Modern.az

"Bir fincan nifrət" - Əziz Rzazadədən yeni hekayə

"Bir fincan nifrət" - Əziz Rzazadədən yeni hekayə

Təhsil

3 Oktyabr 2014, 15:34

Bir fincan nifrət

hekayə 

Qar elə yağır ki, göz-gözü görmür.

Belə havada heç it də burnunu çölə çıxarmaz.

Amma mən çıxmalıyam. Buna məcburam.

Saat 10-dur. Kirayə qaldığım evdən təxminən yüz addımlığındakı mağazaya getməliyəm.

Həmişəki kimi baton-çörək, kərə yağı, holland pendiri, qarabaşaq, göy noxudlu şorba paketi və iki qutu siqaret – “Yava”.

Xalis rus üslubunda, bircə mismar vurulmadan şam ağacından tikilmiş bu kiçik mağazaya gündə iki dəfə baş çəkirəm.

İki satıcısı var: Zemfira və Klavdiya, qısaca Klava.

Zemfira otuz ildən çoxdu ki, taleyini Moskvaya bağlayıb. Ərə getdiyi vaxtdan bəri bircə kərə də Azərbaycana ayaq döyməyib.

Klava xalis moskvalıdır və...

...yəqin ki, mən qarışıq bütün azərbaycanlılara, qafqazlılara nifrət edir.

Hər gün mağazaya girib öncə başımı sola çevirib piştaxta arxasında məğrur, amma kədərli görünüşlü Klavaya salam verirəm. Əlbəttə, rusca. O mızıldanaraq salamımın cavabını verir və üzündən silinməyən qıcıqdan istər-istəməz içimdə əsəbiləşirəm.

Sonra üzümü yana tutub uzaqdan-uzağa Zemfiranı salamlayıram. Doğma dilimizdə. Şəstlə. Hal-əhval tutur və iş-gücdən danışırıq. Zemfira artıq bir aydır işsiz qalmağımı bilir. Bilir ki, son qara qəpiyimi xərcləyib bitirməkdəyəm. Bu gün-sabah ev sahibi də mitilimi çölə atacaq. Mənə quru təsəllidən başqa nə verə bilər ki?! Hələ ona da 100 dollar borcum var.

– Klavanı bir gün söyəcəm, – pıçıldayıram.

– Fikir vermə, – Zemfira məni sakitləşdirir və o, müəyyən mənada haqlıdır. Qadın dərd boğçasıdır: yeniyetmə çağında zorlanıb, ər – əyyaş, kötəyi də hər axşam əskik eləmir, oğlu da Qafqazda, gümana görə, çeçen əsirliyində, nə ölüsündən, nə dirisindən xəbər-ətər, rəsmən itkin.

– Əslində o, pis qadın deyil. Üzündəki zəhrimara baxma, toylarda, ad günlərində bir çalıb-oynayır ki. Heç deməzsən ki bu, adamayovuşmaz, dindar Klavadı.

– Yox a...

– Hə, mən Allah şahidi.

Bu alçaq ölkədə, lənətə gəlmiş şəhərdə hər ikimiz qəribik. Amma Zemfira artıq yerli sayılır. Üzünün cizgiləri dəyişib, iki cümləsindən biri də ruscadı. Arağı elə içir ki, deyərsən, xalis rus əyyaşıdı. Taraş stəkanı başına çəkir, qara çörəyi iyləyər, vəssalam. Hə, məstedici mayeyə mədəsində gen-bol yer var. “Birini də süz!” qışqırır və içir, dalıyca da duzlu xiyar... xırçıltıyla dişləyir.

Mən ayrı məsələ, bu şəhərdə vur-tut altı aydır məskən salmışam və görürəm ki, bu ruhuma yad mədəniyyətə, məişətə qaynayıb-qarışmam sadəcə mümkün deyil. Moskva həqiqi ehtiyacdan doğan göz yaşlarıma da inanmır, mənim kimi minlərlə mühaciri bir təpiklə öz hüdudlarından kənara atmağa hər zaman hazırdır. Çünki Moskva təkəbbür dağarcığıdır, Moskva əzazildir; moskvalılar ondan betər: düşünür  ki, həyatındakı bütün qara cığırların baiskarı yadellidir, hətta yoldakı tıxacın varlığı, avtobusdakı boş oturacağın yoxluğu da...

Klava – onlardan biri. Klava – Moskvanın rəmzi. 

Təxəyyülün hüdudları yoxdur, beynində istənilən mənzərəni cıza bilər. Xüsusən mədən və cibin eyni dərəcədə boş olduqda. Çarpayıda uzanmış və gözləri yumulu halda düşünürdüm ki, görəsən, təkcə gözlərinin maviliyi ilə adamı ovsunlayıb cilvəsinin əsiri edən tökməbədən, ağ maya, üzündəki çillərlə çiyələyi xadırladan, yanmış süd qoxulu rus qadınının düşüncəsini dəyişmək, Şərqə məftun eləmək olarmı?.. Təxəyyülümün ilmə-ilmə yeni, tam fərqli bir Klavanın  naxışlarını toxuyurdu...

“Yava” qutusu boşdur. “Kaş bir siqaret olaydı!..” 

Dönmək qərarımı vermişəm. Hə, təpik dəyməmiş. Bu şəhərdə daha iki həftə qalam, ya qalmayam. Amma özümə söz vermişəm, Moskvanı da olmasa, Klavanın qəlbini mütləq fəth edəcək, sonra cəhənnəm olub Azərbaycana gedəcəm. Mənimçün bu, ölüm-dirim məsələsidi. “Axı hansı qəbahətimi görüb? Hansı davranışımla yanında gözükölgəliyəm?” 

Bilet alınıb, biri gün gedirəm. Bu gün bəlkə də sonuncu dəfə mağazaya baş vururam. Çünki alacağım ancaq siqaretdi.

Piştaxtaya söykənmiş iki gənc oğlan pivə içir, Klavaya söz atır və bu cazibəsi əskik olmayan qadını açıq şəkildə tovlamağa çalışırlar. Spirtli içki və siqaret satıcısı da onlarla mehriban davranır və yumşaq desəm, hər cür şıltaqlıqlara dözümlü yanaşır.

Klavaya salam verirəm, mızıltılı cavab və simasından asanca oxunan qıcıq.

Sonra Zemfira ilə qısa söhbət və vidalaşma.

– Sənə yaxşı yol və... bir də bu tərəflərə gəlmə! – o haqlıdı və son sözü dübbədüz nöqtəsinə dəyir, – Bu şəhər sənin ovlağın deyil.

Ayağımı geri atır və çıxhaçıxda mağazanın içindəki kiçik masaya yaxınlaşıram. Masanın üstündə yanar iki şamın şöləsi taxta xaçda əks olunur. Müştərilər üçün nəzərdə tutulan kiçik elanın altındakı qutu... bildiyim qədər, o, iki ildi heç cür dolmur. “Məhəllədə tikiləcək Müqəddəs Georgi kilsəsi üçün ianə toplanır. Xristian xeyirxahlığınızı əsirgəməyin, aqibətinizi düşünün, axirətiniz üçün savab qazanın”.

Cibimdəki bütün xırdaları və iki əskinas çıxarıb qutuya atdım. Heç bir tənə, danlaq, qıcıq, nifrət qarşısında məğlub olmayacaq qürurla.

Klavanın baxışları bütün vücudumu cənginə aldı, damarlarımın məsamələrinə hopdu və qanımın isti axınıyla qəlbimə doğru yol aldı, hüceyrələrimin hər zərrəsində o anın hisslərini aradı, içimdən qopardı, onları eşq və nifrət, mərhəmət və zillət, xeyir və şər tərəzisində çəkdirdi və sonda çəkisi ağır gələn məhz öz hissi oldu – nifrət. Bunu gözlərindən oxudum, amma mağazadan mənən qalib, müzəffər ruhda çıxdım. 

– Araz bu gün köçüylə gəlir, – Elman dedi.

– Yəni tamam-kamal? – qulaqlarıma inanmadım.

– Hə, həm də ailəsiylə.

Araz ümumi tanışımızdır. Doğrudur, Elmana bir köynək yaxındı. Dostdular, belə demən mümkünsə. Üç il əvvəl mən Moskvada, onlarsa Moskva yaxınlığındakı bir qəsəbədə şərikli mağaza işlədirdilər. Bəxt sarıdan Arazla Elmanınkı gətirdi, mənsə dar macalda Elmandan aldığım borc pulla geri döndüm.

O, Bakıya bir il əvvəl qayıdıb. İndi tacir bəxtini şəriksiz sınamaq istəyir. Boynuna almasa da, bilirəm ki, Arazla araları dəyib, əvvəlki səmimi, isti bağ yoxdur. Nəyi bölüşə bilmədiyindən bixəbərəm. Elman gizlədir, içində kin saxlayaraq. Arazsa...

Yazın ortalarıdı, bulvarda çay içirik, ikimiz də nəşəli, gümrah, günün üzümü yaxan şüaları da  yalnız xoş ovqat oyadır, odur ki, kiminsə qarasınca danışmağa, məchul işlərin məğzini öyrənməyə heç həvəsim yoxdu. Amma...

Biclik yarışında də heç şeytan da Arazın dabanını bastalaya bilməz. O, necə deyərlər, safqanlı tacirdir. Küçədə cibindən 1 qəpik düşsə, o mis parçasını özgədən qoparmayınca gözünə yuxu getməz. Amma indi eşitdiyimə inana bilmirəm: Araz müflis olub. Budur Bakıya gəlir. Həm də tək yox, yeni ailəsiylə.

– Evlənməyə necə macal tapdı?

– Qadın rusdu, iki il yarımdı bir yerdədirlər, – Elman həvəssiz danışır. – Amma İslamı qəbul edib. Azərbaycanca da səndən, məndən pis danışmır.

– Sən hardan bilirsən?

– Araz deyib. – Çayından bir qurtum içib sözünə davam etdi. – Deyir ki, azərbaycanlılara pərəstiş edir. Qonaq otağında Quba xalçası, qazanda milli mətbəx. Yalan-doğru hər axşam pilov, ya çilov... səhərlər Araz üçün nahara kükü... – ürəkdən gülürük. 

– Onu bir də de, xahiş edirəm. Pilov...

Elman tanıdığım yeganə adamdı ki, “plov” sözünü “pilov” kimi tələffüz edir. Həm də şirin şivəylə. Çünki yeddi arxadönəni qəzvinli, üzü də 1982-də İrandan köç edəndi... 

– Bəs nooldu, gəlmirsən? – Elman telefon zəngiylə məni yuxudan oyatdı.

– Saat neçədi ki? – sualı ona verib zəngli saatın əqrəblərinə baxıram. – Gözlə, yarım saata gəlirəm.

Araz köçüylə gəlib. Elman hardansa tapdığı iki fəhləylə Moskvadan gələn konteyneri boşaldıb-qurtarıb. Əlbəttə, mən gəlib çatana qədər. Xəcalətdən yerə girməyə hazıram. Amma Araz heç inciyənə oxşamır. Məni bağrına basır. Masa arxasında otururuq. Söhbət xatirələrdən başlayıb Moskva macəralarına, sonra da Bakıdakı gündəlik qayğılara, güzərana, müşküldən necə nicat tapmağa keçir. Bu arada Araz üzrxahlıq edir.

– Arvadım uşağı yatızdırır, darıxmayın bir azdan pürrəngi çay gələcək.  

– Heç demədin, oğlandı, ya qız... – Elman dillənir.

– Oğlan. Düzdü, Klava qız istəyirdi.

– Xoşbəxt olun, Allah saxlasın, – gecikdiyimə görə hələ də xəcalət təri axıdıram.

Mənzildəki qonşu otaqda qapı astaca örtüldü.

– Əzizim, bizə çay gətir. – Araz rusca dedi. 

– Səbirli ol, – mətbəxə keçən qadın ana dilimizdə, amma açıq duyulan ləhcəylə dedi.

– Bu qadın möcüzədi. Boşandıqdan sonra bir daha evlənməyəcəyimə söz vermişdim. – Araz əlini yelləyir, ilk evliliyi xatırlamaq onunçün çox ağrılıdı. – Amma sən saydığını say, gör fələk nə sayır. – Araz yeni arvadını tərifləyir. Azərbaycan dilini ciddi səylə necə öyrənməsini, mədəniyyətimizə sonsuz rəğbətini, cani-dildən onu, yəni Arazı sevdiyini dilə gətirir. – Özünüz bilirsiz də, Moskvada bizimkilər arasında hər cür qurd-quş var, – dodağı azca qaçır. Həm də ikrahla. – Deyir ki, sənə qədər bircə alicənab, kübar, mədəni insana rast gəlməmişdim. Sən azərbaycanlılar, bütün qafqazlılar haqda təsəvvürlərimi dəyişdin. – Arxaya çönür, arvadının gəlib-gəlmədiyini yoxlayıb sözünə davam edir. – Moskvadakı məscidə haçan gedib İslamı qəbul etməsindən belə xəbərim olmadı. Bərəkət haqqı, – andını əyani göstərmək üçün masada qəndqabı axtardı, amma barmaqları havada qaldı, süfrədə heç nə yoxudu axı, – özüm heç nəyə məcbur eləmədim. Bir də baxıb gördüm ki hicab geyinir, namaz qılır.

– Sənsən alicənab, Araz? – dabanımla bunu deyən Elmanın ayağını bastaladım.  

– Elman bu canı qəbirə qoyasan, – üzünü astaca sillələdi, – hap-gopum yoxdu. – Rus qızı olsa da, düz deyir də, nə qədər azərbaycanlı dələduz var Moskvada!? Sən canın ağzımı açdırma... 

– Xoş gəlmisiz! – Qadın məcməyini masanın üstünə qoyub çay fincanlarını paylaşdırmağa başladı və fincan mənə uzadılarkən barmaqları xəfif titrədi. Üzündəki nəşəli, sevincli, şux ifadə itdi. Baxışların ani toqquşmasında hər ikimiz – mən və Klava – xatirələr qayığına minib keçmişin dənizində ağır-ağır avar çəkdik. Həmahəng, amma tərs yönlərə.

Süfrəyə azca çay dağıldı.

– Vay... bağışlayın, – Klavanın siması al rəngə boyandı, üzünün çilləri görünməz oldu.

– Eybi yox, su aydınlıqdı, – dedim. Məğrur tərzdə.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı