Modern.az

Azərbaycanlı ərəbşünas xanım Ərəb Əmirliklərindən yazır

Azərbaycanlı ərəbşünas xanım Ərəb Əmirliklərindən yazır

Country

4 May 2014, 12:43

Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

BƏƏ-də təhsilin tarixi və inkişaf mərhələləri…

Ərəbistan yarımadasının şərq hissəsində yerləşən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) uğurlu iqtisadi inkişafa nail olan ölkələrdən biridir. Neft gəlirlərindən səmərəli istifadə etməklə böyük inkişaf yolu keçən, güclü iqtisadiyyata malik olan BƏƏ dövləti təhsilin inkişafına böyük diqqət və qayğı göstərir. Çünki, təhsil cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşmasında mühüm rol oynayır.

Əsrlər boyu müxtəlif təkamül və inkişaf mərhələlərindən keçən BƏƏ-nin milli təhsilinin tarixi qədim dövrlərdən gələn islam dini ilə sıx bağlıdır. Bu ölkənin təhsillə bağlı tarixi keçmişində, xüsusilə XIX -XX əsrlərdə təhsilin inkişafı istiqamətində müsbət irəliləyişlər olub.Bu böyük zaman kəsiyində BƏƏ-də müxtəlif mərhələlər üzrə təhsilin 4 növü yaranıb.

1-ci növ: dini təhsil

İslam dininin elm və biliyə verdiyi müstəsna qiymət sayəsində ilk dövrlərdən etibarən məscidlərin nəzdində dini təhsil sistemi geniş yayılıb. Məscidlər namaz qılınan, ibadət məkanı olmaqla yanaşı, elm-təhsil ocağı kimi fəaliyyət göstərərək uşaqların təlim-tərbiyəsində və ictimai həyata hazırlığında mühüm rol oynayırdılar.

Bu səbəbdən BƏƏ-nin yerli əhalisi islama, dini dəyərlərə bağlı inanclı insanlar olduqları üçün qədim zamanlardan övladlarının dini təhsilinə böyük önəm veriblər.Bu növ təhsil məscidin imamı (mtavva) tərəfindən verilən ilkin ibtidai dini təhsil idi.

Şagirdlərə əsasən oxu, yazı, hesab, müqəddəs Qurani Kərimin əzbərlənməsi, təfsiri, peyğəmbərlərin hədisləri, xəttatlıq və s. öyrədilirdi. Dərslər məscidə yaxın ərazilərdə keçirilirdi.

Qızlar və oğlanlar ayrı-ayrılıqda dini təhsil alaraq ilkin ibtidai və dini biliyə sahib olurdular.

Qızlara dini təhsil almış qadın müəllimə dərs keçirdi. Uşaqlar ailələrinin tələbləri nəzərə alınmaqla həm fərdi qaydada, həm də kiçik qruplarla ilkin biliklərə yiyələnirdilər.

Valideynlər öz övladlarının təhsili ilə lazımi dərəcədə maraqlanır, Qurani-Kərimin qiraəti dərsində iştirak edir,onların Quran hafizi (əzbər bilən) olmasına çalışardılar. Təhsil haqqının miqdarı valideynlərin varlılıq dərəcəsindən asılı olaraq dəyişirdi.

Bu növ təhsilin böyüməkdə olan gənc nəslin mənəvi maariflənməsində, islami dəyərlərə yiyələnməsində rolu danılmazdır.

2-ci növ: seminarlar (məşğələ) şəklində tədris olunan təhsil

XIX əsrin əvvəllərində ingilislər körfəz əmirliklərini siyasi cəhətdən özünə tabe etdirməklə qısa müddətdə bu regionda iqtisadi və siyasi mövqeyini gücləndirir.

1819-cu ildə Ras əl-Xeyma əmirliyinin dəniz sahillərinə yan alan Britaniya gəmisində yerli tacirlərin dəvəti ilə İngiltərənin ziyalıları, alimləri bu ölkəyə təşrif buyurmuşdular. Onların bu gəlişi düşüncəli və savadlı gənc nəslin yetişməsinə əhəmiyyətli dərəcədə təkan verdi. Zəngin ailələr uşaqlarının dini təhsillə yanaşı elmi biliklərə sahib olmalarını arzulayırdılar. Bu səbəbdən gənclərin daha mükəmməl hərtərəfli savadlanmaları üçün yerli tacirlər sərvətlərindən keçərək Avropa ölkələrindən dövrün məhşur alimlərini bu tədris prosesinə cəlb etməklə milli maarifçiliyin təşəkkülü və yüksəlişinə xidmət etmiş oldular.

