
İyulun 22-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuatkonfransı keçirilib.
Modern.az saytı xəbər verir ki, tədbirdə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat verib.
K.Əliyev bildirib ki, cari ilin I yarımili ərzində Baş İdarə tərəfindən vətəndaşların 5150 müraciətinə baxılıb, həmçinin 95 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 65-i (68%) üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək, zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olub, həmin müraciətlərin 12-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanıb.
2015-ci ilin I yarımili ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31, 8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə aparıldığından Baş İdarənin Mütəxəssis təhlilləri şöbəsinin əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstərib.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.
Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmiş, 53 şəxs barəsində müvafiq intizam tədbirlərinin görülməsi təmin edilib.
Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək bildirib ki, cari ilin birinci yarımili ərzində Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini verib, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb. Hesabat dövrü ərzində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən “Korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb. Bundan başqa, korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində“ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Mətbuat konfransında bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyayaqarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcək.
Gülşən RAUFQIZI