Modern.az

Media və Yayım Şurasının hansı səlahiyyətləri olacaq...

Media və Yayım Şurasının hansı səlahiyyətləri olacaq...

Parlament

Bu gün, 10:01

Media və Yayım Şurasına səlahiyyətlər verilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, Media və Yayım Şurası media və yayım sahəsində normativ hüquqi aktların icrasına nəzarət edəcək, media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparacaq və informasiya mühitini monitorinq edəcək.

Dəyişikliklərə görə, Şura dezinformasiyanın yayılmasının qarşısının alınması, risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görəcək. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə operativ əlaqələndirmə mexanizmləri yaradılacaq.

Layihədə həmçinin media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, təlim və seminarların təşkili, media sahəsində innovasiyaların tətbiqinin təşviqi, eləcə də dövlət və cəmiyyət üçün əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə bağlı müddəalar da yer alıb. Mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək

Bundan əlavə, media subyektlərinin qanunvericiliyin tələblərini pozduğu hallarda Şura tərəfindən xəbərdarlıq verilməsi, məhkəməyə müraciət olunması və digər hüquqi tədbirlərin görülməsi nəzərdə tutulur.

Həmçinin, qanun layihəsi ilə Media və Yayım Şurasının hüquqları da genişləndirilir.

Belə ki, qurum xüsusi bülletenlər və digər nəşrlər buraxa, media sahəsində peşə etikası qaydalarına əməl olunması ilə bağlı araşdırmalar apararaq tövsiyələr hazırlaya, həmçinin "Reklam haqqında" qanuna uyğun olaraq sosial reklamlar sifariş edə biləcək.

Layihəyə əsasən, Şura fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin, sorğuların, hesabatların, rəy və təkliflərin hazırlanması üçün fiziki və hüquqi şəxslərə sifarişlər verəcək, beynəlxalq forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak edəcək, həmçinin belə tədbirlərin təşkilini həyata keçirəcək.

Dəyişikliklərə görə, qurum istifadəsinə verilmiş dövlət əmlakı üzərində qanunvericiliklə müəyyən edilmiş hüquqlardan yararlana, səlahiyyətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə çıxış edə, dövlət satınalmaları təşkil edə və tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ya ləğvi ilə bağlı təkliflər verə biləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