Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qəbul etdiyi qərar, son illər ərzində formalaşmış qərəzli yanaşmalara və ikili standartlara verilmiş prinsipial və qəti cavab kimi çıxış edir. Bu addım təkcə institusional əməkdaşlığın dondurulması deyil, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində milli maraqlarını açıq və sərt şəkildə müdafiə etməsinin növbəti ifadəsidir. Azərbaycanın mövqeyi hər zaman aydın olub: ölkəmiz bütün beynəlxalq təşkilatlara və tərəfdaş dövlətlərə hörmətlə yanaşdığı kimi, eyni hörmət və ədalətli yanaşmanı da qarşı tərəfdən gözləyir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “hər bir beynəlxalq təşkilat və xarici ölkə Azərbaycana hörmətlə yanaşmalıdır, çünki biz onlara hörmətlə yanaşırıq” prinsipi bu gün dövlət siyasətinin əsas xəttini təşkil edir.
"Milli Məclisin qəbul etdiyi qərar da məhz bu yanaşmanın parlament səviyyəsində təsdiqi kimi qiymətləndirilə bilər. Uzun müddətdir ki, Avropa Parlamentinin Azərbaycana münasibətdə balanslı və obyektiv mövqedən uzaqlaşdığı müşahidə olunur. Xüsusilə Ermənistanın işğal siyasəti dövründə beynəlxalq hüququn kobud şəkildə pozulmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının tapdanmasına adekvat reaksiya verilməməsi ciddi suallar doğurur".
O qeyd edib ki, Azərbaycan bu dövrü ikili standartların ən açıq nümunələrindən biri kimi dəyərləndirir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara baxmayaraq, bəzi Avropa institutlarının Azərbaycana qarşı qərəzli yanaşması davam edib.
"Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq hüququn ədalətli şəkildə bərpasını nəzərə almayan qətnamələr, siyasi bəyanatlar və əsassız ittihamlar münasibətləri daha da gərginləşdirib. Bu yanaşma təkcə siyasi qərəz kimi deyil, həm də regionda formalaşmış yeni reallıqların qəbul edilməməsi kimi qiymətləndirilir".
Açıqlamada bildirilib ki, xüsusilə COP29 kimi qlobal əhəmiyyətli tədbir ərəfəsində Azərbaycana qarşı artan tənqid kampaniyası, rəsmi Bakı tərəfindən koordinasiyalı siyasi təzyiq cəhdi kimi dəyərləndirilib:
"Bu isə əməkdaşlıq və dialoq mühitinə zidd olmaqla yanaşı, etimadın tamamilə sarsılmasına gətirib çıxarıb. Belə şəraitdə parlamentlərarası əməkdaşlıq platformalarının mahiyyəti də ciddi şəkildə sual altına düşüb. Dialoq və qarşılıqlı anlaşma üçün nəzərdə tutulmuş bu mexanizmlərin siyasi təzyiq alətinə çevrilməsi Azərbaycan tərəfindən qəbuledilməz hesab olunur. Nəticə etibarilə, əməkdaşlığın davam etdirilməsi real və ədalətli nəticələr vermədiyi üçün Milli Məclis prinsipial mövqe ortaya qoyaraq bu platformalarda iştirakın dayandırılması qərarına gəlib. Qəbul edilən qərar Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılmasını, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dondurulmasını və Avronest Parlament Assambleyasında proseslərin dayandırılmasını əhatə edir. Bu, mahiyyət etibarilə parlament diplomatiyasında ciddi bir dönüş nöqtəsidir və Azərbaycanın öz maraqlarını qorumaqda qətiyyətli olduğunu göstərir. Bununla belə, Azərbaycan tərəfi əməkdaşlıq qapılarını tam bağlamır".
Açıq şəkildə bəyan olunur ki, münasibətlərin normallaşması və bərpası yalnız qarşı tərəfin obyektivliyə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə qayıtması ilə mümkündür:
"Yəni məsuliyyət təkcə Azərbaycanın üzərində deyil, eyni zamanda qarşı tərəfin siyasi iradəsi və davranışından da birbaşa asılıdır. Bu qərar həm də yeni reallığı təsdiqləyir: Azərbaycan artıq beynəlxalq müstəvidə öz mövqeyini daha sərt, daha prinsipial və milli maraqlara tam uyğun şəkildə ifadə edir. Ölkə heç bir xarici təzyiq qarşısında geri çəkilmir və bərabərhüquqlu münasibət tələbini açıq şəkildə ortaya qoyur. Hesab edirem ki, Milli Məclisin bu addımı emosional deyil, tamamilə əsaslandırılmış, siyasi reallıqlara söykənən və dövlət suverenliyinin müdafiəsinə yönəlmiş qərardır. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə yeni mərhələyə keçdiyini və artıq diktə olunan deyil, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər tələb etdiyini açıq şəkildə nümayiş etdirir" - deyə M. Vəliyeva bildirib.