“VOLQA” (Sovet vaxtı)
1989-cu il idi. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin 5-ci kursunda oxuyurdum. Əsgərliyimi çəkmişdim. Kommunist idim. Təzəcə ailə həyatı qurmuşdum. Bir qızım vardı. Atam QAZ-24-10 “Volqa” avtomobili almışdı. 16300 rubla. İndiki pulla deyə bilmərəm nə qədər edir. Amma bir professorun aylıq əmək haqqısı 300 rubl idi.
Amma o vaxt hər adam da bu maşını ala bilmirdi. Çünki maliyyə deklarasiyası təqdim etməliydin. Ki, pulu hardan qazanmısan, nə yolla qazanmısan? Nə bir vəzifəli, nə də pullu “Volqa”ya yaxın gedə bilirdi. Hərdən lotereyada kimsə bu maşından udsaydı, dörd qat artığına pul verib bileti əldə edərdilər ki, bəs bəxtim üzümə gülüb.
Atam şair Qabil üçünsə bu problem deyildi. Təkcə bir kitabının qonorarı “Volqa”nın qiymətinə bərabər idi. Özü də ki, halal. Təsəvvür edin ki, üç bloklu, 24 mənzilli yazıçılar binasında on üç yazıçının “Volqa” avtomobili vardı. Mən hələ qonşu həyətdən bəstəkarlar Tofiq Quliyev, Süleyman Ələskərov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Nəbi Xəzri və digərlərinin avtomobillərini demirəm.
Atam maşını tək sürməyimə izn vermirdi. Deyirdi ki, evin tək uşağısan, bir şey olar, evim yıxılar. Amma hərdən gözündən oğurlanaraq, yaxud da lovğalanmaq məqsədiylə “Volqa”nı qaçırdıb universitetə gedərdim. Oxuduğum filologiya fakültəsində mənə münasibətdə hər hansı bir dəyişiklik, heyrət, paxıllıq hiss etməmişdim. Amma digər fakültələrdə özünü cəmiyyətin yüksək təbəqəsi sayan bəzi tələbələr mənə qarşı münasibətlərini 180 dərəcə dəyişmişdilər. Daha doğrusu mənə yox, “Volqa”ya. Bu məni elə də əndişələndirmirdi, hərəkətlərimdə, davranışımda hər hansı bir dəyişiklik də olmamışdı.Qudurmamışdım, elə həmin Mahir idim. Amma onların bircə sözü indiyəcən yadımdan çıxmır: “Şair Qabilin oğlu “Volqa” sürməsin, bəs onda kim sürsün? Biz?”
O dövrdə toyun səviyyəsi ora çağrılanların vəzifəsi, var-dövlətiylə ölçülmürdü. Xeyir işdə hər hansı ziyalının, yaxud da ziyalıların iştirakı, xeyir-duası toya, toy adamlarına başıucalıq gətirirdi.
Bu xüsusu yazıçı Anar hələ o vaxt “Evləri köndələn yar” əsərində çox ustalıqla təsvir etmişdi.

TOY (müstəqillik dövrü)
İşdəydim. Bir yoldaşım gecikmişdi. Heç soruşmadıq da niyə gecikmisən. Başladı, nə başladı.
- Uşaqlar, dünən toydaydım. Ləzzətli toy idi. Cəmiyyətin bütün qaymaqları ordaydı. Toyun sonunacan oturdum, yedim-içdim. Bir də gördüm gecə saat ikidir. Bir qaqaş “Porşe”sində gətirib qoydu məni evə.
Özümü saxlaya bilməyib sual verdim.
- Yazıçı Anar ordaydı?
- Yox.
- Şair Fikrət Qoca necə?
- Yox.
- SSRİ xalq artisti Arif Məlikov necə?.
- Yox.
- Görkəmli bəstəkarımız Xəyyam Mirzəzadə, Xalq rəssamı Fərhad Xəlilov?
- Yox.
- Akademik Akif Əlizadəmi?
- O da yox.
- Bəs onda kim? Zeynəb Xanlarovamı? Xalq artisti Fərhad Bədəlbəylimi?
- Yox e, Mahir. Mən cəmiyyətin qaymaqları deyirəm. Nazir müavini filankəs, oliqarx beşmankəs. Komitə sədri kaşmənkəs. İndi qaymaq bunlar sayılır. Sən deyənlərdən heç kim orda yox idi. Heç gənc şair, bəstəkar, rəssam da sezilmirdi.
VARLI UŞAQLARI
İndi mətbuatın gündəmini varlı, vəzifəli adamların uşaqlarının avtomobillərinin, yaxtalarının, həyat tərzlərinin fotoları zəbt edib. Bunu ajiotaja çevirənlər də var. Amma mən bu mənzərəni çox sakit seyr edirəm. Nə vaxtsa mənə deyilənləri, özlərinə qaytarıram. Onların olmasın, bəs kimin olsun? Bizim?
Artıq zəmanə dəyişib. Qaymaqları siviriblər, ayranımız üzə çıxıb.