
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilər üçün deputatlığa namizədlər siyahısını elan elan edəndən sonra müxtəlif müzakirələr açılıb.
Qeyd edək ki, YAP ümumilikdə 117 dairədən namizəd irəli sürüb, 8 dairədən sürməyib. YAP-ın namizəd irəli sürmədiyi dairələr bunardır:
3 saylı Naxçıvan şəhər Seçki Dairəsi,
7 saylı Ordubad-Culfa Seçki Dairəsi,
50 saylı Abşeron-Qobustan Seçki Dairəsi,
60 saylı Salyan-Neftçala Seçki Dairəsi,
66 saylı Biləsuvar Seçki Dairəsi,
93 saylı Bərdə şəhər Seçki Dairəsi,
116 saylı Qəbələ Seçki Dairəsi
122 saylı Xankəndi Seçki Dairəsi.
Hakim partiya sadalanan dairələrdən namizəd irəli sürməməsinin səbəbini bununla əlaqələndirib ki, həmin ərazilərdən bir sıra tanınmış şəxslər, ziyalılar seçkilərə qatılıb ki, onlara hörmət əlaməti olaraq güzəştə gedir.
Amma 117 dairədən deputatlığa namizəd irəli sürülməsi hələ o demək deyil ki, YAP onların hamısını ciddi cəhdlə dəstəkləyəcək. İstisna deyil ki, YAP-ın siyahısında olan bəzi tanınmamış simalar “qurbanlıq namizədərdir”. Elə ötən seçkilər zamanı (2010) belə olmuşdu.
Modern.az saytının məlumatına görə, hakim partiya adlarını siyahıya saldığı 20-dək şəxsi seçkilərə qatılacaq tanınmış bitərəf namizədlərə qurban verəcək.
Məsələn, YAP-ın 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə namizədi Həsənov Rahil Qurban oğludur. Onun qalib olacağını və bu dairəni hazırda Milli Məclisdə təmsil edən vitse-spiker Valeh Ələsgərovun yenidən parlamentə düşə bilməyəcəyini proqnozlaşdırmaq çətindir.
Eyni zamanda 105 sayl Tovuz seçki dairəsində böyük nüfuz sahibi olan bitərəf deputat Qənirə Paşayevanın YAP-ın siyahısında yer alan Yusifova Rahilə Oruc qızına uduzacağı da inandırıcı deyil.
YAP-ın 52 saylı Quba seçki dairəsi üzrə vahid namizədi Həsənova Afət Əbli qızının bu dairənin hazırki deputatı Vahid Əhmədovla necə mübarizə aparacağı da maraq doğurur.
Parlamentdə hazırda xeyli belə tanınmış bitərəf deputat yer alır və onların əksəriyyəti qarşıdakı seçkilərdə yenidən namizəd olmağa hazırlaşırlar.
Qeyd edək ki, hazırda YAP-ın parlamentdə 71 mandat yeri var.
A.Qorxmaz