Modern.az

Nardaran məktəbinin direktoru danışdı: “Dedilər qorxuruq..”

Nardaran məktəbinin direktoru danışdı: “Dedilər qorxuruq..”

Ölkə

8 Dekabr 2015, 11:44


“Nardaran hadisələri zamanı şagirdlərin tam yarısı məktəbə gəlməmişdi”. Bu sözləri Modern.az saytına açıqlamasında 295 saylı məktəbin direktoru, deputat Dilarə Cəbrayılova deyib. O qeyd edib ki, yalnız bir gün şagirdlərin davamiyyəti pis olub. 

“Nardaran hadisələri başlayan zaman valideynlər övladlarını məktəbə buraxmaqdan qorxurdu. Zəng edib məktəbə çağıranda deyirdilər ki, bu gün uşaq evdə qalsın, qorxurlar. Amma sonrakı günlərdə şagirdlərin dərsə davamiyyəti yaxşı olub”. 

Məktəb direktoru bildirib ki, idarə etdiyi təhsil müəssisəsində Nardaran kəndindən şagirdlər azdır. 

“Bizim məktəbə şagirdlər əsasən digər bölgələrdən, yeni tikilən evlərdən, Nardaranın bağ massivindən, dənizqırağı yerlərdən gəlirlər. Nardaranın özündən şagirdlər daha çox 130 nömrəli məktəbə gedirlər. Məlum hadisələrlə əlaqədar bir gün şagirdlərin dərsə davamiyyəti zəif olub. Bir də imamların qırxında şagirdlər az gəlmişdi, çünki valideynlər nəyinsə olacağından qorxurdular”. 

D.Cəbrayılova bildirib ki, qış mövsümündə ümumiyyətlə məktəbə dərsə davamiyyət zəif olur.

“Başqa məktəblərdən fərqli olaraq burada qaz olmadığı üçün biz sinifləri elektrik enerjisi ilə isidirik. Məktəbimiz təmirə dayanmalıdır. Mərkəzi istilik sisteminin olmaması isə uşaqların dərsə davamiyyətinə qış aylarında təsir edir. Amma digər vaxtlarda şagirdlər məktəbə hər zaman gəlirlər”. 

Qeyd edək ki, Nardaran hadisələri zamanı kənd uşaqlarından bəziləri dərsə getmək əvəzinə kimlərinsə təhriki ilə etiraz aksiyalarına qoşulmuşdular. Hətta bəzi mətbu orqanlara açıqlama verən həmin şagirdlər bildirirdilər ki, “Müsəlman birliyi” təşkilatının həbs olunan üzvləri azad olunmayana qədər dərsə getməyəcəklər. Bununla əlaqədar Milli Məclisin İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Belə ki, bir ay ərzində şagird 7 gündən çox dərsə gəlmədikdə onun valideyninə 100 manat cərimə yazılacaq.

 Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı