Modern.az

“Kasıblaşmışıq” ifadəsi ciddi etiraz doğurdu

“Kasıblaşmışıq” ifadəsi ciddi etiraz doğurdu

Ölkə

18 Avqust 2015, 09:39

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda dövlətin və əhalinin kasıblaşması dövrünün başladığını bəyan edib. Ekspert bunu rəsmi rəqəmlərlə əsaslandırıb.

Mütəxəssis Azərbaycanın hazırkı iqtisadi və sosial durumunu xarakterizə etmək üçün ölkədə populyar olan sahələrə diqqət çəkib:

“Neftin ixracatı ölkənin iqtisadi durumunu, minik avtomobillərinin idxalı isə xalqın güzəranını qiymətləndirmək üçün istifadə oluna bilər.

Dövlət Gömrük Komitəsinin 2015-ci ilin 7 ayı ərzində Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasından məlum olur ki, bu ilin 7 ayında Azərbaycandan 6 milyard 485 milyon ABŞ dolları məbləğində təbii qaz, xam neft və neft məhsulları ixrac olunub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə xaricə satılan təbii qaz, xam neft və neft məhsulları 12 milyard 298 milyon ABŞ dolları təşkil edirdi.

Bu rəqəmləri müqayisə edəndə məlum olur ki, Azərbaycanın təbii qaz, xam neft və neft məhsulları ixracatı ötən ilə nisbətən 47,3 faiz və ya 5 milyard 813 milyon dollar azalıb.

İdxal göstəricilərinə nəzər salanda görürük ki, bu ilin 7 ayında ölkəyə gətirilən minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə azalaraq 17 345 ədəd təşkil edib. Hər birimizə yaxşı məlum olan hər iki məhsulun idxal və ixracatında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək azalma qeydə alınıb. Bu tendensiya onu təsdiq edir ki, ölkədə iqtisadi və sosial durum pisləşib.

Bir tərəfdə neft-qaz qiymətlərinin ucuzlaşmasına görə ölkənin itirdiklərini digər maliyyə qaynaqları ilə əvəz edə bilməyən dövlət kasıblaşır, digər tərəfdə isə qazandığını daha çox yeyinti və əczaçılıq məhsullarına xərcləyən əhali müflisləşir”.


Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına Qubad İbadoğlunun dedikləri ilə razılaşmadığını qeyd edib: “Azərbaycandakı mövcud statistik rəqəmlər dövlətin və əhalinin kasıblaşmasından xəbər vermir. İqtisadiyyatda kasıblaşma termininin öz tərifi var”.

Parlament üzvü əsas olaraq ötən illərlə müqayisədə orta əmək haqqı, orta aylıq pensiya, minimum əmək haqqının, yaşayış minimumunun heç də aşağı düşmədiyini deyib: “Əksinə ötən illərlə müqayisədə bir az da qalxıb.

Çox güman ki, növbəti ildə büdcə təsdiqi zamanı bunun aşağı düşməsinin deyil, artımının şahidi olacağıq. Məşğulluq səviyyəsinin artması, işsizliyin aradan qaldırılması, ehtiyacı olan insanlara sosial yardımlar və müavinətlərin verilməsi artan xətlə davam edir. Bu üzdən hər hansı kasıblaşmadan söhbət gedə bilməz”.

M.Quliyev bu qənaətdədir ki, iqtisadçılar neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası, müəyyən inflyasiya faizlərinin artmasından çıxış edərək sözün konkret mənasında deyil, obrazlı şəkildə “Azərbaycan dövlətinin və əhalisinin kasıblaşdığını” deyirlər.

O hesab edir ki, bu ifadənin nə iqtisadi siyasətə, nə də ciddi elmi anlayışa aidiyyatı yoxdur:

“Hazırda bütün dünyada iqtisadi və maliyyə gərginliyi hiss olunur. Bu da təkcə neftin qiymətinin aşağı düşməsilə bağlı deyil. Bir çox siyasi, geostrateji, hərbi problemlər mövcuddur.

Rusiya və Qərb dövlətləri arasındakı münaqişələr, Ərəb ölkələrində qeyri-sabitliyin hökm sürməsi, Çin iqtisadiyyatında müəyyən gərginliyin yaranması təkcə Azərbaycana deyil, bütün dünyaya mənfi təsirini göstərir. Azərbaycanda iqtisadiyyatın balanslaşdırılmış, şaxələndirilmiş inkişafı həyata keçirildiyindən biz bu təbədüllat və gərginliklərdən yəqin ki, çox az ziyanla çıxacağıq”.

Komitə rəsmisi 2008-ci il dünya maliyyə böhranını da xatırladıb: “Həmin il baş verənlərlə bağlı Azərbycanda hər hansı gərginlik hiss olunmadı. Bu gün bütün dünyanın böhran ərəfəsində olduğu vaxtda hesab edirəm ki, Azərbaycan prezidentinin apardığı düşünülmüş, balanslaşdırılmış, iqtisadi, daxili və xarici siyasət nəticəsində yenə də Azərbaycan xalqı dünyada gedən gərgin maliyyə-iqtisadi proseslərdən zərər çəkməyəcək”.

M.Quliyev iqtisadçı Qubad İbadoğlunun “Azərbaycanda idxal və ixrac iki dəfə azalıb” açıqlamasını əsassız adlandırıb: “İqtisadçının apardığı hesablamalar Azərbaycan hökuməti üçün göstərici deyil. Azərbaycanın Dövlət Statistika Komitəsi var. Komitə hər kvartalda, hər yarımildə, həmçinin ilin sonunda Azərbaycandakı iqtisadi proseslərin statistikasını açıqlayır.

M.Quliyevin “Statistika Komitəsi Azərbaycana avtomobil idxalında və satışında azalma olduğunu açıqlayıb. Bu alıcılıq qabiliyyətinin aşağı düşməsi deyilmi?” sualına cavabı isə belə olub: “Müəyyən məsələlərdə azalmalar var. Bu azalma Azərbaycana gətirilən köhnə avtomobillərin hesabınadır.

Başqa səbəbi yoxdur. Azərbaycan “Avro- 4”, “Avro-5” standartlarına qoşulub. Qoyulan tələbata uyğun olaraq ölkəyə gətirilən avtomobillərin kəmiyyət olaraq çox olması deyil, standartlara uyğun olması maraqlıdır.

Qanunvericilik də bunu tələb edir”. Deputat öz müşahidələrinə əsasən də əhalinin kasıblaşmadığını deyib: “Bu gün Azərbaycan vətəndaşının istirahət üçün getdiyi yerlərə, istehlak üçün aldığı zəruri malların siyahısına baxın. Bu siyahıya nəzər salanda hansısa kasıblaşmadan söhbət getmir.

Çin kimi nəhəng dövlət də öz milli valyutasının qiymətini aşağı saldı. Hazırda bütün dünyada məzənnə müharibəsi gedir. Bu müharibələr fonunda Amerika Birləşmiş Ştatlarının da öz valyutasını dəyərsizləşdirməsi gözlənilir. Bu iqtisadi prosesdir. Bundan xof yaratmaq, hazırlıqlı olmayan insanları narahat etmək yaxşı addım deyil. Bunun əvəzində onları məlumatlandırmaq gərəklidir”.  

Gülşən RAUFQIZI


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı