Təhsil Nazirliyinin qızıl və gümüş medalla təltif etdiyi 152 nəfərdən 12-si Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi ali məktəblərdə qəbul imtahanlarında iştirak etməyib.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a bildirib ki, 131 nəfər qızıl medalçıdan 7-i, 21 gümüş medalçılardan 5-i qeydiyyatdan keçsə də, qəbul imtahanlarında iştirak etməyiblər. Onun sözlərinə görə, qızıl medalçılardan yalnız 3-ü 700 bal toplayıb:
“Qızıl medalçılar arasında ən aşağı nəticə göstərən 533 bal toplayıb. Gümüş medalçılar arasında isə ən aşağı nəticə 571 bal toplayan olub.
Gümüş medalçılar arasında isə 700 bal toplayan olmayıb”. Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib.
Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir.
Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır
Aytən ZƏHRA