Külli miqdarda vergi borcu olan şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Modern.az-ın əldə etdiyi xəbərə görə, ölkədə fəaliyyət göstərən şirkətlərdən birinin dövlət büdcəsi, vergilər və faizlər üzrə ümumilikdə 1 milyon 40 min 701 manat borcu yaranıb.
Borcların ödənilməsi üçün aidiyyəti dövlət qurumu tərəfindən MMC-yə dəfələrlə bildirişlər göndərilib. Amma yenə də borclar ödənilməyib.
Nəticədə dövlət qurumu MMC-yə qarşı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırıb. İddiada borclar tam ödənilənədək MMC-nin 49 yaşlı rəhbərinin Azərbaycanda çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.
Gəncə Kommersiya Məhkəməsi iddianı təmin edib. Qərara əsasən, həmin şirkət rəhbərinin ölkədən çıxışına, qeyd olunan 1 milyon 40 min 701 manat borc ödənilənədək müvəqqəti məhdudiyyət tətbiq edilib.