Niderland parlamenti aprelin 16-da Azərbaycanda həbsdə olan separatçıların “əsir” kimi təqdim edilərək azad olunması və qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı iki qətnamə qəbul edib. Həmin gün Belçika Nümayəndələr Palatası da Qarabağı könüllü tərk etmiş ermənilərin beynəlxalq zəmanətlərlə geri qayıtmaq hüququnu dəstəkləyib.
Məhz buna görə, bu gün Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.
Görüşlər zamanı, Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.
Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Belçika və Niderland parlamentində olanların arxasında bir sıra səbəbər dayanır:
“İlk növbədə bu addımlar dərin və sistemli böhranın əlamətidir. Avropa ölkələrinin bir çoxu bu krizlərin içərisindədir. Niderland və Belçkia da hansı siyasi proseslərin getdiyini bilirik. Bu ölkələrdə irqçilik, islamafobiya, antisemitizm, ümumiyyətlə bəşəri dəyərlərin ifrat formada qəbul edilməsi, düzgün təhlil olunmaması, dünyada gedən prosesləri tamamilə əks etdirməyən nüansları görürük. Bu da ümumi, sistemli krizin əlamətidir. Bu nüanslardan sui-istifadə edib, Azərbaycana qarşı işləyən və özlərini ifşa edən bir neçə qrup düşmənlər də var. Bu düşmənlərə artıq uduzmuş, iç üzünü açmış, əksər ciddi qüvvələr tərəfindən tanınmayan, lakin əlaqələrini, pullarını hələ də saxlayıb təsir etmək imkanlarından istifadə etmək cəhdlərini ortaya qoyan erməni lobbisi və təbii olaraq, sapı özümüzdən olan, lakin faktiki olaraq Azərbaycana qarşı işləyən antimilli ünsürlər aiddir. Bu antimilli ünsürlər Niderlandda, Belçikada belə hərəkətlərə qoşulur, təşəbbüslər irəli sürürlər. Bununla bağlı bizdə açıq-aşkar məlumatlar var. Bunlar da keçmiş dünyanın adamlarıdır. Ona görə də, bu adamların erməni diasporları ilə bir olması, Azərbaycana qarşı belə sənədlərə dəstək verməsi özlərini gündəmdə saxlamaq cəhdindən başqa bir şey deyil. Üçüncü səbəb isə ondan ibarətdir ki, bu sənədlərlə, qətnamələrlə adı sadalanan ölkələr, yenə də, Azərbaycana qarşı təzyiq, təsir və göstəriş vermək niyyətindədirlər. Guya bunlar haqlı biz isə nahaqqıq. Əslində isə gedən proseslər özlərini haqlı hesab edən, haqqı ədaləti özəlləşdirən qurum və dövlətlərin öz siyasətlərində, artıq iflasa uğradıqlarını göstərir”.

Komitə sədri vurğulayıb ki, ən əsas səbəblərdən biri məhz Azərbaycanın öz regionuna sahib çıxmasıdır:
“Öz regionumuzu həm idarə edir, həm onunla bağlı məsuliyyət daşıyır, həm də onun gələcəyini müəyyən edirik. Bunu qəbul etməyən, həzm edə bilməyən qüvvələr sadaladığım nüanslardan müxtəlif layihələrdən məhrum etmək, özlərinə sərfəli qiymətləri əldə etmək, həm də regionda özlərinə yer tapmaq üçün istifadə edirlər. Bu cəhdlərin heç biri normal işləməyəcək. Yeni yaranmış regional güc - Azərbaycanla, onun maraqları çərçivəsində ünsiyyət qurmalıdırlar”.
Parlamentin bu kimi addımlara necə cavab verəcəyi ilə bağlı sualımıza isə Səməd Seyidov belə cavab verib:
“Ümumi şəkildə onların qəbul etdiyi sənədlərin sayını araşdırsanız, bu sadəcə gülünc məsələyə çevirilir. Mənim, parlamentin deputatlarının münasibəti elə onlara cavabdır. Onların faciəsi ondan ibarətdir ki, əvvəllər biz bu məsələləri ciddi qəbul edirdiksə, onlar öz davranışları, qəbul etdikləri sənədlərlə özlərini ciddilikdən kənarda qoydular. Onlar beynəlxalq aləmdə ciddi oyunçu, təsir edən aktor kimi artıq müəyyən olunmurlar. Bu isə siyasətdə ən böyük faciədir. Ona görə də, çox təəssüflər olsun ki, Avropanın mərkəzində yerləşən ölkələr, onları təmsil edən parlamentarilər, yaxud deputatlar öz-özlərini əhəmiyyətini, rolunu, nəinki məhdudlaşdırılar, gündəmdən çıxarırlar. Yaxın Şərqdə gedən münaqişələrlə bağlı da Avropanın mövqeyini çox yaxşı gördük. Ona görə, Avropamım düşünən, aktor kimi aktiv olmaq istəyən siyasətçiləri Azərbaycana gəlmək, onunla münasibətlər qurmaq istəyir. Bu siyahıda İtaliya Baş naziri Giorgi Meloni, Serbiya prezidenti Aleksandr Vuçiç kimi adlar var. Belə liderlərin sayı artacaq. Siyasətdə yazılmamış qanun var: güclü, məntiqli ilə, haqq-ədalətlə ünsiyyətdə olaraq, həm güclü, həm təsirli, həm də haqq-ədalət tərəfində olaraq, dünya tərəfindən qəbul olunursan. Bunu qəbul etməyən təşkilatlar özlərini ifşa edəcək və siyasət üçün maraqsız olacaqlar”.