Modern.az

Azərbaycanda 1400-dən çox yeni abidə aşkar olunub

Azərbaycanda 1400-dən çox yeni abidə aşkar olunub

Ölkə

Bu gün, 12:16

İşğaldan azad olunmuş ərazilərimizdə abidələrin böyük əksəriyyəti müxtəlif səviyyələrdə dağıntı və vandalizmə məruz qalıb. Ümumilikdə 68 abidə tamamilə məhv edilərək yer üzündən silinib və onların izləri belə qalmayıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli deyib. 

O bildirib ki, 114 abidə ciddi dağıntıya məruz qoyulub, digər abidələr isə müxtəlif miqyasda zərər görüb. 

“Ümumilikdə 434 abidəyə dəymiş maddi ziyanın 700 milyon manatdan artıq olduğu hesablanır.

Bununla yanaşı, ilkin siyahıya daxil edilməyən, lakin aparılmış monitorinqlər nəticəsində 212 tarix-memarlıq və arxeoloji əhəmiyyətli obyekt qeydə alınıb. Onlardan 44-ü 2025-ci ildə siyahıya əlavə edilərək mühafizəsi təşkil olunub. Eyni zamanda, siyahıda olan 130-dan çox abidədə monitorinq hələ həyata keçirilməyib ki, bunun da əsas səbəbi ərazilərdə mina təmizləmə prosesinin davam etməsidir”.

F.Hüseynli onu da əlavə edib ki, azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidməti daha fəal iştirak edir:

“Son illər ərzində abidələrin qorunması və ərazi planlaşdırılması ilə bağlı 700 layihəyə rəy verilib. Həmçinin baş planları təsdiq olunan şəhərlə bağlı sənədlərdə abidələrin mühafizəsinin nəzərə alınması üçün müvafiq təkliflər təqdim olunub.

Bundan əlavə, müəyyən layihələrin həyata keçirilməsi üçün Mədəniyyət Nazirliyi ilə razılaşdırma zəruridir. Aparılmış araşdırmalar nəticəsində həm yerli icra hakimiyyətləri tərəfindən, həm də digər ərazilərdə dövlət qeydiyyatına düşməyən 1400-dən çox yeni abidə aşkar edilib və onların siyahıya daxil edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə Nazirlik yanında müxtəlif dövlət qurumlarının təmsil olunduğu ekspert şurası yaradılıb”.

Nazirlik rəsmisi qeyd edib ki, şurasında artıq 4000-dən çox abidə üzrə məlumatlar nəzərdən keçirilib, 761 abidə barədə müvafiq rəylər toplanıb. 2025-ci ildə 51 abidə dövlət siyahısına daxil edilib, 87 abidə üzrə məlumatlar isə dəqiqləşdirilib:

“Abidələrin qorunması və mövcud vəziyyətinin izlənməsi məqsədilə rəqəmsal məlumat bazası da formalaşdırılıb. Son iki il ərzində 3000-dən çox abidə üzrə məlumatlar sistemə daxil edilib”.

O qeyd edib ki, 33 abidənin reyestrə daxil edilməsi istiqamətində işlər aparılır. 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu