Köhnə kişilərə Allah qəni-qəni rəhmət eləsin! Hamısını yox a, cırtdan cəmiyyətdə nər vücudu, vüqarlı heybəti ilə seçilən kişiləri deyirəm. Şəxsiyyət sarayı biliklə və əxlaqla hörülən insanlar...
Mən o adamlardan ən azı birini görməklə özümü xoşbəxt sayıram. Çünki ateist sovetin qaramatında üzündən işıq heç vaxt əskik olmayan kişilər bir əldəki barmaq sayı qədər idi. Və onları adları ilə tanıyırdılar. Möhür adlar!
Dillər əzbəri idilər. Başı çıxılmazlıq divarına dəyən, məsləhətə ehtiyacı olan, biliyə təşnəsini söndürmək istəyən hər kəs onların hüzuruna üz tutur, ayağına düşürdü.
Heyf o kişilərdən, o ağsaqqallardan!
O dümağ saqqaldakı rəngin öz çaları vardı, məncə. Sözlə izah olunmayacaq bir çalar. Hər kəsin görə bilməyəcəyi boya.
Bu adamların dindarlığı bir yana, əxlaqı və davranışı sözün həqiqi mənasında nümunə, görk idi. Çıxardıqları qərar, verdikləri rəy mübahisəsiz sayılırdı. Etiraz etməyə kimin həddi çatardı ki!? Ən əsası da hansı dəlil, yaxud isbatla?
Qısası, özü-özüylə dəyər, meyar, mizan-tərəzi sayılacaq insanlardı o kişilər!
Modern.az-da təqdim etdiyim bu 3 foto Azərbaycanın rəsmən ateist dönəminə aiddir: minarədən canlı deyilən azan – müəzzin çağırışı, bir ovuc qocanın yığışdığı Təzə Pir məscidi və şeyxülislam Şeyx Möhsün Həkimzadə...
Qısıq azan səsinə yuxusuna haram qatıb sübh çağı namaza duran neçə nəfər vardı o zaman Azərbaycanda? Bilmirəm, vardısa da bir əldəki barmaqların sayı qədər. O da qoca, təqaüdçü, əcəlin ölümədək verdiyi möhlətin nə qədər olduğunu bilməyən bir ovuc adam.
Bakıda rəsmən qapısı açıq iki məscid vardı: Təzə Pir və Əjdər bəy. Ora adamlar qorxa-qorxa gedərdilər.
Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti də qısır idi. Ölkədə savadlı ruhani nə gəzirdi!? Yaxasına sovetin orden və medal taxmış, cibində “Yasin” kitabçası gəzdirən bir ovuc molla vardı. Bir də şeyx.
O kim idi?
1944-cü ildən 54-ə qədər Axund Ağa Əlizadə şeyxülislamlıq etdi. Allah rəhmət eləsin, köhnənin mükəmməl təhsilini almış ruhani-alim idi. Ondan sonra da Axund Şeyx Möhsüm Həkimzadə (fotodakı adam) İdarədə rəhbər oldu. Ta 1966-cı ildə vəfatına qədər. Ondan sonra da şeyxüslamlıq kürsüsü iki il boş qaldı...
...Mən bu adam haqda azacıq axtarış apardım və məlum oldu ki, Həkimzadə Şeyx Möhsüm Şeyx Əli Ağa oğlu 1883-cü ildə Şamaxı şəhərinin İmamlı məhəlləsində anadan olub. İranın Məşhəd, sonra İraqın Nəcəf şəhərində ali ruhani təhsili alıb və 1918-ci ilin qırğınına kimi İmamlı məscidinin axundu olub. O vahiməli günlərdə şəhərdən köç edib Sabirabada pənah gətirir. 1928-ci ildə gecə gəlib Şeyx Möhsünü də həbs edirlər və Bakıdakı “Tağıyev türməsi”ndə (sonralar karamel fabriki) saxlanılır. Həbsdən sonra bir müddət fəhləlik edir və yalnız 40-cı illərdə sovet hökuməti köhnə ruhaniyə öz məsləyini davam etdirməyə icazə verir...
İndi sizə başqa bir ruhani haqda danışım. Danışım deyəndə bu adam haqda çox az bilgim var. Amma onu bircə dəfə görmək xoşbəxtliyi mənə nəsib olub.
Pasport qeydlərinə görə: Qasımov Qulamrza Məhəmmədrza oğlu. 1883-cü ildə Lerik rayonunun Zenoni kəndində anadan olub. 1984-cü ildə 101 yaşında vəfat edib.
Qeyri-rəsmi: ruhani təhsilini 10 il – Xorasanda, 3 il –Nəcəfül-Əşrəfdə, 4 il –Mədinədə alıb. Xorasanda təhsil alarkən gözəl hüsn-xəttə malik olduğu üçün ustadları ona “Qələm” təxəllüsü verib və bu səbəbdən onu “Şeyx Qələm” kimi tanıyıblar.
İctihad dərəcəsinə çatmış azərbaycanlı alimlərdən biri olan Şeyx Qələmi bircə dəfə toyda görmüşəm. 70-ci illərin sonunda. Dümağ saqqalı ilə əhatəsindəki qələbəliyi yarıb keçən o heybətli adamı həmin dövrdə tanımayan yox idi. Haqqında danışılanları bir yerə toplasan dastan alınar.
O dövrdə sovetin rəsmi icazəsi olmadan ruhanilik, yəni tələbə yetişdirir və dini ayinləri icra edirdi. Şeyxi hökumətin təqibindən sığortalamaq üçün deyəsən, adını fəhlə kimi kolxoza yazdırmışdılar. Camaatın xahiş-minnəti ilə. Hörmət-izzətini gözləyən cəmiyyətdə bir para yaramaz adam da vardı. Ara-sıra Şeyx Qələm haqda “yuxarılar”a xəbərçilik edir, hətta “Kirpi” jurnalına da anonim məktublar yazırdılar. Axı zəhmətkeş xalq üçün din tiryək idi... Amma nə qədər qaralmağa çalışsalar da, – Allah mərdimazarın evin yıxsın! – üzündəki işıq heç zaman itməyən o heybətli, vüqarlı alimə atılan çamur şəxsiyyətini əsla kölgələyə bilmədi.
Camaat danışır ki, Şeyxə ən çox sataşan müəllimlər, zootexniklər, aqronomlar idi. Zavallılar! Məclislərdə atmacalarına layiqli cavab da alırdılar. Şeyxin iti biliyi kimi “zəhərli dili” də varmış.
Sözü elə sahibinə elə qaytarırmış ki, həddini aşan xəcalətdən məclisdə yerə girməyə hazır imiş...
Bir dəfə də “savadlı” dostunun yanına, Lerikə yolu düşən bir riyaziyyatçı-alim Şeyx Qələmlə bir avtobusda yanaşı oturur. Söhbət əsnasında 17 illik ali ruhani təhsilə malik müctəhid dünyəvi alimdən bir riyazi düstur barədə soruşur. Heyrətdən çənəsi yerə dəyən riyaziyyatçının dili tutulur...
Şeyx Qələm haqda dastan danışmağa hacət yoxdur. Amma bir hadisə var ki, onu həmyerliləri indinin özündə də dildən-dilə ötürürlər.
Əhvalatın baş verdiyi dəqiq tarix bəlli deyil. Ya 60-cı illərin sonu, ya da 70-ci illərdir. Deyilənə görə, Heydər Əliyev DTK-nın sədri vəzifəsində, ya da Birinci katib olduğu dövrdə Küveytdən (başqa bir iddiaya görə də İraqdan) gələn nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinə baş çəkib. Təzə Pir məscidində partbiletli, pensiya kitabçalı mollalarla üzləşdikdə əcnəbi qonaqların məyusluğunu təsəvvürünüzə gətirin!..
Təcili qərar qəbul olunur və Şeyx Qələm haqda alınmış xəfif bilgidən sonra ucqar dağ rayonuna helikopter (bu sözdən əslində zəhləm gedir, yazıçı Anar ona yaxşı bir qarşılıq tapmışdı – dikuçar) göndərilir. Nəhayət, əcnəbi qonaqların qarşısına ictihad dərəcəsində olan bəlkə də yeganə sağ qalmış ruhani çıxarılır. Sonda onunla söhbətdən küveytlilərin (iraqlıların) gəldiyi nəticə: “Sovet dövlətində belə zəkalı İslam bilicisinin olmasını ağlımıza belə gətirməzdik”.
Bax belə, əzizlərim...
Müstəqil Azərbaycanın, təkcə müstəqil yox, həm də tolerant Azərbaycanın hazırkı mənzərəsinə baxıram. Kimi dindardı, kimi “Allah ürəyimdədi” deyir, kimi küfr edir, kimi... eh!!! Qafqaz Müsəlmanları İdarəsi də həmişəki yerindədi. Orda bu gün kim var, kim yox? Bu da Qazılar və Elmi-Dini Şura üzvləri: ərəb dilçisi Vasim Məmmədəliyev, tarixçi Yaqub Mahmudov, iqtisadçı Ziya Səmədzadə, ədəbiyyatşünas Ayaz Vəfalı....
Saqqal daraqları!!!


