Modern.az

Nəqliyyat Nazirliyi bakılıları niyə narazı salır.. - PROBLEM

Nəqliyyat Nazirliyi bakılıları niyə narazı salır.. - PROBLEM

Ölkə

11 Sentyabr 2015, 09:45

Nəqliyyat Nazirliyi “Bakı 2015” Avropa Oyunları ərəfəsində paytaxtdakı bəzi avtobus marşrutlarının ləğvinin, bəzilərinin isə istiqamətinin dəyişdirilməsinin müvəqqəti hal olacağını vəd etmişdi. Doğrudur, sentyabrın 1-dən ləğv olunmuş bəzi marşrutlar istiqaməti dəyişdirilməklə bərpa edildi, amma açılmayanlar da az olmadı ki, bu da əhali arasında haqlı narazılıqlar yaradıb. Məsələn, 8-ci km-dən başlayıb Ziya Bünyadov prospektindən keçməklə Avtovağzal istiqamətində hərəkət edən 82 saylı avtobus marşrutu kimi.

Məsələ burasındadır ki, 8-ci km-dən hərəkətə başlayan 82 saylı marşrut Ziya Bünyadov prospekti boyunca “20 Yanvar” dairəsindən də keçməklə insanları Avtovağzala çatdıran ən optimal xətlərdən biri sayılırdı. Eyni zamanda, bu marşrut ən gəlirli və sərfəli xətt hesab olunurdu. Çünki həmin marşrutla hərəkət edən 82 saylı avtobusları gecə-gündüz heç vaxt boş görə bilməzdin. Ziya Bünyadov prospekti (Dərnəgül yolu) boyunca müxtəlif iş yerlərində - tikinti materailları bazarlarında, Poladtökmə zavodunda, “Azersun Holdinq”ə məxsus müəssisələrdə, bir çox digər çoxlu şirkətlər və obyektlərdə, məktəbərdə  çalışan, eyni zamanda hər gün “20 Yanvar” və Avtovağzal istiqamətinə gedən minlərlə insana 82 saylı marşrutdan istifadə sərfəli idi.

Amma artıq 4 aydan çoxdur səhər işə-gücə tələsən insanlar çıxılmaz vəziyyətə düşüblər. Daha doğrusu Nəqliyyat Nazirliyi tərəfindən bu duruma salınıblar. Əvəllər 82 saylı avtobuslar sayəsində rahatlıqla mənzilbaşına - işə, evə çatan insanlar indi hər gün 3 marşrutdan istifadə etməyə məcburdurlar. Onu da nəzərə almaq lazımdır ki, avtobuslardan istifadə edən sərnişinlər daha çox maddi gəlirləri aşağı olan aztəminatlı insanlardır. Bu isə o deməkdir ki, əvvəllər hər gün 20 qəpiklə gedilən yola indi 60 qəpik xərcləyən və geri dönüşdə də bu qədər vəsait sərf edən yoxsul təbəqənin nümayəndələri necə çətin vəziyyətə sürükləniblər.
Üstəlik, vaxt itkisi, əsəb, stress, gərginlik də öz yerində...
Yəqin ki, bu vəziyyəti hər gün işə-evə şəxsi avtomobillə  gedib-gələn, maddi cəhətdən yaxşı təmin olunmuş şəxslər, o cümlədən Nəqliyyat Nazirliyinin məmurları anlamaq iqtidarında deyillər. Necə deyərlər toxun acdan xəbəri olmadığı kimi...

Yeri gəlmişkən, mənzilbaşına hər gün 3 marşrut dəyişməklə çatmağa məcbur edilənlər hətt bir neçə dəfə Ziya Bünyadov prospektini kəsmək də istəyiblər.

Bu yerdə ölkə başçısının bir neçə gün öncə keçiridiyi müşavirdəə dediyi sözlər yada düşür: “Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər...”.

Doğrudan da insanları niyə incidir, niyə narazı salırlar?..

Modern.az saytına daxil olan iddialara görə, 82 saylı marşrutun yenidən bərpası üçün onu işlədən şirkətdən küllli miqdarda rüşvət istənilir... 

Nəqliyyat Nazirliyi nəzdindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı isə Modern.az saytına açıqlamasında yayılan məlumatlara belə aydınlıq gətirib:

“Marşrutun bərpası üçün rüşvət istənilə bilməz. Çünki, hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus qurumlar sərnişinlərin rahatlığını təmin etmək üçün bütün avtobus xətlərində optimallaşdırma işləri aparır, reydlər keçirirlər. Çalışılır ki, nə şəhərədə sıxlıq olsun, nə də sərnişinlər əziyyət çəksin. 82 saylı marşrut xətdən çıxarılıbsa belə, mütləq alternativ marşrut xətti var. Elə bir şey ola bilməz ki, marşrut tamamilə yığışdırılsın və sakinlər avtobussuz qalsınlar”.

Ş.Mehmanqızı bir məqamda sərnişinləri qınayıb: “Məsələ burasındadır ki, insanlar mənzilbaşına çatmaq üçün iki-üç marşrutdan istifadə etmək istəmirlər. Bizdə elə təsəvvür var ki, mən evimin qarşısından avtobusa minib, istədiyim ünvanda da düşməliyəm. Optimallaşdırma işlərinin aparıldığı bir vaxtda bu qeyri-realdır.

Nəzərə almaq lazımdır ki, sentyabrın 15-dən paytaxt ərazisində avtomobillərin sayı ikiqat artacaq. Şəhər mərkəzində avtobusların çox olması isə tıxac yaradır. Optimallaşdırma ilə əlaqədar bir xətdə paralel avtobus varsa, onların bəziləri ləğv edilir. 82 saylı avtobusun yenidən bərpa olunacağını dəqiq deyə bilmərəm, amma hesab edirəm ki, əhalinin bu cür panikaya düşməsi əsassızdır”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı