Bu gündən etibarən AzEdu Təhsil Portalı fəaliyyətini genişləndirərək AzEdu Təhsil Platforması kimi fəaliyyət göstərəcək.
Modern.az xəbər verir ki, bu barədə platformanın icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri məlumat verib.
Onun sözlərinə görə, platformanın fəaliyyət proqramı bir neçə əsas istiqamət üzrə formalaşdırılıb. Bu istiqamətlər vahid sistem daxilində birləşərək AzEdu-nun təhsil sahəsində mövqeyini daha da gücləndirməyə xidmət edəcək. Proqramın detalları və platformaya daxil olan mərkəzlər barədə ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək.
AzEdu Təhsil Platforması geniş fəaliyyət imkanlarına malikdir. Buraya peşəkar inkişaf üçün sertifikat proqramları, mentorluq və kouçinq xidmətləri, eləcə də təhsil forumlarının təşkili daxildir. Eyni zamanda müxtəlif təlimlər və vebinarların keçirilməsi də əsas istiqamətlərdən biridir.
Platforma çərçivəsində təqdim olunacaq xidmətlər müəllimlər, abituriyentlər, şagirdlər, valideynlər və tələbələr üçün nəzərdə tutulub. Əsas hədəflər sırasında AzEdu portalının daha da inkişaf etdirilməsi, beynəlxalq təcrübənin paylaşılması və təhsil sahəsində dövlət siyasətinə dəstəyin gücləndirilməsi yer alır.
Həmçinin, AzEdu.az təhsil portalı daxilində də istifadəçilərin maariflənməsi və praktiki bacarıqlarının artırılması üçün yeni imkanlar yaradılacaq. Təhsillə bağlı hər kəs üçün faydalı olacaq yeniliklər mərhələli şəkildə təqdim ediləcək.
Yaxın günlərdə tələbə, məzun və müəllimlər üçün vakansiya və elanlar bölməsi, həmçinin AzEdu Analitik Təhlil Mərkəzi kimi yeni xidmətlər istifadəyə veriləcək.
Qeyd edək ki, platformaya daxil olacaq digər xidmət mərkəzləri və yeniliklər barədə daha ətraflı məlumat ictimaiyyətə ayrıca təqdim olunacaq.
AzEdu Təhsil Platformasının təsisçisi Elşad Eyvazlı, rəhbərlik etdiyi Modern Media Group-dur. Platformanın icraçı direktoru isə Elmin Nuridir.