
Mətbuat səhifələrində və sosial şəbəkələrdə Azərbaycanın maliyyə naziri Samir Şərifovun 3 ölkənin agenti olması ilə bağlı iddialar ətrafında geniş müzakirələr açılıb. Amerikaya sığınan sabiq sovet kəşfiyyatçısı Yuri Şvetsin açıqlamalarına görə, Samir Şərifov eyni vaxtda Rusiya, ABŞ və Türkiyə xüsusi xidmətlərinə işləyir.
“Rusiya xüsusi xidmətləri ondan çıxış edirdi ki, Türkiyə NATO üzvü kimi ABŞ MKİ-sı ilə özünün kəşfiyyat və agentura məlumatlarını bölüşəcək. Hadisələrin sonrakı inkişafı Rusiya xüsusi xidmətini inandırdı ki, Şərifovla işləməyə ABŞ-ın kəşfiyyat cameəsi də qoşulub.
Belə ki, 1992-ci ildə Azərbaycan MTN-i konfidensial şəkildə FSB-yə (FTX) çatdırmışdı ki, amerikalılar Azərbaycanın Beynəlxalq Valyuta Fonduna (BVF) üzv olmasına dair danışıqlarda Şərifovun iştirakında təkid edirlər. Bu, SSRİ-nin çöküşündən sonrakı qarışıq bir dövr idi, o üzdən Azərbaycan hökumətində heç kim bunun səbəbi ilə maraqlanmadı. Bununla belə, MTN bunda şübhəli bir məqam görmüşdü, çünki Şərifov heç vaxt amerikanlarla işləməmişdi və ABŞ-da o, heç bir təmasa malik olmamalı idi. Amerikanın qəfildən Şərifova maraq göstərməsi Bakı və Moskvada böyük şübhə yaratmışdı”,-deyə o bildirib.
Hazırda ABŞ-da maliyyə analitiki qismində çalışan Yuri Şvetsin Ukraynanın “Qordon” nəşrində belə sensasion iddialarla çıxış etməsi Azərbaycanda ciddi rezonans doğurub.
Yuri Şvetsin iddiasına görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da başqa dövlətin agenti olub və elə Samir Şərifovu da bu işə məhz o cəlb edib.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir müavini olmuş Sülhəddin Əkbər Modern.az saytına mövzu ilə bağlı açıqlama verib.
““Qordon”un Yuri Şvetslə bağlı məqaləsində Azərbaycanda nazirlərin həbs edilməsindən söhbət gedir. İl də 2006 göstərilib. Halbuki, nazirlərin həbs edilməsi 2005-ci ildə olub.
İkincisi, Heydər Əliyevin Samir Şərifova dəstək verməsinin zamanı kimi 1988-ci il göstərilir. Halbuki, həmin dövrdə Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Büro üzvlüyündən istefa vermişdi”.
Keçmiş nazir müavini AXC-nin hakimiyyəti dövründə Azərbaycanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrindən də danışıb.
“Bizim dövrümüzdə Rusiyanın xüsusi xidmət orqanı ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında heç bir əlaqə olmayıb. Həmin dövrdə əsasən Türkiyə ilə müəyyən sahələrdə əməkdaşlığımız olub. O da terrorizmlə mübarizə sahəsi ilə bağlı idi”.
Sülhəddin Əkbər deyir ki, hazırda ABŞ və Rusiya kəşfiyyat orqanları arasında savaş gedir və elə Samir Şərifovla bağlı yazı da bu savaşın “məhsulu”dur.
“Bu, ABŞ kəşfiyyatı ilə Rusiya kəşfiyyatının informasiya savaşıdır. Artıq savaş Azərbaycana da keçib. Həmçinin, söhbət Samir Şərifovun baş nazir olması məsələsindən gedir. Azərbaycanda baş nazir məsələsi mühüm postdur. Bu, hakimiyyət məsələsidir. Baş nazir Konstitutsiyaya görə prezidenti əvəzləyən şəxsdir. Görünür, burda məqsəd ya Samir Şərifovun Azərbaycan hakimiyyətindəki mövqeyini zəiflətmək, ya da cəza tədbiri ola bilər. Bu cür məlumatları ancaq xüsusi xidmət orqanları təsdiqləyə bilər. Onlar isə adətən belə suallara cavab vermirlər. Demək olar ki, bu suallar elə açıq da qalacaq. Bu, operativ məlumatlardır. Təsdiqedici sənədlər olmayana qədər qarşı tərəf bunu inkar edəcək. Ona görə də ən yaxşı yol məhkəməyə müraciət etməkdir”.
Namidə BİNGÖL