“Kristal Estetik” klinikasında ali tibb təhsili olmayan şəxsin tibbi prosedur həyata keçirməsi ilə bağlı inzibati tədbirlər görülüb.
Modern.az xəbər verir ki, gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra vətəndaşın səhhətinə zərər vurulması barədə müraciət əsasında Xətai Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı “Kristal Estetik” MMC-nin Aytəkin Musayevanı əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq kimi işə cəlb etdiyi müəyyənləşdirilib.
A.Musayevanın ali tibb təhsilinin olmadığı, həmçinin pasiyentə tətbiq edilən prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı aşkarlanıb.
Faktla bağlı “Kristal Estetik” MMC və klinikanın direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanıb. İşlər baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, “Kristal Estetik” MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsi işə cəlb etdiyinə görə 20 min manat, tibbi təhsili olmayan şəxsi praktik tibb fəaliyyətinə buraxdığına görə isə 6 min manat cərimələnib.
Klinikanın direktoru Roza Əliyevaya da əmək müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərini pozduğuna görə 3 min manat cərimə tətbiq edilib.
Beləliklə, klinika və onun direktoruna ümumilikdə 29 min manat cərimə kəsilib.