O dövrdə bu təhsil növü kütləvi xarakterdə və pulsuz olmasa da, bu sistem daxilində təhsil alanların əksəriyyəti taninmış yaradıcı şəxsiyyətlər kimi formalaşaraq bölgənin ictimai-siyasi, iqtisadi, social-mədəni həyatında fəal iştirak edir, ümumi inkişafa öz töhfələrini verirdilər.

Dərslər şeyxlərin və varlı tacirlərin evlərində xüsusi inşa olunmuş otaqlarda keçirilirdi. Şagirdlərə coğrafiya, tarix, fizika, cəbr, həndəsə və s. kimi dünyəvi elmlər öyrədilirdi.

3-cü növ: özəl məktəblərdə verilən təhsil

Şeyxlərin və mirvari ticarəti ilə məşğul olan tacirlərin təşəbbüsü və maliyyə dəstəkləri ilə açılan özəl məktəblər 1907-1953-ci illəri əhatə edir.

Ötən əsrin əvvəllərində ölkənin ictimai-iqtisadi və siyasi həyatında mühüm dəyişikliklər baş verdi.

İctimai sferada BƏƏ cəmiyyəti digər ərəb ölkələrində geniş vüsət alan İslam aləminin mədəni dirçəlişinin təmin edilməsini nəzərdə tutan maarifçilik hərəkatına qoşuldu. Cəmiyyətin demokratik düşüncəli, vətənpərvər ruhlu ziyalı və zadəgan elitasının cəmləşdiyi bu hərəkat müstəqillik, azadlıq, xalqın maariflənməsi, milli mənlik şüurunun oyanması, dövlət və dövlətçilik ideyaları uğrunda mübarizə aparırdı.

İqtisadi sferada isə BƏƏ-nin mirvari sənayesi mərkəzi olması hələ qədim zamanlardan məlumdur. XX əsrin əvvəllərində mirvari hasilatının və ticarətinin çiçəklənməsi yerli iqtisadiyyatın sürətli inkişafına səbəb oldu. Ölkədə iqtisadiyyatın dirçəlməsi müxtəlif xeyriyyə cəmiyyətlərinin yaranmasına təkan verdi və bu cəmiyyətlərin nəzdində özəl məktəblərin açılması prosesi başlandı. Xalqın savadlanması və rifahı yolunda sərmayələr qoyan şeyxlərin və yerli tacirlərin xeyirxah əməllərindən olan özəl məktəblərin açılması təhsil sisteminin milli dəyərlər əsasında formalaşmasında, dövlət təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılmasında müstəsna rol oynamışdır.

"Mədrəsətül əl-Teymiyyə əl-Mahmudiyyə" məktəbi

BƏƏ-də ilk məktəb 1907-cu ildə Şarca əmirliyində "Mədrəsətül əl-Teymiyyə əl-Mahmudiyyə" adı ilə açılıb.

Bu ilk özəl məktəbin binasının inşasına 1905-ci ildə başlanılıb, 1907-ci ildə təhvil verilib.

Məktəbin adına gəldikdə "əl-Teymiyyə" böyük şeyxülislam alim İbn Teymiyyənin şərəfinə verilib. Digər adı isə sahibi və təsisçisi, Şeyx Əli Bin Məhəmməd əl-Mahmudun adına " Əl-Teymiyyə əl-Mahmudiyyə" adlandırılıb.

Məktəbdə təhsil tam olaraq pulsuz idi, bütün lazımi xərclər məktəbin sahibinin şəxsi vəsaiti hesabına ödənilirdi.

Xeyriyyəçi insan olan şeyx əl- Mahmud xalqının övladlarını ziyalı görmək arzusu ilə yaşayırdı və bütün çətinliklərə sinə gərərək millətinin maariflənməsi yolunda yorulmaz mübarizə aparırdı. Əlaçı şagirdləri təhsillərini davam etdirmək üçün xarici ölkələrin məhşur universetlərinə şəxsi vəsaiti hesabına göndərirdi və bir neçə il sonra bu şagirdlər ali təhsilli hakim, müfti, həkim kimi peşələrə yiyələnərək ölkələrinə dönürdülər.1929-cu ildə məhşur əl-Azhar universitetinin diplomunu almış ilk BƏƏ vətəndaşı Şeyx Məhəmməd bin Səid bin Ğabbaş məhz onun məktəbinin yetirməsi idi.

