Modern.az

“QİÇS-li xəstələr nikaha daxil ola bilərlər”

“QİÇS-li xəstələr nikaha daxil ola bilərlər”

Ölkə

28 Avqust 2015, 12:51


İyulun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyənlərdən müvafiq icra hakimiyyətlərinə digər lazımi sənədlərlə yanaşı, tibbi arayış da tələb edilir. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin tarixdən indiyə qədər 33 412 nəfər tibbi müayinədən keçib. Onların bəzilərində QİÇS, sifilis və talassemiya xəstəlikləri aşkarlanıb. “Nikah haqqında” qanunun qəbulu ölkədə yayılmaqda olan QİÇS, hemofiliya və talassemiya kimi təhlükəli, genetik  xəstəliklərin qarşısını almağa yönəlsə də, bu xəstəlik daşıyıcılarının nikaha daxil olmaqdan imtina etmədiklərini görürük.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına deyib ki, bu normaldır: “Bizim qəbul etdiyimiz qanun xəstəlik səbəbindən insanların nikaha daxil olmasını qadağan etmir, bu, şəxslərin ixtiyarına verilir. Bu tədbirin üstün cəhəti xəstəlikləri barədə tərəflərin məlumatlı olmasıdır.

Bu halda ailə qurmağa hazırlaşan cütlük nikaha daxil olmaqdan imtina etməsə də, şəxslər hansı xəstəlik daşıyıcısı olduğunu bilir, bu yöndə müalicə alır. Bu insanların sağlamlıq vəziyyətinin özlərinə və bir-birilərinə məlum olmasını, gələcəkdə sağlam uşaq doğulması ehtiva edən qanundur. Mən hətta xəstəliyi olan və nikaha daxil olmaqdan imtina etməyən Azərbaycan gənclərini alqışlayıram.

Görünür, sevgi üstündə qurulan nikahlardır ki, xəstəliyə də üstün gəlib”. Musa Quliyevin fikrincə, əslində xəstəlik aşkarlanan şəxslər müalicə üçün bir müddət nikahlarını təxirə salsalar, daha yaxşı olar: “Gələcəkdə belə hallar olarsa, nikahı bir müddət ertələmək və ya müəyyən qoruyucu tədbirlər həyata keçirməklə yarana biləcək problemin qarşısını ala bilərlər”. Parlament üzvü “QİÇS kimi təhlükəli xəstəlik daşıyıcısının nikaha daxil olması doğrudurmu” sualına cavab olaraq deyib ki, bu, onların seçimidir: “Şəxs bunu gizlətmirsə və qarşı tərəf də bunu qəbul edirsə, bu, normaldır.

Qanunda qeyd edilir ki, xəstəlik daşıyıcısı tərəf müqabilini məlumatlandırmadığı təqdirdə cinayət məsuliyyəti daşıyır. Bu insanların seçimidir. Heç kimin xəstəliyə görə insanları diskriminasiyaya qoymağa haqqı yoxdur”.

Prezident İlham Əliyevin Ailə Məcəlləsində etdiyi dəyişikliyə əsasən, 2015-ci il yanvarın 1-dən qüvvəyə minən qanunla nikaha daxil olmaq istəyənlər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər Bunun nəticəsində nikaha daxil olmaq istəyənlərə tibbi müayinədən keçdiklərinə dair arayış verilir.

Qanunla  nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

Nikaha daxil olmaq istəyənlərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir, amma həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.

Nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyənlərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı