Modern.az

Çingiz Əlioğlunun övladları: prodüser, rejissor - Biri xaricdə yaşayır - FOTO

Çingiz Əlioğlunun övladları: prodüser, rejissor - Biri xaricdə yaşayır - FOTO

Reportaj

Bu gün, 12:30

Tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu avqustun 9-da 82 yaşında vəfat edib.

Çingiz Əli oğlu Əliyev (Çingiz Əlioğlu) 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961—1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

Bədii yaradıcılığa 1967-ci “Gənc qələmlər” toplusunda çıxan “Xatirələr” şeiri ilə başlayan Çingiz Əlioğlu həmin vaxtdan dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.

Şair “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində Nəşriyyatlar idarəsinin rəisi vəzifələrində işləyib. O, həmçinin Azərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.

Şairin “Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında səsləndirilib.

Əsərləri bir çox xarici dillərə tərcümə olunub, eyni zamanda bir sıra xarici müəlliflərin yaradıcılıq nümunələri onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb.

Çingiz Əlioğlunun yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəbiyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Çingiz Əlioğlunun yaradıcılıq irsi ilə yanaşı, şəxsi həyatı və ailəsi də oxucular üçün maraq doğurur. Onun neçə övladı var, kimdirlər, hansı işlərlə məşğul olublar?

Modern.az saytı şairin övladlarının kim olduğunu araşdırıb.

Çingiz Əlioğlunun iki oğlu var: Tahir və Orman Əliyevlər. Mərhum şahirin üç qız, üç oğlan nəvəsi də var.


Çingiz Əloğlunun həyat yoldaşı Südabə xanım mətbuata verdiyi müsahiblərin birində böyük oğlu Tahir haqqında danışarkən bildirib ki, o, uzun müddətdir Finlandiyada yaşayır, “Helmi” şirkətinin rəhbəridir. Tahir Əliyev sənədli, bədii telefilmlər çəkir.

Tahir Əliyev Bakı Dövlət Universitetinin bakalavr və magistr pillələrini qırmızı diplomla bitirib, aspirantura təhsili alıb. Magistraturanı bitirəndə diplom işi BDU-nun Elmi Şurasının qərarı ilə ayrıca kitab şəklində çap edilib. Avropa Şurasının xətti və təqaüdü ilə Helsinki Universitetində (Finlandiya) təkrar magistratura bitirib, teleprodüser diplomu alıb. Elə o vaxtdan da Finlandiyada qalaraq fəaliyyət göstərir.

Çingiz Əlioğlunun ikinci övladı Orman Əliyev Azərbaycanda tanınmış şəxsdir.
O.Əliyev Bakı 2018-ci ildən Azərbaycanın Əməkdar mədəniyyət işçisidir. O, 2013-cü ildən Bakı Media Mərkəzinin icraçı direktoru vəzifəsində çalışır. 

Orman Çingiz oğlu Əliyev 30 avqust 1980-cı ildə Bakıda anadan olub. Orta təhsilini Bakı şəhərindəki 8 saylı məktəbdə alıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissoru ixtisasına daxil olub, 2001-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə həmin universitetdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsini də fərqlənmə diplomu ilə başa vurub. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

2000-2001-ci illərdə Azərbaycan Televiziya və Radio Şirkətində rejissor assistenti olaraq işləyib. 2001-2004-cü illərdə “Lider” televiziyasında rejissor kimi fəaliyyətini davam etdirib. 2005-2006-ci illərdə İctimai Televiziyada rejissor vəzifəsində çalışıb. 2006-2007-ci illərdə İctimai Televiziyada kino, dublyaj departamentinin direktor müavini vəzifəsini icra edib. 2007-2008-ci illərdə həmin televiziyada Musiqi və Əyləncəli verilişlər departamentinin direktoru, 2008-2009-ci illərdə İctimai Televiziyada "Carçıfilm" Yaradılıcıq Birliyinin direktor müavini vəzifələrində fəaliyyət göstərib.

O.Əliyev 2009-2012-ci illərdə İctimai Televiziyada Rejissor və operatorlar departamentinin baş rejissoru vəzifəsində kanalın yaradıcı məhsullarının formalaşmasında aktiv rol oynayıb.

2008-2012-ci illərdə Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsində işçi qrupunda şounun prodüseri kimi yaxından iştirak edib.
Orman Əliyev 2013-cü ildən etibarən Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkəti Bakı Media Mərkəzinin icraçı direktorudur. Bununla yanaşı, Orman Əliyev həm yerli, həm də qlobal brendlərin inkişaf etməsinə kömək edən marketinq kommunikasiya peşəkarlarından ibarət komandanın formalaşdığı "Maverick" reklam şirkətinin idarəetməsini həyata keçirir. Həmçinin peşəkar bacarığını medianın geniş auditoriyaya müraciət edən radio sahəsində də təcrübədən keçirib. Belə ki, 2022-ci ilin noyabr ayında Orman Əliyev rəhbərliyi ilə iki yeni FM radiosu dinləyicilərin istifadəsinə təqdim olunub: 93.3 FM dalğasında BakuRetroFM-də sevilən retro ifalar, 97.7 FM dalğasında olan BakuHitFM-də isə dünya musiqi çartlarının məşhur hitləri səslənir.

Orman Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurasının Layihələrin iqtisadi qiymətləndirilməsi üzrə işçi qrupunun üzvüdür. O, 2022-ci ildə Avropa Film Akademiyasının üzvü seçilib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı