Ermənistanın Dilican bələdiyyəsi hərbi cinayətkar Ruben Vardanyanla əlaqələndirilən “Dilijan Development Company” şirkətinə qarşı yeni məhkəmə iddiası qaldırıb.
Modern.az Ermənistanın məhkəmə-hüquq sistemi olan "Datalex"ə istinadən xəbər verir ki, bələdiyyə 2025-ci ilin iyun ayından indiyədək şirkətə qarşı ümumilikdə üç iddia ərizəsi təqdim edib. İddialarda torpaq sahələrinin istifadəsinə dair müqavilələrin ləğvi və həmin ərazilər üzərində qeydiyyata alınmış hüquqların etibarsız hesab olunması tələb edilir.
Qeyd olunur ki, “Dilijan Development Company” şirkəti İrəvan şəhəri, Baqramyan prospekti 6 ünvanında qeydiyyatdan keçib.
Şirkət Ruben Vardanyan və həyat yoldaşı Veronika Zonabend tərəfindən yaradılmış Dilican İnkişaf Fondu (Dilijan Development Foundation – DDF) ilə əlaqələndirilir. 2015-ci ildə təsis edilmiş fond turizm, təhsil, ekologiya və şəhər mühitinin inkişafı istiqamətlərində müxtəlif layihələr həyata keçirir.
Bundan başqa, Dilican bələdiyyəsi Vardanyanla əlaqəli olduğu bildirilən “Dis Properties” xeyriyyə fonduna qarşı da daha üç məhkəmə iddiası qaldırıb. Həmin iddialardan biri bələdiyyənin ödənişi həyata keçirilsə də, faktiki olaraq yerinə yetirilməyən işlərə görə 63,2 milyon dramdan artıq vəsaitin geri alınması tələbi ilə bağlıdır. Digər iki iddia isə torpaq sahələri üzərində hüquqlarla əlaqədardır.
Xatırladaq ki, bu il fevralın 17-də Bakı Hərbi Məhkəməsində separatçı, rusiyalı milyarder Ruben Vardanyana 20 il həbs cəzası verilib. Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib.