İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 32 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında .əhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim olunub. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şəhadətnamələri təqdim edən Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, dini icmaların yenidən qeydiyyata alınması Azərbaycan Respublikasının Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişikliklərə müvafiq olaraq aparılır. Qanuna edilən əlavə və dəyişiklikləri dövrün tələbi kimi qiymətləndirən sədr qeyd edib ki, buna səbəb əvvəllər qeydiyyata alınmış dini icmaların bir çoxunun fəaliyyət göstərməməsi və ya əvvəlki tərkibdən çox az adamın qalması olub.
“Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilənədək ölkəmizdə 534 dini icmanın qeydiyyatdan keçdiyini bildirən H.Orucov qanuna əlavə və dəyişikliklər edildikdən sonra Dövlət Komitəsinə 782 dini icmanın müraciət etdiyini dedi. Müraciət edənlərin 748-i İslam, 34-ü isə qeyri-İslam təmayüllü icmalardır. Artıq 425 dini icma dövlət qeydiyyatına alınıb. Onların 408-i İslam, 17-si isə qeyri-İslam (9-u xristian, 6-sı yəhudi, 1-i krişna və 1-i bəhai) təmayüllüdür. Qeyd edilib ki, qeydiyyata alınan dini icmaların 123-ü ilk dəfə qeydiyyata alınanlardır. Qalan 302 dini icma isə yenidən dövlət qeydiyyatından keçiblər. Dövlət Komitəsinə müraciət edən dini icmalardan 11-nin qeydiyyatından imtina olunub. Buna səbəb həmin icmaların sənədlərində nöqsanların olmasıdır.
Dövlət Komitəsinin sədri Hidayət Orucov yeni qeydiyyata alınan dini icma rəhbərlərinə əhali arasında zərərli dini ideologiyaların yayılmasının qarşısının alınması üçün əsl dini dəyərlərin, İslamın təbliği işini düzgün qurmağı və Azərbaycanın tarixin ən çətin sınaqlarından qətiyyətlə çıxan milli-mənəvi dəyərlərini qorumağı tövsiyə edib: “Bəzi təriqət mənsubları ölkədə dinlərarası, hətta təriqətlərarası münasibətləri pozmağa cəhd edirlər. Müəyyən kiçik dini qruplar din pərdəsi altında siyasiləşməyə meyil edirlər. Bu isə yolverilməzdir. Artıq Azərbaycan cəmiyyəti bu cür dairələrin nəyə xidmət etdiyini yaxşı anlayır və onların zərərli ideologiyalarını qəbul etmir. Bütün inkişaf etmiş demokratik ölkələrdə din dövlətdən ayrıdır və bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. Ölkəmizdə din dövlətdən ona görə ayrıdır ki, din azad olsun, sərbəst olsun, müqəddəsliyini, saflığını qorusun, şəxsi, iqtisadi, yaxud qrup maraqlarına xidmət etməsin. Bu, ən düzgün yoldur, siyasətdir. Ancaq hər bir din adamı, eyni zamanda vətəndaşdır və Vətən qarşısında vəzifələrinin olduğunu unutmamalıdır”. Modern.az