Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınmasından sonra ölkəmizin nümayəndə heyəti qurumun işində iştirakını dayandırıb.
Modern.az xəbər verir ki, bu sözləri politoloq Sahil İsgəndərov bildirib.
Onun sözlərinə görə, bu kontekstdə Bakı Avropa Şurasından (AŞ) tam çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirir. Lakin AŞ-nin Baş katibi Alen Berse bu addımın atılmamasını xahiş edib və vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılmasını istəyib.
"İlham Əliyev Azərbaycanın AŞPA-ya qayıtması üçün ilk növbədə nümayəndə heyətinin səsvermə hüququ bərpa edilməli olduğunu vurğulayıb. Bu müstəvidə onlar qəbul etdikləri ədalətsiz qərardan geri çəkilməli və səhvlərini etiraf etməlidirlər.
Əslində 2001-ci ildə Avropa Şurasına könüllü qoşulan Azərbaycan o dövrdə təşkilatdan Qarabağ məsələsinin həllində dəstək gözləyirdi ki, bu da baş vermədi. İndi isə Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək.
Bununla belə, Azərbaycan toqquşmaya getmək istəmir, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına (AŞPA), o cümlədən Avropa Parlamentini gəldikdə. Hərçənd onlar Azərbaycana xüsusi bir qərəzlə yanaşaraq, əsassız hücumlar təşkil edirlər.
Qeyd edək ki, ölkəmizin AŞPA-da tam iştirak hüququnun qaytarılması barədə mövqeyi Azərbaycanın əsas siyasi platformalarından biri ilə dialoqu etmək istəyini sərgiləyir. Azərbaycan ardıcıl şəkildə əməkdaşlığın bərabərlik, qarşılıqlı hörmət və siyasi motivli qərarların rədd edilməsi prinsiplərinə əsaslanmalı olduğunu vurğulayır.
Çünki Azərbaycanın nümayəndə heyətinin iştirakının məhdudlaşdırılması ümumavropa parlament dialoqu ideyasını sarsıdır və üzv dövlətləri ümumi problemləri müzakirə etməkdə birləşdirmək üçün nəzərdə tutulmuş bir qurum kimi AŞPA-nın effektivliyini azaldır. Azərbaycan bu cür tədbirlərin etimadın qurulmasına töhfə vermədiyini, əkisnə konstruktiv qarşılıqlı əlaqələrə əlavə maneələr yaratdığını diqqətə çatdırır.
Avropadakı müxtəlif dairələrin Azərbaycana qarşı qərəzli siyasəti nəticəsində yaranmış çətin vəziyyətin həlli indi Avropa Şurasının nə dərəcədə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasından asılı olacaq. Tam dialoqun bərpası siyasi gərginliyin azaldılmasına və Azərbaycanla Avropa institutları arasında əməkdaşlığın gücləndirilməsinə kömək edə bilər. Lakin buna nail olmaq üçün Avropa Şurası siyasi iradə, düzgün addımlar və diplomatik məharət nümayiş etdirməlidir".