Bu gün Müəllimlər günüdü. Bəlkə hər gün valideynlər tərəfindən tənqid atəşinə tutulan müəllimlərin günü. Bu gün məktəblərdə, təhsilimizdəki problemlərdən yazmayacam. Onların günündə hər zaman eşitdiyimiz tənqidləri sadalamayacam. Mənə görə pis müəllim yoxdu. Öyrədən necə pis ola bilər?
Mənim üçün müəllim hər zaman müqəddəs varlıq olub, elə də qalacaq. İstər Müəllimlər günündə pul yıg;lsın, istər bayramlarda hədiyyə alınsın..Bu, mənə öyrədən müəllimə üz döndərmək üçün əsas vermir. Çox eşidirəm deyirlər ki, bizim zamanın müəllimləri belə deyildi. Əcaba bizim zamanın usaqları beləydimi? Bizim zamanın usaqları müəllim yemək yeyirmi, tualetə gedirmi, yatırmı deyə, düşünürdülər. Çünkü müəllimi seçilmiş sayırdlar, ona sıradan bir insan kimi baxa bilmirdilər. Bizim zamanımızda müəllim şagirdi cəzalandıranda valdeyn gəlib nə səhv etdiyini soruşardı, gəlib müəllimin saçın-başın yolmazdı. Onu yuxarıdakı adamlara şikayət edəcəyi ilə şantaj etməzdi. Şagird müəllimin üzündəki sərt ifadədən çəkinərdi, onu gizlin telefonun kamerasına çəkməzdi.
Zaman müəllimləri dəyişdiyi kimi, biz valdeynləri və ovladlarımızı da dəyişib. Müəllimləri tənqid edəndə şüur altında bunları da düşünək. Müəllimə edilən haqsızlıqları düşündünüzmü heç? Məsələn, bir müəllim 15 saat dərslə təmin olunur. O dərsi alana qədər nə çətinliklərdən keçir, yazmıram. Bu uzun mövzudur. Müəllim 15 saat dərsi sizcə bir ay üçün alır, ya bir həftə üçün? 15 saat dərs üçün maas alan müəllimin geridə qalan həftələrinin haqqı?... Müəllim öyrədəndi, əlimizdən tutub yazı yazdıran, hesab, tarix öyrədən, cografiya öyrədən... Ən bəsit müəllim yoxsul oğlana qız verməyən zənginlərə pullarını saymaq üçün hesab öyrədən müəllimdi. Amma nə olur? Bu gün müəllim borc içində yaşayır, bu gün öyrədənimiz yasaya bilsin deyə, işdən sonra bizim ağıl dəryası övladlarımıza əlavə dərs verir, ya da ev tapşırıqların həll etdirir. Hətta bəzən baxıcılıq belə, edirlər.

Bu gün çox müəllim günlərini bayram edə bilmir. Çünkü o qədər çox problemləri var. Hətta bəziləri Müəllim gününə istehza ilə baxırlar. Biz müəllimlərdən tələb edirik, haqlıyıq. Onların vəzifəsi məsuliyyətli olmaq, keyfiyətli dərs verməkdi. Amma müəllimlər üçün hansı şərait yaradılıb? Hansı imtiyazlar var? İki gündən bir məktəblərə yoxlama göndərən rəsmi qurumların müəllimlərin durumundan xəbəri varmı? Əməkli müəllimlərin yaşayışını araşdırırmı? Xəstə müəllimlərin müalicəsi ilə maraqlanırmı? İndi müəllimlərə elə şərait yatadıblar ki, kimsə övladının müəllim olmasını istəmir. Ya da sadəcə ali təhsili olsun deyə, son çarə kimi baxırlar bu peşəyə. Mənim ailəmdə, ətrafımda müəllimlər var, onların hansı problemləri yaşadıgını bilirəm.
Biz tənqid edərkən öz çıxarlarmızdan baxırıq, bəzən də haqlı olaraq baxmalıyıq. Amma məktəb dəhlizlərində saçlarını agartmış, qəpik-quruş qazanan o, sayqın insanlar buna layiq deyillər... Təsəvvür edirsiniz, Təhsil Nazirliyi “qaynar xətt” yaradır, Müəllim günündə pul yığanlarla baglı şikayət qəbul edir. Çox acınacaqlıdı. Müəllimlərin pul yığmasının qarşısını almaq üçün daha praktik yollar var. Əmək haqlarının və sosial problemlərinin həll olunması kimi. Gündə min bir bəhanəylə müəllimim əmək haqqını kəsərsəniz, o da yaşamaq ugrunda qeyri-leqal yollara əl atacaq. Əsla bu halları dəstəkləmirəm. Sadəcə onların günü odugu üçün məsələyə bu yöndən yanaşıram. Haqlı yönlərini qabartmağa çalışıram. 120, 150, 200 manata yaşamağın mümkünsüzlüyündən danışıram. Mənası olmayacağını bilərəkdən danışır və yazıram...
Mənim üçün hər zaman uca olan bu peşənin sahibləri, heç vaxt unutmayacağım Sədaqət müəlliməm, anam, bacım və bütün müəllimlər bütün problemlərinizlə, yanlış və doğrularınızla bu gün sizin gününüzdü. Bu gün ürəyinizdən keçən arzu nədi, bilirəm.Əmək haqqınız artsın və siz kimsənin verəcəyi 5, 10 manata göz dikməyəsiniz. Arzunuz çin olsun. Mənim tanıdığım müəllimlər hər zaman vicdanlı və məsuliyyətli olublar. Onlar dərs veriblər, sözün hər iki anlamında. Ürəyimdə, ağlımda qalan bu fədəkar müəllimlərdi.
Şair necə demiş? "Ey hörmətli müəllim, hər könüldə yerin var, hər kənddə, hər şəhərdə sənim meyvələrin var"...
Çürük "meyvələrinizin" deyil safların yerinə önünüzdə baş əyirəm... Ehtiramla və sayğıyla siz öyrətməyə davam edin, biz başımızın aldığı qədər öyrənərik.