Olimpiada böyük idman oyunu sayılır. Maraqla izləyirəm. İldən-ilə idman nailiyyətlərimizin artması məni çox sevindirir. Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu oyunlara xüsusi diqqəti, qayğısı nəticəsində medallarımızın, mükafatlarımızın sayı durmadan artır. Biz olimpiyaçılarımızla fəxr edirik. Neçə-neçə yeniyetmə və gənc olimpiya çempionu, olimpiyaçı olmaq arzusuyla alovlanır, bu yolda inamla addımlayır. Amma təəssüf ki, bu tədbir dörd ildən bir keçirilir.
“Yevrovijn” musiqi yarışmasıdır. Azərbaycan orda təmsil olunanı bu tədbiri də diqqətlə izləyirəm. Ölkəmiz Eldarla Nigarın simasında birinci yerə çıxanda səhərəcən sevincdən özümə yer tapa bilmirdim. O vaxtdan keçən illər ərzində bu yarışmanı Rusiyanın televiziya kanalında izlədikcə və aparıcıların hər dəfə Bakını, Azərbaycanı “Yevrovijn”ə ev sahibliyini razılıq hissiylə xatırlayanda, ağız dolusu danışanda uçmağa qanadım olmur. Amma heyf ki, “Yevrovijn” ildə bir dəfə keçirilir.

Son illər futbolla da çox maraqlanıram. Buna da səbəb “Bakı” futbol klubunun keçmiş qapıçısı, xorvatiyalı legioner Marko Şarliyadır. O klubun digər oyunçularını da tanıyırdım. Mətbuat öz yerində, Markonun dilindən klub rəhbərliyi haqqında həmişə xoş sözlər eşitmişəm. Sonralar İspaniya çempionatına olan marağım məni futbola məhəbbətimi daha da artırdı. Madridin “Atletiko” klubunun köynəyində, futbolçuların sinəsində “Azerbaijan land of fire” sözlərini oxuyanda xüsusilə fəxarət duyuram. Özü də il boyu - hər həftə. Çempionlar Liqasının seçmə oyunları boyu və xüsusilə də finalında bu sözləri görmək isə daha xoş, qürurvericidir.
Fransanın “Lans” klubunu da bu siyahıya əlavə etsək, Avropanın yaşıl meydançalarında Azərbaycan sözünü daha tez-tez görəcəyik. Çox maraqlıdır, Ermənistanda “Atletiko” Madrid və “Lans” klubunun oyunlarına baxanda görəsən ermənilər hansı hissi keçirirlər? Bunu başa düşmək o qədər də çətin deyil.
Göründüyü kimi, Azərbaycan olimpiadada dünya idmanını, “Yevrovijn”də Avropa musiqisini, UEFA Çempionlar Liqasında isə futbolu fəth etməkdə davam edir. Hər hansı bir futbol klubunu aldığına, bir sahibkar kimi düzgün investisiya yatırdığına görə mənim Hafiz Məmmədovla öyünməyim çox məhdud görünərdi. Baxmayaraq ki, müsbət haldır. Əsas odur ki, biz – bütün dünya azərbaycanlıları beynəlxalq arenalarda Azərbaycanın bayrağının dalğalanmasını, Azərbaycanın adını görəndə böyük fəxr hissi keçiririk. Dörd ildən bir, hər il, il boyu. Əlbəttə ki, azərbaycanlı balası Hafiz Məmmədovun da bu istiqamətdə gördüyü işləri təqdir etsək yerinə düşər.