Bir müddət əvvəl ÜMİD Partiyasının sədri İqbal Ağazadə "MediaTürk" TV-nin efirində qonaq olarkən diqqətçəkən təkliflə çıxışı edib. O, fahişəliyin leqallaşdırılmalı olduğunu deyib. Partiya sədrinin bu təklifi birmənalı qarşılanmayıb və müzakirə mövzusuna çevrilib.
Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, bu cür təkliflərə heç fikir bildirmək istəmir:
"Azərbaycan müsəlman ölkəsidir. Belə bir şey müzakirə edilib, qanun halına sala bilərmi?! Bu cür təkliflərin içi boşdur. Heç mən bu barədə danışmaq belə istəmirəm".
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, İqbal Ağazadənin təklifi milli dəyərlərlə ziddiyyət təşkil edir:
"Milli dəyərlərimiz var. Son 1400 ildir ki, dəyərlərimizin mühüm hissəsi İslamla bağlıdır. Bəlkə ondan əvvəl də bizim öz millətimizə məxsus dəyərlər olub. İqbal Ağazadə nə üçün belə bir təşəbbüs irəli sürdüyünü əsaslandırmalıdır. Mən isə əks mövqeyimi mentalitetimiz və dəyərlərimizlə əsaslandırıram. Öz dəyərlərimizə uyğun hərəkət etməliyik".
Partiya sədri qeyd edib ki, bəzi Avropa ölkələrində bu sahədə fərqli qanunların qəbul edilməsi həmin cəmiyyətlərin öz dəyərləri ilə bağlıdır:
"Kimsə Avropada qanun qəbul edib fahişəliyi leqallaşdırırsa, bu, onların öz işidir. Çünki onlar öz dəyərlərinə söykənirlər. Amma bizim dəyərlərimizdə belə bir şey yoxdur. Azərbaycanda belə bir qanunun qəbul olunması rüsvayçı və biabırçı olar".
A.Nağının sözlərinə görə, qanunsuz və gizli fəaliyyətlə mübarizə onun leqallaşdırılması yolu ilə aparılmamalıdır:
"Qeyri-qanuni, gizli həyata keçirilən məsələləri üzə çıxarmaq lazımdır deyə bilərlər. Onsuz da gizli fəaliyyət həmişə olacaq. Bunun qarşısını hansısa məsələni leqallaşdırmaqla almaq mümkün deyil. Hesab edirəm ki, bu, Azərbaycan xalqının dəyərlərinin itirilməsi ilə bağlı addım olardı. Bu da çox pis tendensiyadır".
A.Nağı vurğulayıb ki, Azərbaycan öz milli və mənəvi dəyərlərini qoruyub saxlamalıdır:
"Biz öz dəyərlərimizə sadiq qalmalı və onları qoruyub saxlamalıyıq. Dəyərlərimizi qoruyuruqsa, dövlətimizin 5 minillik tarixini də qoruyub saxlayırıq. Kimlərsə həmin dövlətçiliyə və 5 minillik tariximizə xələl gətirib, onu təhrif edirsə, düşünürəm ki, onlar düzgün yolda deyillər".