Bu gün, 1 sentyabr 2026-cı ildə VII çağırış Milli Məclisə keçirilmiş seçkilərdən düz iki il ötür.
Seçki 2024-cü il sentyabrın 1-də keçirilsə də, yeni parlament fəaliyyətə sentyabrın 23-də başlayıb. Bu çağırış tarixə həm də Azərbaycanın suverenliyi tam bərpa edildikdən sonra ölkənin bütün ərazisində formalaşdırılan ilk parlament kimi düşüb. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında prezident və parlament seçkilərinin ilk dəfə bütün ölkə ərazisində keçirildiyini xüsusi vurğulamışdı.
Modern.az son iki ildə Milli Məclisdə baş verən əsas hadisələri, yaddaqalan polemikaları, beynəlxalq səfərləri və qanunvericilik fəaliyyətini bir araya gətirib.
İlk iclas və bir əleyhinə səs
VII çağırış Milli Məclisin ilk iclasında 122 deputat iştirak edib. İclası parlamentin ən yaşlı üzvü, akademik Ziyad Səmədzadə açıb.
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib. Səsvermədə 121 deputat iştirak edib: 120 deputat onun lehinə, bir deputat isə əleyhinə səs verib.
Əli Əhmədov parlament sədrinin birinci müavini, Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov isə sədr müavinləri seçiliblər. Seçkidə Yeni Azərbaycan Partiyası 68 mandat qazanıb, 44 deputat isə parlamentə bitərəf kimi daxil olub.
Yeni çağırışın ilk aylarında iki yeni strukturun, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya və Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupu yaradılması da diqqət çəkib.

“Maraqlı söhbət istəyirsinizsə, bir stəkan çay için”
Yeni parlamentin ilk yaddaqalan replikalarından biri 2024-cü il noyabrın 1-də səslənib.
Rafael Hüseynov qanun layihələrinin dilinin bəzən çətin anlaşıldığını bildirərək hüquqi terminologiya ilə məşğul olacaq ayrıca strukturun yaradılmasını təklif edib. Erkin Qədirli müzakirəyə qoşulmaq istəyəndə Sahibə Qafarova ona belə cavab verib: “Maraqlı söhbət istəyirsinizsə, iclasdan sonra bir stəkan çay için”.
Bu replika sosial şəbəkələrdə və mediada parlamentin yeni çağırışının ilk yumorlu, eyni zamanda sərt epizodlarından biri kimi yayılıb.

Sosial problemləri deputatlar necə səsləndirdi
2024-cü il noyabrın 27-də Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcələri müzakirə edilərkən bir sıra deputat sosial problemlərdən, pensiya və müavinətlərin məbləğindən, işsizlikdən danışıb.
Tənqidi çıxışların ardınca Sahibə Qafarova deputatlara irad bildirib:
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür”.
Spiker görülən işlərin də qeyd olunmasını istəyib və çıxışlardan ölkənin tamamilə mənfi mənzərəsinin yarandığını deyib. Bu hadisə sosial məsələlərin müzakirəsi zamanı parlament rəhbərliyi ilə deputatlar arasında yaranan ilk açıq fikir ayrılıqlarından biri olub.

COP29 parlament diplomatiyasının böyük hadisəsinə çevrildi
2024-cü ilin ən yaddaqalan beynəlxalq hadisəsi COP29 çərçivəsində keçirilən Parlament Görüşü olub.
Noyabrın 16-17-də Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi tədbirə 67 ölkədən 95 nümayəndə heyəti, ümumilikdə 345 parlament nümayəndəsi qatılıb. Görüşdə iqlim maliyyələşdirilməsi, beynəlxalq öhdəliklərə parlament nəzarəti və yaşıl iqtisadiyyata keçid müzakirə olunub.
Həmin ilin dekabrında isə Azərbaycan parlamentarizminin 106-cı ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçirilib. Tədbirdə 100-ə yaxın xarici nümayəndə iştirak edib.
Ümumilikdə, VII çağırışın ilk payız sessiyasında 19 plenar iclas keçirilib, 84 qanun və 41 qərar qəbul olunub. Deputatlar 24 ölkəyə 80 səfər edib, Milli Məclis isə 60 ölkədən və 16 beynəlxalq təşkilatdan nümayəndələr qəbul edib.

“Abidələri sahibkarlara verək” təklifi mübahisə yaratdı
2025-ci il aprelin 22-də tarixi və mədəniyyət abidələrinin qorunması haqqında qanuna dəyişiklik müzakirə edilərkən deputat Səyyad Salahlı nəzarətsiz qalan bəzi abidələrin bərpa və istifadə məqsədilə sahibkarlara verilməsini təklif edib.
Sahibə Qafarova isə bu yanaşmaya sərt reaksiya verərək abidələrin Azərbaycan mədəniyyətinə məxsus olduğunu bildirib və “Siz nə danışırsınız?!” deyə deputata irad tutub.
Səyyad Salahlı daha sonra fikrinin abidələrin özəlləşdirilməsi deyil, dövlət nəzarəti altında bərpa edilərək istifadəyə verilməsi olduğunu izah etməyə çalışıb.

Astana, Xivə və Srebrenitsa səfərləri
2025-ci ildə parlament rəhbərliyinin bir neçə səfəri xüsusi əhəmiyyət daşıyıb. Sahibə Qafarova iyunun 12-də Astanada keçirilən TÜRKPA-nın 14-cü plenar iclasına qatılıb. İyulun 1-də Xivədə Azərbaycan və Özbəkistan arasında ilk parlamentlərarası forum keçirilib. İyulun 10-11-də isə Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Srebrenitsa soyqırımının ildönümü tədbirlərində iştirak etmək üçün Bosniya və Herseqovinaya səfər edib.
Milli Məclis həmin dövrdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 65-ci Baş Assambleyasına da ev sahibliyi edib. Tədbirə təxminən 115 nümayəndə qatılıb.

Vaşinqton razılaşmaları üçün xüsusi iclas
2025-ci il sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası keçirilib. İclas Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalara həsr edilib.
Deputatlar razılaşmaların regional sülh, kommunikasiyaların açılması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından əhəmiyyətini müzakirə edərək xüsusi bəyanat qəbul ediblər. Bu, VII çağırış parlamentinin xarici siyasət məsələsinə həsr etdiyi ən mühüm xüsusi iclaslardan biri olub.

Fazil Mustafa ilə Ziyafət Əsgərov arasında Zəngəzur polemikası
2025-ci il sentyabrın 19-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda Fazil Mustafanın Naxçıvanla quru əlaqəsi barədə çıxışı mübahisə yaradıb.
Deputat quru yolunun açılmasını Azərbaycanın real birliyinin tamamlanması kimi təqdim edib. Ziyafət Əsgərov isə ərazi bütövlüyünün hansısa yolun olub-olmaması ilə əlaqələndirilməsinin düzgün olmadığını bildirib. O, Konstitusiyaya əsasən Azərbaycan ərazisinin artıq vahid və bölünməz olduğunu xatırladaraq bu mövzuda ehtiyatlı danışmağa çağırıb.
Beləliklə, polemikanın əsasını Zəngəzur yolunun əhəmiyyəti deyil, “ərazi bütövlüyü” anlayışının hansı formada ifadə olunması təşkil edib.

Azərbaycan və Ermənistan deputatları bir masa arxasında
Son iki ilin ən diqqətçəkən hadisələrindən biri 2025-ci il noyabrın 18-də İstanbulda baş verib.
ATƏT Parlament Assambleyasının payız toplantısı çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüş Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyanın bundan əvvəl Cenevrədə əldə etdiyi razılaşmanın davamı olub.
Tərəflər sülh prosesinə parlamentlərin dəstəyini, etimad quruculuğunu və beynəlxalq parlament təşkilatlarındakı münasibətləri müzakirə ediblər. Bu görüş parlament diplomatiyasının qarşıdurma ritorikasından birbaşa dialoqa keçməsi baxımından əlamətdar sayılıb.

20 min nəfəri əhatə edən amnistiya
2025-ci il dekabrın 19-da Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə amnistiya qərarı qəbul edib.
Rəsmi məlumatda müstəqillik dövrünün ən genişmiqyaslı amnistiyası kimi təqdim edilən qərarın təxminən 20 min nəfəri əhatə etdiyi bildirilib. Amnistiya Vətən müharibəsi və antiterror əməliyyatları iştirakçılarına, onların yaxınlarına, qadınlara, yaşı 60-dan yuxarı şəxslərə və digər kateqoriyalara şamil olunub.

"Çox istərdim ki, Siyavuş Novruzov Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı"
VII çağırış Milli Məclisdə deputatlar arasında ən sərt söz qarşıdurmalarından biri 2025-ci il oktyabrın 17-də Tənzilə Rüstəmxanlı ilə Siyavuş Novruzov arasında yaşanıb.
Tənzilə Rüstəmxanlı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə çıxış edərkən Heydər Əliyev başda olmaqla 43 deputatın Azərbaycanın müstəqilliyinin bərpasına səs verdiyini bildirib.
Siyavuş Novruzov həmkarına etiraz edərək müstəqilliyin bərpasına 271 deputatın səs verdiyini, 43 deputatın isə 1991-ci ilin martında SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsinin əleyhinə çıxdığını xatırladıb:
“Müstəqillik başqa şeydir, referendum əleyhinə səsvermə başqa. Tarixi saxtalaşdırmayaq”.
Tənzilə Rüstəmxanlı bu sözləri özünün “saxtakar” adlandırılması kimi qəbul edərək yenidən söz istəyib. O, çıxışında məhz 1991-ci il martın 7-də keçirilən iclası və SSRİ-nin saxlanılması ilə bağlı referenduma qarşı çıxan 43 deputatı nəzərdə tutduğunu açıqlayıb.
Deputat cavabını bununla yekunlaşdırmayaraq mübahisəni həmin günlərin əsas siyasi gündəminə – Ramiz Mehdiyev məsələsinə gətirib:
“Çox istərdim ki, Siyavuş Novruzov Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı”.
Bundan sonra Siyavuş Novruzov yenidən söz istəsə də, Milli Məclisin sədri Sahibə Qafarova mövzunun plenar iclasda davam etdirilməsini düzgün saymayıb və mübahisəni dayandırıb.
Beləliklə, tarixi tarixlər və səsvermələr barədə düzəliş kimi başlayan dialoq qısa müddətdə qarşılıqlı ittihama və Ramiz Mehdiyevin adına qədər uzanan siyasi polemikaya çevrilib. Bu hadisə VII çağırış parlamentdə iki deputat arasında yaşanan ən açıq və yaddaqalan söz qarşıdurmalarından biri olub.

Süni intellekt ilk dəfə qanunların mövzusuna çevrildi
2026-cı ildə Milli Məclisin qanunvericilik gündəminə süni intellekt, sosial platformalar, kibertəhlükəsizlik və uşaqların rəqəmsal mühitdə müdafiəsi kimi yeni mövzular daxil olub.
Qəbul edilən dəyişikliklərə əsasən, süni intellekt vasitəsilə yaradılan və ictimaiyyətə təqdim edilən materialların müvafiq işarələmə olmadan yayılması inzibati məsuliyyət yaradır. Eyni zamanda, dağıdıcı süni intellekt və proqram təminatından istifadə ilə bağlı cinayət qanunvericiliyinə dəyişikliklər edilib.
Uşaqların sosial platformalarda zərərli informasiyadan qorunması, təhlükəsiz rəqəmsal mühitin yaradılması və dövlət nəzarətinin hüquqi mexanizmlərinin müəyyənləşdirilməsi ilə bağlı qanunlar da qəbul olunub.

Hesablama Palatasının hesabatı: 36 tədbirdə nöqsan
Parlament nəzarəti baxımından ən ciddi müzakirələrdən biri Hesablama Palatasının 2025-ci il üzrə hesabatı ətrafında aparılıb.
Hesabatda 48 nəzarət tədbirindən 36-da büdcə vəsaitlərinin və dövlət əmlakının idarə olunması ilə bağlı nöqsanların müəyyən edildiyi bildirilib. Auditlərin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin məbləği 6,7 milyard manata yaxın olub.
Müzakirələrdə Vüqar Bayramov, Əli Məsimli, Razi Nurullayev, Qüdrət Həsənquliyev və digər deputatlar dövlət vəsaitlərinin səmərəliliyi, satınalmalar və hesabatlılıqla bağlı suallar qaldırıblar.

500-dən çox nümayəndə Bakıda
2026-cı ilin ən böyük beynəlxalq parlament tədbiri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci konfransı olub.
İyunun 22-25-də Bakıda keçirilən tədbirə 43 ölkə və 11 beynəlxalq təşkilatdan 54 nümayəndə heyəti, ümumilikdə 500-dən çox iştirakçı qatılıb. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunub və quruma sədrliyi Azərbaycan Milli Məclisi təhvil alıb.
Sahibə Qafarova tədbir çərçivəsində 19 ikitərəfli görüş keçirib. Bu toplantı Milli Məclisin son iki ildəki ən böyük beynəlxalq təşkilati uğurlarından biri kimi qiymətləndirilə bilər.
İki ilin ən çox müzakirə olunan müsahibələri:
“Sabir bəy içəri girəndə ayağa durmaq lazımdır”
2025-ci il martın 18-də Modern.az-da yayımlanan Tənzilə Rüstəmxanlı ilə geniş müsahibə də həmin ilin ən çox müzakirə edilən deputat müsahibələrindən olub.
Deputat ailə həyatından danışarkən həyat yoldaşı, Xalq şairi Sabir Rüstəmxanlını zarafatla “Yer üzünün ən çapkın adamı” adlandırıb. O, vaxtilə Sabir Rüstəmxanlıya göndərilmiş sevgi məktublarını tapdığını, həmin məktubları kitab şəklində hazırladaraq şairin 50 illik yubileyində ona hədiyyə etdiyini açıqlayıb.
Müsahibənin bu hissəsi çoxsaylı media qurumları tərəfindən ayrıca xəbər kimi yayımlanıb. Lakin əsas müzakirə yalnız sevgi məktubları ətrafında aparılmayıb.
Tənzilə Rüstəmxanlı uşaqlarına Sabir Rüstəmxanlı evə daxil olanda ayağa qalxmağı, onun pencəyini, çantasını və ayaqqabısını götürməyi öyrətdiyini söyləyib. Deputat həyat yoldaşına adı ilə müraciət etmədiyini və yaradıcı insan kimi onun məişət qayğılarından uzaq tutulduğunu da bildirib.
Bu fikirlər sosial şəbəkələrdə ailədə qadın və kişinin rolu ilə bağlı geniş mübahisə yaradıb. Bir qrup bunu həyat yoldaşına hörmət və ənənəvi Azərbaycan ailə modelinin nümunəsi kimi qiymətləndirib. Digərləri isə belə münasibətlərin patriarxal ailə modelini təşviq etdiyini bildiriblər.
Deputatın müasir gənclərin əvvəlki nəsillər kimi sevə bilməməsi və sevginin mahiyyətinin dəyişməsi barədə fikirləri də ayrıca müzakirə olunub.

VII çağırış parlamentin ən çox müzakirə edilən müsahibələrindən birini Səyyad Aran 2025-ci il mayın 16-da Modern.az-a verib.
Deputat şəxsi avtomobilinin olmadığını, Milli Məclisə 18 nömrəli avtobusla getdiyini, geri qayıdarkən isə metroya qədər piyada getdiyini söyləyib. Uzun illər deputat, diplomat və yüksək vəzifəli dövlət məmuru işləməsinə baxmayaraq niyə avtomobil almadığı soruşulanda Səyyad Aran aldığı maaşın ailə və müalicə xərclərinə getdiyini bildirib:
“Lap tutaq ki, 5 min manat maaş alıram. Mən oradan nə qənaət edib maşın ala bilərəm?”
Məhz bu fikir müsahibənin ən çox müzakirə edilən hissəsinə çevrilib. Deputatın 5 min manat maaşla pul yığa bilmədiyini deməsi sosial şəbəkələrdə və mediada vətəndaşların orta əməkhaqqı, pensiya və yaşayış xərcləri ilə müqayisə olunub. İqtisadçılar və sosial şəbəkə istifadəçiləri onun açıqlamasını tənqid ediblər.
Müsahibədə daha bir rezonanslı fikir İmişlidəki sosial vəziyyətlə bağlı səslənib. Səyyad Aran bəzi insanların yaxşı yaşamamasını onların tənbəlliyi ilə əlaqələndirib, azad bazar iqtisadiyyatında çalışmaq və qazanc əldə etmək üçün imkanların olduğunu söyləyib. Bu sözlər də yoxsulluğun və işsizliyin səbəbləri ilə bağlı mübahisə yaradıb.