
“MTN işi” ilə bağlı baş verən hadisələr, məmurların aldıqları məvaciblərə uyğun olmayan həyat tərzi mətbuatın gündəmindən düşmür.
Bahalı maşınlar, dəyərli milyonlarla ölçülən villalar, kübar həyat tərzi onların sənədlərdə göstərilən məvaciblərilə tərs mütənasibdir.
Belə olan halda “Gəlir deklarasiyası haqqında” Qanunun icrasının vacibliyi yenidən gündəmə gəlir.
Məmurlarla bağlı bu qanun 2005-ci ildə Milli Məclisdə qəbul olunsa da, sənəd Nazirlər Kabinetində ləngiyir.
Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, respublikada baş verən son hadisələr, xüsusilə Prezidentin sahibkarlığın inkişafı ilə əlaqədar atdığı müsbət addımlar “Gəlir deklarasiyası haqqında” Qanunun qüvvəyə minməsini tələb edir.
“Ona görə də hesab edirəm ki, bu qanunun icrasına böyük ehtiyac var. Qanun qəbul olunubsa, icra edilməlidir. Ortada ciddi problem yoxdur. Nazirlər Kabineti bununla əlaqədar normativ sənədləri hazırlayıb verməlidir və ondan sonra qanunun icrasına başlamaq lazımdır.
Bundan sonra nə etməklə bağlı suala artıq Azərbaycan höküməti cavab verməlidir. Bizdən asılı məsələ deyil, biz məsələni qaldırmışıq və qanun qəbul olunub”.
Aytən ZƏHRA