Modern.az

Ucqar kəndin gənc müəlliməsi: “Şagirdlərim üçün pulsuz repititorluq da edirəm” - MÜSAHİBƏ

Ucqar kəndin gənc müəlliməsi: “Şagirdlərim üçün pulsuz repititorluq da edirəm” - MÜSAHİBƏ

Ölkə

2 Oktyabr 2015, 09:29

“Təhsil Nazirliyinin verdiyi kompensasiya iki aydır gecikdirilir, online müraciət etmişəm, cavab yoxdur”

Azərbaycanın bəzi gəncləri peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Gözdən-könüldən uzaqda olan kənd müəllimləri şəhərdə fəaliyyət göstərən həmkarlarından daha çətin işlə məşğuldurlar. Bizim növbəti müsahibimiz kimi.

Modern.az saytının budəfəki müsahibləri pedaqoji fəaliyyətə  Lerik rayonun Boykəndil kəndindəki orta məktəbdə başlayan Aydan Qulamzadədir.

- Əvvəlcə sizi tanıyaq...

- Qulamzadə Aydan, Astarada doğulmuşam, 23 yaşım var. Bakı Biznes və Kooperasiya Kollecinin İnformatika müəllimliyini oxumuşam, 4 illik təhsilimi başa vurduqdan sonra 2010-cu ildə imtihan verdim və Lerik rayonu Boykəndil kənd tam orta məktəbinə işə qəbul olundum.

- Müəllim olmağı əvvəldən istəmisiniz?

- Bəli, müəllimlik ən şərəfli peşə olduğu üçün əvvəldən arzum olub.

- Şəhərdə ali təhsil almısınız. Bu gün şəhərdə ali təhsil alanlar kənd həyatına geri qayıtmaq istəmirlər, həmin yerlərdə özlərinə iş tapırlar. Siz ucqar dağ kəndində müəllim işləməyə necə qərar verdiniz?

- Ucqar kənddə işləmək daha maraqlıdır. Həm də Təhsil Nazirliyinin təşkil etdiyi güzəştlərə görə kənddə işləmək daha yaxşıdır. Onu da qeyd edim ki, Təhsil Nazirliyinin verdiyi kompensasiya iki aydır gecikdirilir, online müraciət etmişəm cavab vermirlər.

- Hazırda informatika fənni üzrə neçənci siniflərə dərs deyirsiniz? Kənd uşaqlarının informatikaya maraqları necədir?

- 1-dən 11-ci sinfə kimi şagirdlərə dərs deyirəm. Şagirdlərin informatika fənninə marağı çoxdur. Daha çox kompüteri öyrənməyə meyillidirlər.

- Ümumilikdə orada dərs şəraiti, təhsil mühiti necədir?

- Çox əladır və şagirdlər də aktivdirlər. Məktəbdə şagirdlərin sayının az olmasına baxmayaraq,  hər 10 məzundan ən azı 5-6-sı ali təhsil müəssisələrinə daxil ola bilirlər. Hazırda burada yeni məktəb binası tikilir. Biz isə müvəqqəti olaraq kənd məntəqəsində dərs keçirik. Ümumilikdə kənddə təhsildən yayınlar yoxdur. Amma şagirdlərin dünyagörüşünün də bir qədər aşağı olduğu hiss edilir.


- Gənc yaşda müəllimlik fəaliyyətinə şəhərdə yox, ucqar kənddə başlayan şəxslərə cəmiyyətdə fədakar kimi baxırlar. Siz bu fikrə necə şərh verərdiniz? Sizin üçün də elədir?

- Əslində, hər yer eyni deyil. Məsələn, mən işlədiyim kənddə istər kollektiv, istər kənd əhalisi elə xoş münasibət göstərir ki, mənə heç nə çətin gəlmir. Özümü yad kimi hiss etməmişəm. İnsanların xoş rəftarı, siması məni daha da həvəsləndirir.

- Bəs yaxşı, aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada yəqin kirayədə qalırsınız...

- Bəli, kirayə qalıram. Ancaq tətillərdə evə gedirəm. Bizə aylıq 160 manat kompensasiya verilir, onunla biz ehtiyaclarımızı ödəyə bilirik. Amma o da kartımıza iki aydan bir yüklənir.

- Pedaqoji fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib? İstər şagirdlərin dərsə marağının artırılması baxımından, istərsə kollektiv arasında.

- Burda məndən əvvəl informatika müəllimi olmadığı üçün şagirdlərin kompüter bacarığı demək olar ki, sıfır idi. Amma indi şagirdlər kompüterlə işləməyi bacarırlar. Şagird-məzun sisteminin TİMS proqramını şagirdlərlə birgə məktəb üçün işləyirəm.



- Fikrinizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?

- Yeni üsulla tikilmiş məktəb olsa və laboratoriya otaqları quraşdırılsa...

- Güzəştli şərtlərlə ucqar kəndlərə müəllim işləməyə gedənlər məcburdular ki, 3 il həmin yerdə işləsinlər. 3 il bitdikdən sonra dərs deyəcəyiniz yeri dəyişmək fikriniz var?

- Xeyr, yerimi dəyişmək istəmirəm. Burdan məmnunam.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?

- Bəli, 6 şagird hazırlaşdırıram. Onlardan ikisi kompüterdən, dördü isə ibtidai sinif riyaziyyatından yanıma öyrənməyə gəlirlər. Şagirdlərdən pul almadığım üçün isə qazancıma heç bir faydası yoxdur.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı