Azərbaycanda noyabrın ayının 1-də keçiriləcək növbəti parlament seçkilərində deputat mandatı əldə etmək üçün namizədliklərini irəli sürəcək şəxslər arasında müxtəlif təbəqələrin nümayəndələri var.
Modern.az saytı Azərbaycanın Milli Qəhrəmanlarından parlament seçkilərində namizədliklərini irəli sürüb-sürməyəcəkləri, eyni zamanda indiki deputatların fəaliyyətindən nə dərəcədə razı qaldıqlarını soruşub.

Maşallah Abdullayev deyib ki, parlament seçkilərində namizədliyini irəli sürmək niyyəti yoxdur: “Bu da onunla bağlıdır ki, ümumiyyətlə, cəmiyyətdə bizim kimi insanları bu yöndə istiqamətləndirənlər olduqca azdır.
İndiki deputatların fəaliyyətinə gəldikdə, əksəriyyəti məni qane etmir, düşünürəm ki, bu, sadəcə formal xarakter daşıyır. Deputatların yalnızca adı var, özlərini isə görə bilmirik”.

Fariz Qəhrəmanlının sözlərinə görə, namizədliyini hərbçi olduğu üçün irəli sürə bilməz: “Deputatların fəaliyyəti məsələsi ilə bağlı, sadəcə onu deyə bilərəm ki, özüm hərbi qulluqçuyam və işimlə əlaqədar deputatların fəaliyyətini yaxından izləmək imkanım olmur”.

Sahil Məmmədov də seçkilərdə namizədliyini irəli sürməyi düşünmür: “Deputatların hazırkı fəaliyyəti isə məni qane etmir”.

Vahid Quliyev parlament seçkilərində namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürməyi düşünür: “İnsanların bu addımımı nə dərəcədə dəstəkləyəcəyini isə söyləmək bir qədər çətin məsələdir.
Milli Məclisin deputatlarının fəaliyyətini necə qiymətləndirmək məsələsinə gəldikdə, düzü fəaliyyətlərindən heç də məmnun deyiləm. Bəzi deputatlar, sadəcə, mandat almaqla işlərini bitmiş hesab edirlər. Heç bir müzakirədə iştirak etmir, məsələ ilə bağlı təklif irəli sürmür, sadəcə, formal olaraq deputat statusunu daşıyır. Bəzən eyni dairələrdən eyni insanların namizədliklərini irəli sürdüyünün şahidi oluruq. Ona görə də namizədliyimi irəli sürüb müharibə veteranları, şəhid ailələri, eyni zamanda sağ, yaxud şəhid olan Milli Qəhrəmanların hüquqlarını müdafiə etməyi düşünürəm. Bəziləri namizədliklərini irəli sürdükləri zaman müxtəlif vədlər verir, seçildikdən sonra isə verdikləri vədlər haqqında düşünmür, tamamilə dəyişirlər. Yalnız şəxsi mənafeləri üçün çalışırlar”.
Məhəmməd Həsənov bildirib ki, parlament seçkilərində namizədliklə bağlı fikrimizi soruşan, bizə hər hansı bir yol göstərən yoxdur.
"Deputatların fəaliyyəti məsələsinə gəldikdə isə, bəzi deputatlar mandat almaqla, rayon camaatının səsini qazanmaqla işlərini bitmiş hesab edirlər, ancaq bu, heç də belə deyil. Onu da söyləyim ki, Goranboy rayonunda deputat formal xarakter daşıyır, insanlar onu tanımırlar. Deputatlar seçkidən öncə müxtəlif vədlər vermələrinə baxmayaraq, onların heç biri yerinə yetirilmir, bununla yanaşı, insanların problemlərinə də biganə yanaşılır".
Vüsalə Qəzənfərqızı