Modern.az

Ramiz Məlikov: “Səfər Əbiyevlə əlaqələrim qalmayıb”

Ramiz Məlikov: “Səfər Əbiyevlə əlaqələrim qalmayıb”

Ölkə

19 Dekabr 2015, 17:23

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, “Duyğun” imzası ilə tanınan şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Məlikovun nə işlə məşğul olması ilə maraqlandıq.

R.Duyğun Modern.az-a açıqlamasında hazırda təqaüddə olduğunu və şair, jurnalist olaraq yaradıcılığına davam etdiyini bildirdi. Eyni zamanda sabiq mətbuat xidmətinin rəhbəri səhhətinin ona mane olduğunu vurğuladı.

“Hərdən Yazıçılar Birliyinin tədbirlərinə gedirəm. Lakin səhhətim çox gəzməyə imkan vermir. Ağır xəstəliklər keçirdim. Özüm yaxşı həkim olduğum üçün özümə nəzarət edirəm. Qan təzyiqim çoxdur, şəkərli diabetim var. Pəhrizlə, dava-dərmanla özümü saxlayıram. Meteohəssas insan olduğum üçün hava şəraiti də mənə təsir edir. Bu da ürəyimdən keçirdiyim əməliyyatla bağlıdır”.

 O, mətbuat xidməti işlədiyi illərdə o zaman nazir işləyən Səfər Əbiyevlə əlaqələrinin olmadığını deyib.

“Heç bilmirəm ki, indi Səfər Əbiyev nə işlə məşğuldur, onunla əlaqəm yoxdur. Ümumiyyətlə, sabiq naziri müsbət xatırlayıram. 1991-ci ildən nazirliyin mətbuat xidmətinin rəisi təyin olunanda o, Baş Qərargahda rəis müavini idi, o vaxtdan təmasımız var idi. 1996-ci ildən isə məni Müdafiə Nazirliyinə mətbuat xidmətinə qaytardı. 2007-ci ilə qədər birlikdə olmuşuq. Onunla birlikdə bütün hərbi hissələri dolaşmışam, xidməti səfərlərimiz olub, 15 ölkədə olmuşuq. Nazir kimi çox prinsipial idi və səhvi olanı bağışlamazdı”.

R.Duyğun sabiq nazirin vaxtında orduda özbaşınalıqların, insidentlərin çox olması faktına da aydınlıq gətirib. Bildirib ki, həmin zamanlar yayılan bu fikirlər tam yanlış olub.

“Bunu radikal müxalifətin mətbuatı yayırdı. Bu gün sinəsinə döyüb, “Milli qəhrəman” kimi qələmə verilənlər ancaq radikal müxalifətin mediasına xidmət edirdi, ordu quruculuğuna maneçilik törədirdilər. Əsgər ölümləri o zaman da var idi, indi də var. Mətbuat xidmətinin rəisi kimi davam ondan ibarət idi ki, ordumuzun maraqlarını müdafiə edirdim və dəqiqləşməmiş informasiyaların yayılmamasını deyirdim. Bu gün yaxşı ki, “KİV haqqında” qanun qəbul edilib ki, orduya böhtan atan, şayiələr yazanlar cəzalandırılsın.

Bizim vaxtımızda bunu məhkəmə yolu ilə həll edirdik.  Mətbuat xidmətinin rəhbəri olduğum illərdə də bir neçə məhkəmə prosesini uddum.

“Yeni Müsavat” qəzetini o zamankı məzənnə ilə 4 milyon manat, müxbiri Mahir Məmmədlini isə 500 min manat cərimə etdilər. 

4 milyon yarım manatı Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüm. Qəbzi də arxivimdə qalır. Bu mübarizə o zamanda olub, indi də var. Mətbuat xidmətinin əsas tələbi o idi ki, yoxlanılmamış məlumatları yayılmasın. Çox təəssüflər olsun ki, bunu  yayırdılar və ordu quruculuğuna ağır zərbələr vururdular”.

Mətbuat xidmətinin sabiq rəhbəri bildirib ki, onun zamanında qoyulan xətt, mətbuat xidmətinin siyasəti indi də yaxşı mənada Vaqif Dərgahlı tərəfindən davam etdirilir.

“Vaqif Dərgahlı mənim tərəfimdən mətbuat xidmətinə qəbul olunmuş kadr idi. Qabiliyyətli, savadlı yoldaşdır. O zaman leytenant idi, indi polkovnik rütbəsinə qalxıb. Siyasət həmin siyasətdir. Düzdür, şəxsən bütün telefon zənglərinə cavab verirdim. Jurnalistlərlə izahat işləri aparırdım.

Bu gün Vaqif Dərgahlı elektron poçt vasitəsilə əlaqə saxlayır. Müdafiə Nazirliyinin eyni zamanda saytı yaradılıb və gündəlik informasiyalar operativ verilir. Jurnalistlər isə suallarına məktub yazmaqla cavab alırlar. Amma xətt həmin xətdir”. 

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı