Modern.az

Bizi əzənə qarşı niyə sərt ola bilmirik - PROBLEM

Bizi əzənə qarşı niyə sərt ola bilmirik - PROBLEM

Ölkə

3 Noyabr 2015, 17:11

Sərtlik - bir xarakter kimi insanın üzünü ağ edən xüsusiyyətlərdən sayılmır. Amma elə məqamlar var ki, orada sərt davranışın xarakter olaraq sərgilənməsi ən doğru addım sayıla bilər. Bu, əsasən hər hansı fərdin ayrı-ayrı səlahiyyət sahibləri tərəfindən hüquqları pozulan zaman tətbiq olunarsa, daha effektiv olur. Amma çox təəssüf ki, cəmiyətdaxili  mənəvi aşınmalar o qədər sürətlənib ki, insanlar lazımsız məqamda sərt olaraq özlərini gözdən, lazımı məqamda yumşaqlıq göstərməklə nüfuzdan salırlar. Məsələn, əlində səlahiyyət olan hansısa vəzifəli şəxs fəhləyə hər cürə təpinib, ona sərt rəftar göstərə bilir. Amma həmin sərt rəftarla üzləşən fəhlə bir səlahiyyət yiyəsi qarşısında hüquqları pozulsa belə, lazımı reaksiya göstərə bilmir.

Deməli, insanda baş verən daxili etiraz ondakı xüsusiyyətləri yanlış məkanda və yanlış zamanda ortaya çıxarır. Nəticədə Azərbaycan insanı artıq mənəvi əzilməsini adi bir hal kimi qəbul edir.

Bu barədə Modern.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu yüksək nüfuzlu şəxslər tərəfindən əzilən zaman sərt ola bilməməyimizi, layiqli cavab verməməyimizi hüquqi bilgilərin zəifliyi ilə əlaqələndirir:  

“İstənilən qədər sərt ola bilməməyin əsas səbəbi odur ki, insanların əksəriyyətinin hüquqlarını sonadək qorumağa gücləri çatacağına inamları azdır, yaxud yoxdur.

Bunun digər səbəbi odur ki, insanlar öz hüquqları barədə lazımi qədər bilgiyə malik deyillər. Amma insanların öz hüquqlarını qorumağa inamları çox olsa, onların bir çoxu oturub bu barədə ədəbiyyat oxuyar, məlumat da əldə edərlər. İnsanlar öz hüquqlarını qorumağa başlayanda elə hiyləgər, kələkbaz, möhtəkir adamlarla qarşılaşırlar ki, bəzən daha da çox haqsızlığa məruz qalırlar. Bunların nəticəsidir ki, insanlarımızın öz hüquqlarını qorumaq vərdişləri azdır, yaxud yoxdur. Yaxın zamanda ölkəmizdə bu sahədə müsbət dəyişikliklər baş verəcəyinə inanmıram”.  

Psixoloq Elnur Rüstəmov da insandakı özünə inamın yoxluğunu bilgisizliklə əlaqələndirir. Onun fikrincə, özünə inamı olmayan şəxs öz hüquqlarının qorunmasında kifayət qədər sərt ola bilməyəcək:

“Xarakterin formalaşmasında  mühitin, genetik faktorların, xüsusən də dünyagörüşün çox böyük təsiri var. Ümumilikdə götürdükdə, bu gün cəmiyyətdə insanların əksəriyyəti məsuliyyət daşımaqdan çəkinir.

Əgər hamı məsuliyyət hissini daşıya biləcək gücdə olsaydı, onda gərək bütün insanlar daha yüksək mövqelərdə qərar tutaydılar. Amma cəmiyyətdə belə deyil. Burada insanlar müxtəlif mövqelərə və müxtəlif peşələrə görə ayrılır. Bunlar da öz növbəsində insanın xarakterinin dəyişməsinə səbəb olur. İnsanlar öz hüquqlarını bilmək üçün əvvəlcə başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar.

Məsələn, mən yol hərəkəti qaydalarını bilməsəm də avtomobil alıb sürsəm, onda qayda pozuntusuna görə yol polisi ilə təbii ki, üzləşməli olacağam. Bu zaman vətəndaş olaraq həm yol polisinin, həm də öz hüquqlarımı bilməliyəm. Qarşıdakı adamla münasibətin necəliyi vətəndaşın öz hüququnu nə qədər bilməsindən asılıdır. Bir vətəndaş hüquqlarını yaxşı bilmirsə, təbii ki, o hər hansı xarakter göstərməkdə, məqsədli mübarizə aparmaqda çətinlik çəkəcək.

Dediyiniz proses sırf qarşılıqlı əlaqə zamanı formalaşır. Bundan ötəri isə biz ilk növbədə hüquqi şüura, hüquqi təfəkkürə sahib olmalıyıq. Bunun üçün ortaya ictimai mövqe qoymaq lazımdır. Elə məqam olur ki, hətta insanlar haqlı fərdi belə müdafiə etməkdən çəkinirlər. Halbuki onların müdafiəsi ictimaiyyət üçün mükafat rolunu oynaya bilər. Amma müxtəlif xarakterə sahiblənən insanlar bundan qaçırlar.

Çoxları “azacıq aşım, ağrımaz başım” prinsipi ilə yaşayır. Odur ki, bir məsuliyyət sayılan sərt təpkinin, sərt cavabın daşıyıcısı olmaq istəmirlər. Sərtliyə qarşı sərt cavab verməyin özü də dünya görüşə və insanın formalaşmasına söykənir”.

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı