
Transgen və ya genetik modifikasiya olunmuş orqanizmlər (GMO) müasir biotexnologiya üsulu ilə heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi deməkdir. Alimlərin araşdırmasına görə, siçovullara bir müddət GMO məhsulu yedizdirilməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb.
Mədə və qaraciyərin ölçüləri kiçilərək, funksiyaları zəifləyib. Onların ümumi çəkisi və beyinlərinin çəkisi azalıb. Yeni doğulan balalarının ölüm faizi artıb. Həm analarda, həm də balalarda aqressivlik yüksəlib. Hətta onlar bir-birini yeməyə də başlayıblar. Siçovullar öz morfologiya və biokimyalarına görə insana çox oxşar olduqlarından, laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur.
Transgen məhsullarla qidalanan bəzi ölkələrin əhalisində piylənmə prosesinin getdiyi müşahidə edilib. Araşdırmalara görə, piylənmə prosesi ilə həmin ölkələrdə GMO məhsulların geniş yayılmasının birbaşa əlaqəsi var. Çünki bu ölkələrdə ət yeməkləri üçün istifadə edilən qida əlavələri transgen məhsullardan hazırlanıb. Transgen məhsullar maddələr mübadiləsinin pozulmasına və piylənmə prosesinin getməsinə səbəb olur.Məsələ ondadır ki, təmiz ekoloji məhsulların araşdırılması nəticəsində məlum olub ki, çox yeməkdən kökələn şəxslər pəhriz, idman vasitəsilə arıqlaya bilirlər. Lakin transgen məhsullarla qidalanan əhalinin piylənməsinin qarşısını almaq demək olar mümkün deyil. Transgen məhsullar bütün planetdə sürətlə yayıldığından, demək olar ki, elə bir insan tapmaq mümkün deyil ki, GMO tərkibli məhsullar yemədiyini iddia etsin.
Transgen məhsulların canlı orqanizmlərə, o cümlədən insanların sağlamlığına göstərdiyi təhlükəli təsirin dərəcəsi hələ tam öyrənilməyib.
Genetik modifikasiya olunmuş məhsulların orqanizmə təsiri uzun illər davam edə bilər. Ona görə də belə təsirin müayinə edilməsi çətinlik törədir. GMO-lu məhsullarla bağlı alimlərin gəldiyi nəticə belədir ki, transgen mənşəli qida məhsullarının insana mənfi təsir göstərməyəcəyinə və qarşısıalınmaz mutasiyalara gətirməyəcəyinə tam əminlik yoxdur.
Respublikanın baş onkoloqu Azad Kərimli Modern.az-a açıqlamasında bildirib ki, GMO-ların insan orqanizmində hansı xəstəliklər yaratması barədə konkret elmi araşdırma yoxdur. “Bizim əlimizdə elmi əsas yoxdur ki, GMO insan orqanizmində hansı xəstəliklər yaradır və bunu uzlaşdırıb cavab verək.
Ola bilər ki, hər hansı xəstəliyin meydana gəlməsində böyük rol oynasın, Amma konkret hansısa xəstəliyi yaratmasını heç kəs deyə bilməz. Bəlkə hansısa ölkədə elmi araşdırma aparılıb, onlarda laboratoriya analizlərinin nəticələri var, amma mən belə bir şey oxumamışam. GMO məhsullarının insan oqranizminə mənfi təsiri olduğunu bilirəm.
Ən qorxulu xəstəlik xərçəngdirsə, heç kəsin əlində zəmanət yoxdur və heç kəsin göstərişi də yoxdur ki, bu xəstəliyin yaranmasında GMO-lu məhsullar rol oynamasın”.
Aytən ZƏHRA