Modern.az

Fərid Şəfiyev: Azad olunmuş ərazilərdə yenidənqurma modeli unikaldır

Fərid Şəfiyev: Azad olunmuş ərazilərdə yenidənqurma modeli unikaldır

Ölkə

Bu gün, 18:06

“Urbisid” anlayışı son illərdə silahlı münaqişələrin tədqiqində daha çox istifadə olunur.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Laçın və Kəlbəcər: urbisiddən münaqişədən sonrakı yenidənqurmaya gedən yol” adlı tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O, qeyd edib ki, urbisid adi şəhər döyüşlərindən fərqlənir və burada məqsəd yalnız hərbi üstünlük qazanmaq deyil, şəhərin özünü, onun mədəni kimliyini və əhali strukturunu məhv etmək olur.

“Şəhər müharibəsi zamanı tərəflər hərbi zərurət səbəbindən bir-birini bombalayır və nəticədə şəhər dağıla bilər. Lakin urbisid zamanı şəhərin qəsdən məhv edilməsi niyyəti olur. Burada məqsəd etnik təmizləmə aparmaq, insanların geri qayıtmasının qarşısını almaq və şəhərin mədəni kimliyini silməkdir”.

O, həmçinin vurğulayıb ki, Qarabağda, xüsusilə Laçın və Kəlbəcərdə baş verənlər məhz urbisid nümunəsi kimi qiymətləndirilə bilər:

“Birinci Qarabağ müharibəsi zamanı bəzi yaşayış məntəqələri hərbi əməliyyatlar zamanı deyil, 1994-cü ildən sonra sistemli şəkildə dağıdılıb. Bu, həmin ərazilərə əhalinin geri dönüşünün qarşısını almaq məqsədi daşıyırdı. Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının gələcək danışıqlarda dəyişdirilməsi nəzərdə tutulurdu. Lakin Laçın və Kəlbəcər Ermənistan üçün xüsusi strateji əhəmiyyət daşıyırdı və onların Ermənistanın əsas hissəsinə birləşdirilməsi planlaşdırılırdı”.

F.Şəfiyev onu da əlavə edib ki, Laçın dəhlizi və Kəlbəcər həm də hərbi təchizat marşrutu kimi istifadə olunurdu:

“2020-ci ildən sonra da Laçın vasitəsilə hərbi yüklərin daşındığına dair məlumatlar var idi. Kəlbəcər də təchizat marşrutlarından biri kimi istifadə edilirdi”.

Urbisid təkcə Qarabağ üçün xarakterik deyil və hazırda Ukrayna, Yaxın Şərq və Afrikadakı münaqişələrdə də oxşar hallara rast gəlinir”.

Şəfiyev eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma modelinin unikal olduğunu da qeyd edib:

“Bu, yalnız bir neçə bina tikmək deyil. Söhbət bütöv icmaların qurulmasından, kommunal xətlərin, enerji infrastrukturlarının yaradılmasından, məşğulluğun təmin edilməsindən gedir. Azərbaycanın yanaşması gələcəkdə Livan, Suriya və Ukrayna kimi münaqişədən zərər çəkmiş ərazilərin bərpasında da faydalı ola bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı