Azərbaycan daxili qaz təsərrüfatında köklü və genişmiqyaslı islahatlara hazırlaşır. 2027-ci il yanvarın 1-dən etibarən ölkənin qaz sektorunda tamamilə yeni dövr başlayacaq. Hüquqi bazası - "Qaz təchizatı haqqında" yeni Qanun layihəsi və aidiyyəti normativ aktlar artıq hazır olan bu islahatın əsas məqsədi daxili bazarda monopoliyanı ləğv etmək, xidmət keyfiyyətini artırmaq və sektora özəl investisiyaları cəlb etməkdir.
İndiyə qədər qazın hasilatı, nəqli, paylanması və satışı faktiki olaraq tək bir dövlət strukturunun (SOCAR / "Azəriqaz") nəzarətində idi. 2027-ci ildən isə bu funksiyalar tam şəkildə bir-birindən ayrılacaq: hasilatçı yalnız qazı çıxaracaq, nəqledici magistral borulara cavabdeh olacaq, paylayıcı və satıcı isə qazı son istehlakçıya çatdırıb ödənişini toplayacaq.
Özəl şirkətlər və lisenziyalaşdırma
Qazpaylayıcı şəbəkələrin idarə olunması və pərakəndə satış sahəsi özəl şirkətlərin üzünə açılır. Müxtəlif regionlarda qaz təchizatını lisenziya almış müstəqil özəl operatorlar həyata keçirə biləcək ki, bu da sağlam rəqabət mühiti yaradacaq.
2027-ci il yanvarın 1-dən qazın paylanması üçün xüsusi tariflər müəyyənləşdiriləcək. Daha sonra isə müstəqil enerji tənzimləyicisi tərəfindən idarə olunan yeni qiymət mexanizmləri tətbiq olunacaq.
Neft-qaz sektoru üzrə tanınmış ekspert İlham Şaban bildirir ki, cəmiyyətdə qazın əldə olunması ilə bağlı yaranan sadə təsəvvürlər reallıqdan kifayət qədər uzaqdır: “ Azərbaycanın əmtəəlik qazının 98,5%-i dəniz konfessiyalarının payına düşür. Bu qazın da təqribən 80%-i Xəzərin dərin hissəsindən hasil edilir. Bizdə təbii qaz layları əksərən 6–7 kilometr dərinlikdə yerləşir ki, bu da hasilatın maya dəyərini kəskin artırır. Müqayisə üçün: Türkmənistanda cəmi 1000–1500 metr dərinlikdən alov fontan vurur”.
Dövlət daxili tələbatı ödəyə bilirmi?
İlham Şabanın sözlərinə görə, Xəzərin dərin hissəsindən çıxarılan qaz Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) çərçivəsində hasil edilir. Yəni dövlət daxili bazara yalnız özünə çatan pay hesabına qaz yönəldə bilir.
Ancaq daxili bazarın illik tələbatı 13,5 milyard kubmetrdir və dövlətə çatan pay bu ehtiyacı tam qarşılamır: "Bəs dövlət nə edir? Xarici şirkətlərdən (bizdə qaz çıxaranların paylarından) qaz alır. 'Azeri-Çıraq-Günəşli'dən (AÇG) pulsuz alınan 2–2.5 milyard kubmetr mavi yanacaq nəzərə alınmazsa, bu həcm təqribən 5 milyard kubmetr edir. Ona görə də vəziyyət heç də 'qaz vur, qazan doldur' prizmasına bənzəmir".
Ekspert bir çoxlarının unutduğu mühüm bir tarixi faktı da xatırladıb: "Ən başlıcası isə, insanların böyük əksəriyyəti bilmir ki, Azərbaycan müstəqillik illərində 'Şahdəniz' qazı çıxmayınca özünü qazla təmin edən ölkə olmayıb. Elektrik daim fasilələrlə verilib, elektrik stansiyaları əsasən mazutla işləyib, ölkənin yarıdan çoxu isə ümumiyyətlə qazla təmin edilmirdı”.
İlham Şaban bildirir ki, qaz təsərrüfatı fasiləsiz istehsal prosesidir və daim büyük kapital qoyuluşu tələb edir: "Sürülən maşın necə ki, daim qulluq tələb edir, qaz təsərrüfatı da elədir. Gərək bir əlin cari təmirdə, digəri isə kapital təmirlərdə olsun ki, bu sistem işləyə bilsin. Başqa bir tərəfdən isə 'qızıl ortalıq' tapmalısan ki, qazın xərci-borcu tam olaraq vətəndaşın boynuna düşməsin”.
Ekspertin qənaətinə görə, 2027-ci ildən başlanacaq islahatlar məhz həmin "qızıl ortalığı" tapmağa və onilliklər boyu mavi yanacaq təchizatını dayanıqlı etməyə hesablanıb: "Düzdür, indi burdan baxıb hər şeyin tam qaydasında olacağını, yəni nəzəri cəhətdən düşünüldüyü kimi gedəcəyini demək yanlışlıq olardı. Çünki praktiki fəaliyyət heç də həmişə rəvan olmur"./azpolitika.info