
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Modern.az saytı xəbər verir ki, sərəncamla Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
Ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor da təyin edilib. Sərəncama əsasən, Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Babanlı Mustafa Baba oğlu 1968-ci il fevral ayının 21-də anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki KPİ) mühəndis-fizikası fakultəsinin Metallar Fizikası ixtisasına daxil olub. Mustafa Baba oğlu Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutunun) mühəndis-fizikası fakultəsinin “Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.
M.B.Babanlı 1990-1992 -ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, 01.04.07-“Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Fizika-Riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
M.B.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və metalşünaslıq” kafedrasında işləməyə başlayıb. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.
04.11.2010-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. 29.12.2010-cu il tarixdə müsabiqə yolu ilə “Metallurgiya və metalşünaslıq” kafedrasının professoru vəzifəsinə seçilib.
1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Dağ-Mədən Akademiyası – Texniki Universitet (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “STCU-453” (1997-1999), “DNİPRO” (1999-2002), “ECONET” (2002-2005), “STCU-3520” (2006-2009), “CNRS-ANAS” (2009-2010), “CNRS-ANAS” (2010-2011) “STCU-5078” (2010-2011) və “STCU-5595” (2012-2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik edib.
O, 27.02.2008-ci ildə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D-02.171 Dissertasiya Şurasında texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək 23. 01.2009 –cu ildə “Materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
Tanınmış yazıçı Vidadi Babanlının qohumudur.
Modern.az