Bu ildə niyyətimiz çin olmadı. Ağdama yenə gedə bilmədik. İncəvara getmək üçün dəridən-qabıqdan çıxırıq az qala. Alınmır. Siyasəti hərbiyə, hərbini də siyasətə qatırıq. Yenə alınmır.
Yəqin doğma torpaqlara qayıtmağımız nə vaxtsa gerçəkləşər. Ola bilər, qələbə gününü görək. Qələbə sevincinə şərik olaq. Ola da bilər, ruhumuz bizdən qabaq getsin. Dünyanın işini bilmək olmaz. Bəlkə də, tez də gedərik. Nə bilmək olar...
Şəhərimizdə ruhlar dolaşmaqdadır bu gün. O ruhlar ki, vaxtıylə bizi əkib, doğub, böyüdüb və tərbiyyəmizlə məşğul olublar. O ruhlar ki, bəzən bizi əzizləsələr də, təndeh etməyi də unutmayıblar. Sərt hərəkətləri ilə bizi yaxşı ki, ipə-sapa salıblar.
Şəhərimizdə ruhlar dolaşmaqdadır...
Bu gün o şəhərin sakinləri bir yerdədirlər. Yəqin ki, daha bir-birini ajılamır, birinin sözü o birinin boğazından keçir. Mənəm-mənəmlik etmirlər. Təkəbbürləri qeybə çəkilib. Bir-birilərini yola verməyi öyrəniblər. Yəqin onlarda inanırlar. İnanırlar ki, vərəsələri nə vaxtsa onların könlünü alacaq, elə üz qoyduqları torpaqdaca onlara yasin oxudacaq, qəbirüstünü təmizləyəcək, özləri üçün yer salacaqlar...
***

“Ruhlar şəhərinin sakinləri” filmində “dolaşan” fikirlər məni çox - çox uzaqlara aparır. Özümü sanki bir anlıq Ağdamda hiss edirəm...
Yeni avtovağzalda düşüb taksi axtarıram. “Əlli nömrəliyə ” tərəf gəlib nəhayət taksi saxladıram. Qiyməti razılaşıram. “Ətyeməzli “körpüsündən keçib, uşaq “bolnitsası”nın yanından üzü “passaja” tərəf gedirəm. Şənbə günü olduğundan sıxlıq var. “Gətircilər” mallarını elə bazara girməmiş satırlar. “Bir nömrəlinin ” yanından keçib qastronomun yanında düşürəm. Üzbəüz “Tağının kitab mağazası”na dəyib maarifə getməyi düşünürəm...
Amma filmdə qəbirstanlıq görüntüsü məni “Qastronimun” qarşısından “Qaraağacıya” aparır. Girişdə möhtəşəm “Xan çinar” həmişə diqqətimi çəkirdi. Sol tərəfdəki heykəllər öz monumentallığı ilə seçilirdi. Bütün ağdamlılar yaxşı bilirdilər ki, o heykəl sahiblərinin şəhərin inkişafına böyük rolu olmuşdu. Amma indi o heykəldən əsər-əlamət qalmasa da, o şəxslərin ruhları oralardadır. Və daim ermənilərə əzab verir. Elə qəbristanlıq əhlinin ruhları ermənilərə əzab verdiklərindəndir ki, şəhərə məskunlaşa bilmirlər...
Beləliklə, qulağıma yenidən Azad Şükürovun səsi gəlir. Onun kövrək notlara söykənən səsində sanki bir çağırış, hayqırtı səslərini eşirdirəm. Hamını səbrli olmağa, vaxtiylə əlimizdə olanlarımızı unutmamağa səsləyir. Kadr arxasında səslənən Şahmalı Kürdoğlunun, Səxavət Məmmədovun ecazkar səsləri hamının diqqətini özünə cəlb edir.
Kadrlarda daha çox “Qarahacı” qəbirstanlığı, “İmarət”, Ugurlubəyin qəbrləri görünür və təkralanır. Fimdə azda olsa şəhərin canlı günlərinə də yer verilib. Yaşlı insanların və gənclərin torpaq sevgisi, vətən sevgisi obrazlarla yaxşı verilib.
Müəlliflərin ideyası başa düşüləndir və yaddaqalandır...
***
Sənədli filmlər sırasında inanıram ki, millət vəkil Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” sənədli filminin öz yeri olacaq.
Hər birimiz bu gün yaxın tarixin iştirakçısı və şahidləriyik. Bu gün o tarixin yazıya, sənədli filmə yazılaraq yaddaşlara köçürülməsinə ehtiyac var.
“Ruhlar şəhərinin sakinləri” sənədli filmi də məhz bu boşluğu doldurmaq üçün gəncləri indidən qayıdışa hazırlamaq məqsədiylə çəkilib və uğurlu alınıb...
Layihə müəlliflərinə Qarabağlı , Ağdamlı günlər arzusuyla...