Modern.az

Bakıda qəbr yerlərini ucuzlaşdırmağın yolu tapıldı: MEYİTLƏR YANDIRILSIN

Bakıda qəbr yerlərini ucuzlaşdırmağın yolu tapıldı: MEYİTLƏR YANDIRILSIN

Ölkə

24 Avqust 2015, 14:34

 

Bahalaşmanın böyük sürət aldığı bu dövrdə Azərbaycanda ölmək də bahalaşıb. Dəfn xərci və qəbir yeri qiymətlərinin həddən artıq bahalığını düşünəndə adamın heç Bakıda ölməyi gəlmir.

Amma nə edəsən ki, hamının Allah qatında müəyyən olunmuş bir zamanı var. Zamanın tamamdırsa, şələ-küləni yığmadan köçürsən o biri dünyaya ...

Haqqında mütləq məlumatın olmadığı o biri dünyaya “giriş” isə Azərbaycan reallığında həddən artıq yüksək, Bakıda fantastik dərəcədədir. Əhalinin maddi imkanlarına münasib deyil.

Təsəvvür edirsinizmi, Bakının mərkəzindəki qəbiristanlıqlarda qəbir yeri neçəyədir? Söhbət on minlərdən gedir...

Üstəlik, Azərbaycanda bu sahə də bütün digər sahələr kimi  monopoliyaya alınaraq müəyyən oliqarxların gəlir yerinə çevrilib. Bəlkə də bu bahalıqdan təngə gələn bir qrup insan vəfat etmiş şəxslərin cəsədinin yandırılmasını təklif edirlər. Hətta ASDP sədri Araz Əlizadə kimilər də öldükdən sonra yandırılmasını və külündən gübrə kimi istifadə edilməsini arzulayır.

Onu da qeyd edək ki, indi dünyanın böyük şəhərlərində məsələdən çıxış yolu kimi belə addım atılır.

Bəs, Bakıda bunu tətbiq etmək olarmı? 

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin imam camaatı Hacı Şahin Həsənli Modern.az saytına deyib ki, islam dini ölmüş insanın cəsədinin yandırılmasına icazə vermir: “Azərbaycan xalqının böyük çoxluğu müsəlmandır. Buna görə də dünyadan köçmüş insanları islam qayda-qanunlarına uyğun şəkildə dəfn edirlər. Dinimizdə cəsədin yandırılması yolverilməzdir”.

İlahiyyatçı deyir ki, bu insanın cəsədinə hörmətsizlik kimi dəyərləndirilir: “Müsəlman şəxs dünyadan köçən zaman bir neçə şəriət qaydalarının yerinə yetirilməsi vacibdir. Bu, dünyadan köçmüş insana meyit qüsulunun verilməsi, kəfənə bükülməsi və insanın torpaq altında, üzü qibləyə dəfn olunmasıdır.

Bu qaydalar dinimiz tərəfindən buyurulub və ona əməl edilməsi vacibdir. Müsəlman olaraq cəsədin yandırılmasına razı ola bilmərik”. Ekspertlər isə hesab edirlər ki, Bakıda qəbr yerlərinin bahalığını nəzərə alıb vəfat edənlərin cəsədlərinin yandırılması çıxış yolu kimi ən optimal variantdır. Çünki din xadimləri qəbr yerlərinin fantastik qiymətinin normal hala salınması üçün heç bir addım atmır.

Ümumiyyətlə, bu məsələ kimsəni maraqlandırmırsa, bundan başqa çıxış yolu yoxdur.

Gülşən RAUFQIZI


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı