Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 65 nəfərə çatıb, 36 nəfərin axtarışları isə davam edir.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Həlak olanların əksəriyyəti zəlzələnin yaratdığı torpaq sürüşmələri və dağıntılar altında qalaraq həyatını itirib. Xilasedicilər hələ də uçqun altında qalan 36 nəfəri axtarırlar. Mütəxəssislər indiyədək həmin ərazilərdə hər hansı həyat əlaməti aşkar etməyiblər.
Zəlzələ iyunun 8-də səhər saatlarında Mindanao adasının cənub sahilləri yaxınlığında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 2500 evə ziyan dəyib, onlardan 460-ı tamamilə dağılıb.
Ən çox zərər çəkən bölgələr Davao Oksidental və Sarangani əyalətləri, həmçinin adanın cənubunda yerləşən General Santos şəhəri olub.
Təbii fəlakət ümumilikdə Filippində 735 mindən çox sakinə təsir göstərib.