Məktəbdə şagirdlər yemək, içmək, yatmaq xidmətləri ilə yanaşı, zəruri dərs ləvazimatları, xüsusi məktəbli geyimləri ilə pulsuz təmin olunurdular.Məktəbin müəllim heyəti dövrün məhşur alimləri olaraq xarici ölkələrdən dəvət olunmuşdular.

"Mədrəsətül əl-Əhmədiyyə" məktəbi

Dubay əmirliyində isə ilk özəl məktəb 1912-ci ildə tacir Şeyx Əhməd bin Dalmukun təşəbbüsü ilə "Mədrəsətül əl-Əhmədiyyə" adı ilə açılıb.

İlk illərdə təhsil ödənişsiz olsa da, sonralar varli ailələrin övladlarları pul ödəməklə, imkansızlar isə məktəbin sahibinin şəxsi vəsaiti hesabına oxuyurdular.

1932-1937-ci illərdə mirvari ticarətinin tənəzzülə uğraması nəticəsində maliyyə çətinlikləri ilə üzləşən əl-Əhmədiyyə" məktəbi fəaliyyətini dayandırıb.Lakin beş il sonra məktəbdə tədris bərpa olunub.

Məktəbdə Quranın təfsiri, təhlili, fiqh, üsul, nəhv kimi elmlər İraq, Səudiyyə Ərəbistanı, Mərakeş kimi ərəb ölkələrindən dəvət olunan islam aləminin nüfuzlu din alimləri tərəfindən tədris olunurdu.

Məntiq, riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya və bir çox başqa dünyəvi elmlərin tədrisinə isə ərəb aləminin ən güclü alimləri, tanınmış elm adamları cəlb olunmuşdular.

Bir əsrdən çox yaşı olan bu tarixi məktəb 2000-ci ildən muzey kimi fəaliyyət göstərir.

Ötən əsrin əvvəllərində Dubay əmirliyində varlı tacirlərin təşəbbüsü və maliyyə dəstəyi ilə 1923-cü ildə "əl-Salmiyyə", 1925-ci ildə "əl-Saada", 1926-cı ildə "əl-Fələh" adlı bir çox özəl məktəblər açıldı.

Abu-Dabi əmirliyində ilk məktəb 1930-cü ildə mirvari taciri Xalaf bin Outeybə tərəfindən təsis olunaraq "mədrəsətül ibn Xalaf" adlandırılmışdır.

"Mədrəsətül əl-islah" məktəbi

1935-ci ildə Şarca əmirliyinin əl-Heyra bölgəsində körfəz ölkələrində ilk dəfə olaraq Şeyx Məhəmməd bin Əli əl-Mahmudun təşəbbüsü ilə "əl-islah" adlı pilot məktəb açılır.

Bu məktəbin tədris proqramındakı təcrübəsindən formal təhsilin təşkilində istifadə olunmuşdur.

Məktəbin təsisçisi olan Şeyx Məhəmməd bin Əli əl-Mahmud digər dövlətlərin təhsil təcrübəsindən faydalanmaq məqsədi ilə Küveyt, İraq, Bəhreyn və Səudiyyə Ərəbistanına səfər edərək, onların tədris sistemi, qiymətləndirmə cədvəli ilə tanış olur, məktəbin nəzdində zəngin kitabxana yaradılmasına nail olur.

Şagirdlər geniş sinif otaqlarında, rahat partalarda əyləşərək zərurı dərs ləvazimatları ilə təmin olunaraq təhsilə yiyələnirdilər. Dərslər Küveytdən dəvət olunan müəllimlər tərəfindən tədris olunurdu.

"Mədrəsətül əl-islah" hal-hazırda tarixi məktəb-muzey kimi fəaliyyət göstərir. BƏƏ-də ilk təhsil departamentliyi 1936-cı ildə Dubay əmirliyində otuzuncu illərin İslami islahat hərəkatının aparıcı liderlərindən olan şeyx Manae bin Raşed əl-Maktumun təşəbbüsü və rəhbərliyi ilə "Dairət əl-Maarf" adı ilə yaradılıb.

II Dünya müharibəsinə qədər ölkədə çoxlu sayda özəl məktəblər açılır. Lakin müharibənin körfəz ölkələrinin iqtisadiyyatına vurduğu ağır ziyanın nəticəsində xarici ticarət dövriyyəsi və mirvari hasilatı tənəzzülə uğrayır və çətin iqtisadi durumla üzləşən məktəblər bağlanmaq məcburiyyətində qalırlar.

BƏƏ-nin təhsil tarixinə nəzər saldıqda görürük ki, özəl məktəblərin cəmiyyətin ziyalı elitasının yetişməsində, dövlət təhsil müəssələrinin formalaşmasında əhəmiyyətli rolu olmuşdur.

4-cü növ: formal təhsil

Dövlət təhsil müəssələrinin açılması və formalaşması 1953-ci ildə Şarca əmirliyində "əl-Kasimiyyə" adlı ilk dövlət məktəbinin əsası qoyuldu.

BƏƏ-nin təhsil tarixində ilk dəfə olaraq hər rübün sonunda bütün fənlər üzrə yekun qiymətləndirmə, dərs ilinin sonunda dövlət nümunəli təhsil sənədlərinin şəhadətnamə və attestatların verilməsinə başlanıldı.

Qızlar üçün ilk məktəb isə 1954-cü ildə Şarca əmiri əl-Kasiminin şərəfinə "əl- Kasimiyyə" adı ilə açılıb.

Lakin bu məktəb 1955-ci ildən "Fatimat Zahra" qızlar məktəbi adı ilə adlandırlımışdır. Dərslər digər ərəb ölkələrdən dəvət olunan qadın müəllimələr tərəfindən mütərəqqi təlim üsullarından istifadə olunmaqla tədris olunurdu.

Dubayda qızlar üçün orta məktəb 1961-ci ildə "dubey əl-sanaviyyə" ad ıilə açılıb.

1962-ci ildə ölkənin təhsil tarixində ilk dəfə olaraq formal 3 pilləli təhsil sistemi tətbiq olundu.

1966-cı ildə mərhum Şeyx Zayid bin Sultan əl-Nahiyan Abu-Dabi əmiri təyin olunduqdan sonra əmirlikdə təhsil sahəsində mühüm işlər görüldü.

Məhz həmin ildə Abu-Dabi əmirliyində təhsil departamentliyi yaradılır və bir çox tədris müəssələrinin açılmasına start verilir.

Ötən əsrin altmışıncı illərindən fəaliyyət göstərən hökümət dairələri, eləcə də təhsil şöbələri, dövlət təlim-tərbiyə və təhsil müəssələrinin yaradılmasına və inkişafına xüsusi diqqət ayırırdı. Lakin ölkənin təhsil sisteminin yüksək və dinamik sıçrayışlı inkişafı BƏƏ-nin dövlət müstəqilliyi elan olunduğu gündən 2 dekabr 1971-ci il tarixindən başlayır.

Abu-Dabinin mərhum hakimi şeyx Zayedin hakimiyyətə gəlişi ilə BƏƏ özünün yeni inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoydu. Neft ixracından gələn gəlir səhiyyəyə, təhsilə, milli infrastrukturun inkişafına və xalqın rifah halının yaxşılaşmasına yönəldildi. Şeyx Zayed bin Sultan-əl Nahiyan güclü lider olmaqla yanaşı həm də xalqın sevimlisi idi. "Millət Atası" adlandırılan mərhum Şeyx Zayed bu günümüzədək ölkənin hər bir sadə vətandaşı tərəfindən sevilir və hörmətlə anılır.

Şeyx Zayedin başçılığı ilə yaradılmış yeni hökumətin qərarı ilə müxtəlif dövlət nazirlikləri, eləcə də "Tərbiyə və Təlim" təhsil nazirliyi təsis olundu. Təhsilin inkişafına daima xüsusi diqqət və qayğı ilə yanaşan Şeyx Zayed təhsil sahəsində yeni islahatlarla bağlı fərmanlar verdi, bununla da təhsil özünün yeni inkişaf və modernləşmə dövrünə qədəm qoydu.

Beləliklə, BƏƏ-nin milli təhsil quruculuğunda müstəsna xidmətləri olmuş xeyriyyəçi-mesenatların əməyi sayəsində bütöv bir ziyalılar nəsli təşəkkül tapdı. Xoşbəxt o xalqdır ki, sərvətlərini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibləri olan şəxsiyyətləri var və həmin şəxsiyyətlər üzərlərinə düşən missiyanı uğurla yerinə yetirə bilirlər! Belə müdrik, alicənab və əməlisaleh insanlar tarixdə xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar.

Millət uğrunda ömrünü və milləti yolunda qazancını sərf edənləri millət unutmur!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı