Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası” tarixi əhəmiyyətə malik , təhsilimizin inkişafına genış yol açan, strateji konseptual bir sənəddir.
Müasir dövrdə ölkəmizin təhsil sisteminin taleyüklü problemlərinin həllinə və inkişaf perspektivlərinə yönəlmiş bu mühüm sənəddə təhsilin bütün pillə və səviyyələri əhatə olumuşdur. Ölkənin inkişaf konsepsiyasına uygun olaraq hər bir şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Söz yox ki, təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Bu günün təhsili insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və saglam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası “nın məzmununda insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə ugurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən biri kimi qeyd edilir.
Bəli, insanlar hər bir iqtisadiyyatın ən dəyərli resurslarıdır. Saglam, təhsilli və təcrübəli olmaq fərdin və cəmiyyətin uzun müddətli inkişafına gətirir. Hər bir ölkənin gələcəyi öz əhalisinin istedad , bacarıq və iş səriştəsindən asılıdır. Demək ki, insan kapitalının inkişafı dövrün prioritet məsələlərindən ən öndə gedənidir.
“...insan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala , yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik” deyən ölkə başçımız İlham Əliyev ölkədə təhsilin inkişafının vacibliyini göstərir. Bu fikirlərdən göründüyü kimi bir tərəfdən təhsilin inkişafı dövlətin inkişafı ilə harmoniya təşkil etməli, digər tərəfdən insanı gələcəyə hazırlamagı bacarmalı və insan resursları inkişaf etdirilməlidir. Bu sahədə ən böyük iş məhz biz müəllimlərin üzərinə düşür.
İnsan kapitalının yetişdirilməsi üçün ilk növbədə onların potensiallarını üzə çıxarmagı bacarmaq lazımdır. Fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə onların iştirakını təmin etməklə hansı bilik və bacarıqlara malik olmaları haqqında konkret olaraq fikir yürütmək mümkündür.
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”na uygun olaraq xüsusi qabiliyyətə malik şagirdlərin seçilməsi istiqamətində müəyyən qədər addımlar atıldı. İstedadlı şagirdlərin seçilməsində sanki bir növ “səfərbərlik” həyata keçirildi və təbii ki, bu işdə məktəblərdə fəaliyyət göstərən “Kiçik Akademiya”ların rolunun danılmaz oldugunu xüsusilə qeyd etmək istərdim.
Bakı şəhərində keçirilən fənn olimpiadalarında şagirdlərimiz ugurla çıxış etdilər və müvafiq yerlərə layiq görüldülər. Ümumiyyətlə, bu günki şagird sabahın qurucusudur. Müəllim şagirdlərə günün vacib məsələlərindən baş çıxarmagı, düşünməyi öyrətməlidir. Düşünmək isə şagirdlərdən müstəqillik tələb edir. Müstəqillik şagirdlərdə arayıb axtarmaq, qurmaq, yaratmaq, axtarış və tədqiqat aparmaq vərdişləri aşılayır. Bu da onların mövcud potensiallarının üzə çıxarılmasında mühüm rol oynayır. Təbii ki, bu yolda onlara bələdçiliyi biz müəllimlər edirik. Son illərdə bu sahədəki işlərimiz göz qabagındadır. Artıq 5-ci ildir ki, Bakı şəhərində ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel-İSEF Beynəlxalq Elm və Mühəndislik sərgisi çərçivəsində təşkil edilmiş Sabahın alimləri Respublika müsabiqəsi məhz belə şagirdlərin tanınmasında mühüm rol oynayır. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinin elmi-texniki yaradıcılıga sövq edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, yaradıcılıq, tədqiqat potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, seçilmiş şagirdlərin Beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir.
Bu nüfuzlu müsabiqə bütün dünya üçün aktual olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir.Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün Azərbaycan məktəblərində tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Orta ümumi təhsil müəssisələrində Kiçik Akademiyalar fəaliyyət göstərir, həmin Akademiyalar çərçivəsində elmi konfranslar keçirilir. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.
Vaxtilə KA-nın ən fəal üzvləri olmuş məzunlarımızla (hansı ki onlar hal-hazırda respublikanın ən qabaqcıl ali məktəblərində təhsil alırlar) tez-tez görüşən şagirdlərimiz onların işlərindən faydalanaraq maraqlı layihələr hazırlayırlar. Mən də Sabahın alimləri IV Respublika müsabiqəsində iki şagirdimlə, KA –nın fəalları olan XI sinif şagirdi Muradova Aytac və X sinif şagirdi Harunov Aydınla “Enerjini boşa xərcləmə” layihəsi ilə iştirak etdim. Bu layihədə onlar layihənin elmi məsləhətçisi N. Sadəddinlinin məktəb dövründə müəllifi oldugu Odlar Yurdu – ifratkeçirici naqillərlə təchiz olunmuş elektrik generatorundan müxtəlif atraksionlarda istifadə etməklə enerji istehsalının mümkünlüyünü araşdırdılar.
Müəyyən olundu ki, layihə həqiqətən də aktualdır və gələcəkdə bütün şəhərlərdə, kəndlərdə, qəsəbələrdə onun bəhrəsini görmək mümkündür. Layihənin əsas üstünlüyü ondadır ki, o, təkcə Azərbaycanın deyil, bütün dünyanın maragına səbəb ola biləcək durumdadır. Çünki onların enerji mənbəyi insandır. İnsan isə səhralardan buzlaqlara qədər dünyanın hər yerində məskən salıb. Müsabiqəyə 200 şagirdin hazırladıgı 106 elmi layihə təqdim olunmuşdu. Bizim layihəmiz Mühəndislik nominasiyası üzrə II yerə layiq görülərək müsabiqənin gümüş medalını qazandı. Söz yox ki, bu və ya bunun kimi layihələr şagirddən xüsusi qabiliyyət, bilik və bacarıq tələb edir. Mən sevinirəm ki, öz sözünü deyə bilən belə şagirdlərimiz var. Harda yaşamasından, hansı şəraitdə oxumasından asılı olmayaraq şagird ətrafdakıların özünə inamını hiss edirsə, o, özünü daha güclü, daha qüvvətli hesab edir. Növbəti-Sabahın alimləri V Respublika müsabiqəsinə hazırlaşan şagirdlərimiz öz layihələri ilə birincilik ugrunda mübarizəyə qoşulublar. Onlar müsabiqəyə təqdim etdikləri layihələrin əhəmiyyətini dərk edərək hər kəsin maragına səbəb ola biləcəyini düşünürlər. Təbii ki,belə şagirdlərlə işləmək qürurverici bir hisdir və düşünürsən ki, güclü, qüvvətli gənclərin yetişdirilməsində, sözün tam mənasında insan kapitalının yetişdirilməsində əməyin varsa, demək ki xoşbəxtsən.
Dahi Çin filosofu Konfutsi söyləmişdir: “Elm və təhsildən faydalanmagı bacaran xalq həmişə firəvan yaşayar”. Xalq olaraq firəvan yaşamaq üçün bilməliyik ki, müstəqil respublikanın davamlı inkişafı insan kapitalının inkişafından, insan kapitalının inkişafı keyfiyyətli təhsil sistemindən , təhsil sisteminin inkişafı isə müəllimlərin normal fəaliyyətinin təmin edilməsindən asılıdır. Bir sözlə, təhsil-sürətlə dəyişən dünyada insanı dəyişdirməyi bacarmalı,insanı “örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə ,vətəndaşa çevirməlidir”. Bunun üçün isə doğrudan da, insan kapitalının yetişdirilməsi Dövlət Startegiyasının tələbləri baxımından müəyyən olunmuş istiqamətlərdə inkişaf etdirilməlidir. Bu məsələ köklü, milli məsələdir və onların mahiyyəti milli-mənəvi sərvət ölçüləri ilə qiymətləndirilməlidir. Dövlət strategiyası mükəmməl konseptual sənəddir və o,təhsilin bütün problemlərinə müxtəlif bucaq altında işıq salır. Bu işığın düz xətt boyunca yayılmasını təmin etmək üçün biz müəllimlər var qüvvəmizlə çalışmalıyıq. Bu işdə hər kəsə uğurlar arzulayıram.
Sevil Arixova,
Qax şəhər, T.İsmayılov adına 5№-li tam orta məktəbin fizika müəllimi