
Sentyabrın 14-də kütləvi informasiya vasitələrində Bakıda Azərbaycanın bölgələrində 4 nəfərin həyatına qəsd etməsi ilə bağlı məlumat yayılıb. Bunlardan biri Bakının Sabunçu rayonunda baş verib. Maştağa qəsəbə sakini, 41 yaşlı İmran Bağırov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Xətai rayonu, Gəncə prospektində yaşayan, 39 yaşlı Natalya Denisova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Bu gün səhər saatlarında Ağdaş rayonunda da intihar qeydə alınıb. Aşağı Qəsl kənd sakini, 58 yaşlı Fazil Cabbarov özünü yaşadığı evin həyətindəki meyvə ağacından asıb. Qəssablıqla məşğul olan Fazil Cabbarovun ayrı-ayrı şəxslərə külli miqdarda pul borcu olduğu üçün intihar etdiyi ehtimal olunur.
Göygöl rayonu, Balçılı kənd sakini, 25 yaşlı Emil Tağıyev isə kənddə yerləşən yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq, naqilə toxunub və hadisə yerində ölüb.
Yaxınlarının sözlərinə görə, gənc toy mərasimində iştirak edib, evə qayıtdıqdan sonra intihar edib.
Modern.az saytı rəsmi mənbələrə istinadən bildirir ki, bununla da sentyabr ayında həyatına bu və digər səbəblərdən qəsd edənlərin sayı 20-yə çatıb. 14 gün ərzində intihara cəhd edənlərin sayı isə 10 nəfərdən çoxdur.
Modern.az