Modern.az

İlham Əliyev: "Şirkətlərdə ixtisarlara yol verilməməlidir”

İlham Əliyev: "Şirkətlərdə ixtisarlara yol verilməməlidir”

Ölkə

26 Yanvar 2016, 12:50


“Sahibkarlığın inkişafı üçün böyük işlər görülüb. Ancaq yeni dövr yeni yanaşmalar tələb edir”.

APA-nın məlumatına görə, bu sözləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir: “Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın”.
 
Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: “Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir”.

Prezidentin sözlərinə görə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: “Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.
 
Dövlət başçısı hesab edir ki, vergi uçotu və statistikanın düzgün aparılması da vacibdir: “Deyə bilmərəm ki, bu istiqamətdə istədiyimizə nail olmuşuq.  Qüsurlar var, onlar aradan götürülməlidir və götürülür. 2016-cı il bu sahədə dönüş olmalı, maliyyə, uçot-statistika aparıcı ölkələrin səviyyəsinə uyğun olmalıdır. Biz harada nə işlər görüldüyünü, harada hansı məhsullar istehsal edildiyini dəqiq bilməliyik. Biz yerli istehsalı qorumalı, bununla bərabər inhisarçılığa yol verməməliyik. Mən daxili istehsalın artmasını, ixrac qabiliyyətli məhsulların istehsalını istəyirəm. Ancaq idxala süni maneələr qoysaq, azad rəqabət olmayacaq. İnkişaf üçün isə azad rəqabət vacibdir. İdxal qarşısında duran bütün süni maneələr aradan götürülməli, eyni zamanda daxili istehsal qorunmalıdır. Dövlət qurumları bu iki amili təmin etməyə çalışmalıdırlar”.

Prezident son 12 ildə 300 mehmanxana inşa olunduğuna diqqət çəkərək bildirib ki, ölkəyə turist axını təmin edilməlidir: “Elektron vizalar da burada önəmlidir”.
  
Dövlət başçısı deyib ki, turizmin inkişafı ilə bağlı xalçaçılıq da inkişaf etdirilməlidir: “Kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Bunun üçün onlar dəzgah və xammalla təmin olunmalıdır”.

İlham Əliyev onu da bildirib ki, bu il bütün sosial proqramlar icra olunacaq.

Dövlət başçısı deyib ki, Azərbaycanda bazar iqtisadiyyatı uğurla inkişaf edir, ancaq islahatlar aparılan zaman sosial məsələlər yaddan çıxmamalıdır: “Biz Azərbaycan xalqı üçün çalışırıq və iqtisadi inkişaf da bu məqsədə xidmət etməlidir. Azərbaycanda güclü sosial siyasət aparılır və aparılacaq”.

Prezident İlham Əliyevin sözlərinə görə, bu il regionlarda nəzərdə tutulan infrastruktur layihələr davam etdirilməlidir: “Xüsusən kənd yollarının çəkilişi diqqət mərkəzində olmalıdır”.

Prezident içməli su təminatı ilə bağlı görülən işlərdə də daxili istehsal materiallarından istifadə edildiyini vurğulayıb: “Biz bu işləri görməsəydik, idxaldan daha da asılı olacaqdıq. Biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha böyük dinamizm verə bilərik. “Biz sement istehsalı sahəsində özümüzü 92 faiz təmin edirik, qatqı və qablaşdırma ilə bağlı istehsalda 10 faiz asılılıq var. O asılılığı da aradan qaldırmalı və sementi ixrac etməliyik. Polietilen borulara tələbin 60 faizini  özümüz təmin edirik. Əhənglə özümüzü tam təmin etmirik, 50 faiz təmin edirik. Yerli istehsalda 13 faiz xaricdən asılılıq var. Yerli istehsalla bağlı xarici faktorlardan asılılıqda qablaşdırma var, deməli, qablaşdırma müəssisələri tikilməlidir. Elektrotexniki avadanlıqlarla 62 faiz, kərpic istehsalında 99 faiz özümüzü təmin edirik. Beton konstruksiyalarla özümüzü tam təmin edirik. İlk növbədə özümüzü təmin etməli, ixracı artırmalıyıq. Belə olan halda istehsal qiymətlərində neftin qiymətinin düşüb-qalxmasının heç bir təsiri olmayacaq”.

Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.

Prezident İlham Əliyev bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.

Prezident İlham Əliyev sahibkarlara qarşı süni maneələrin yaradılmasını yolverilməz hesab edir: “Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı