – teatr tənqidçiləri tamaşa haqqında müsbət fikirlər səsləndirərək, aktyor oyununa yaxşı qiymət verirlər.
“Rüstəm və Söhrab” filmi bugünə qədər Sovet dövrünün ən yaxşı tacik filmi hesab olunur.
Keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, Şahbanu Fərəh Pəhləvi tacik aktyor Həşim Qadoyevin və onun tərəf müqabilinin “Rüstəm və Zöhrab” tamaşasındakı oyunundan elə təsirlənir ki, ağlayaraq huşunu itirir.
Teatr və kino fəaliyyətinə görə Həşim Qadoyev çoxsaylı mükafatlara layiq görülüb. Qadoyev 1973-cü ildə “Rüstəm və Söhrab” filmindəki Söhrab roluna görə Rudaki adına Tacikistan SSR Dövlət mükafatına layiq görülüb. 1979-cu ildə Tacikistanın xalq artisti, 1987-ci ildə SSRİ Dövlət mükafatı laureatı və 1988-cu ildə SSRİ xalq artisti fəxri adlarını layiq görülüb.
Həşim Qadoyevin çəkildiyi filmlər sırasında Azərbaycan rejissorlarının ekranlaşdırdığı 4 film yer alır. Tacik aktyor təkcə bizim “Dədə Qorqud” filminə çəkilməyib. O, 1982-ci ildə "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmiş “Əzablı yollarla” filmində Qarayel rolunu oynayıb. Rejisor Tofiq İsmayılovun bu filmi Amerika kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-da nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi.
Həşim Qadoyev 1989-cu ildə regissor Ənvər Əbluçun neftçilərin həyatından bəhs edən “Qara gölün cəngavərləri” filmində Qulu roluna da çəkilib.




Vüqar İsmayılov