Modern.az

Qarabağdan seçilən deputatlardan narazılıq var

Qarabağdan seçilən deputatlardan narazılıq var

Ölkə

20 Avqust 2015, 15:47

Dördüncü çağırış Milli Məclis artıq öz işini yükunlaşdırmaq üzrədir. Bu müddət ərzində deputatlar tərəfindən istər Azərbaycan daxilində, istərsə də xaricdə xeyli işlər görülüb. Azərbaycanın tanıdılmasında, Qarabağ probleminin qaldırılması və işıqlandırılmasında beynəlxalq müstəvidə bir sıra deputatlarımız tərəfindən tədbirlər həyata keçirilib.

Bu kimi işləri isə Qarabağ bölgəsindən seçilən deputatlardan daha çox Azərbaycanın başqa bölgələrindən seçilən deputatların fəaliyyətində nəzərə çarpıb.

Düzdür, bununla onu demək istəmirik ki, Qarbağ məsələsi ilə bağlı yalnız işğal olunmuş rayonlardan seçilən deputatlar məşğul olmalıdırlar. Ancaq onlar bu məsələ ilə daha çox məşğul olmalıdırlar.  

Modern.az məsələ ilə bağlı müxtəlif sahələrin adamlarından  münasibət öyrənməyə çalışıb.  

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı hesab edir ki, işğal olunmuş rayonların deputatları hər an bu işlə məşğul olmalıdır. “Düzdür, Qarabağ problemi təkcə qarabağlıların deyil. Ona görə də “Bununla yalnız onlar məşğul olmalıdır” fikrini qəbul etmirəm.

Qarabağ bütövlükdə Azərbaycanın problemidir və Azərbaycan Prezidenti demək olar ki, hər an bu işlə məşğul olur. Hər bir Azərbaycan vətəndaşı bu məsələdə ölkə başçısına əməli dəstək olmalıdır. Azərbaycan hər bir bölgəsinin, istər Şirvan, Şəki Naxçıvan olsun, istərsə digər yerlərin insanları üçün Qarabağ əzizdir. Burada söhbət Azərbaycanın ərazi bütövlüyünün pozulmasından gedir. Ona görə də Qarabağ problemi ilə yalnız qarabağlı deputatların məşğul olması fikri ilə razı deyiləm”.  

Elşad Eyvazlı onu da əlavə edib ki, Qarabağ məsələsi digər bölgələrin millət vəkilləri ilə müqayisədə qarabağlı deputatların həyat tərzinə çevrilməli idi.

“İnciməsinlər, Qarabağdan seçilən millət vəkillərinin fəaliyyətində bunu istədiyimiz, arzu etdiyimiz şəkildə görmədik. Yalnız Milli Məclisin sədr müavini, Füzulidən olan deputat Bahar Muradova bu sahədə aktivlik nümayiş etdirir.

Əgər firkrimə qarşıdırlarsa, mən bunu qəbul edəcəm, sadəcə gördükləri işləri göstərsinlər. Bununla onların fəaliyyətinə kölgə salmaq fikrindən uzağam. Sadəcə, onlardan gözləntilər daha çoxdur.

Çox istərdim ki, bundan sonra parlamentdə Qarabağı, işğal olunmuş Azərbaycan torpalqarını təmsil edəcək millət vəkilləri daha fəal olsunlar. Digər bölgələrdən seçiləən millət vəkilləri onların işini görüb bu yöndə daha fəal olsunlar.  Görülən işlər göz qabağındadır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası dünya çapında böyük rezonans doğurub. Dünya ölkələri bu kampaniyadan sonra Xocalı soyqırımını qəbul edirlər. İş budur”.  

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağla bağlı hər şeyi diqqətlə izlədiklərini, o cümlədən deputatların fəaliyyətini nəzərdə saxladıqlarını qeyd edib. Onun sözlərinə görə, bəzi deputatlar Qarabağla bağlı vaxtaşırı çox mühüm məsələlər qaldırılar, təkliflər verirlər, amma Qarabağdan olan deputatlar bu müstəvidə az görünür.

“Bunun səbəbini isə mən də bilmirəm. Qarabağdan olmayan deputatlar tutaq ki, Fuad Muradov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Qənirə Paşayeva, Elxan Süleymanov, Azay Quliyev-bunlar həddindən artıq fəallıq göstərirlər, Qarabağla bağlı istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda müxtəlif səviyyələrdə iş görməyə çalışırlar. Hərdənbir Aqil Abbasla birgə iş görmək olur və ya onun özü Qarabağla bağlı nəsə təşəbbüs edir. Yerdə qalanları isə sükut içərisindədirlər”.  

A.Nağı bildirib ki, növbəti parlament seçkiləri ərəfəsində işğal olunmuş bölgələrimizin seçiciləri öz deputatlarının bu cür fəaliyyətinə qiymət verib, heç olmazsa onlar yenidən deputatlığa iddia etsələr seçməsinlər. “Hesab edirəm ki, heç onların yenidən seçilməklə bağlı iddiaya mənəvi haqları çatmır”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov də Qarabağdan seçilən millət vəkillərinin passiv fəaliyyətinin şahidi olduğunu deyir. O qeyd edib ki, nəyinki Qarabağın işğalı ilə bağlı beynəlxalq arenada fikir söyləmələri, Qarabağ problemlərinin həlli ilə bağlı açıqlamalarında, hətta onların seçildiyi dairələrdən, bölgələrdən insanlarla görüşlərində belə çox passivlik göstərirlər.  

“Ağdamı misal çəkə bilərəm. Özüm Ağdamdanam, burada olan millət vəkillərindən ümumiyyətlə aktivlik gömərdim, tək ara-sıra müəyən Kültəvi İnformasiya Vasitələrində, məsələn bizim millət vəkillərindən biri hökümət qəzetinin baş reaktorudur, onun müəyyən açıqlamaları, müəyyən söz-söhbətlərindən başqa heç bir aktivliyini görmədim.

Qarabağdan döyüşüb əlil, şikəst olan insanlar var ki, çox ağır durumda xəstəxanalara yerləşdirilir, müalicə problemi yaranır, onunla bağlı əlaqə saxlanıldıqda gəlib baş çəkmirlər.

Amma başqa millət vəkilləri- Azay Quliyev, Qənirə Paşayeva, İqbal Ağazadə mütəmadi əlaqələr saxlayır, baş çəkirlər, yardım edirlər. İşğal olunmuş rayonlardan seçilən millət vəkillərinin passivliyi bilmirəm nədəndir. Necə ola bilər ki, insanlar sizə səs verə, etimad göstərə, oradan millət vəkili seçiləsiniz, siz də belə passiv olasınız.

Üstəlik, hər il də eyni yerdən gəlişi gözəl cümlələrlə vədlər verib millət vəkili seçiləsiniz, sonra da həmin vədlərə xilaf çıxasınız. Düşünürəm ki, buna son qoyulmalıdır.

Bu dəfə insanlar öz seçimlərində doğru-dürüst addım atmalıdır. Onların Qarabağ probleminin həlli ilə bağlı aktivlik göstərmədiyinə görə, seçiciləri ilə görüşlərdə mütəmadi işləmədikləri və onların problemləri ilə maaqlanmadıqlarına görə gərək seçicilər bir daha fikirləşsinlər və başqa millət vəkili seçsinlər”.

Aytən ZƏHRA  


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı