Modern.az

Nizami Cəfərov: “Tərcümə Mərkəzi mötəbər quruma çevriləcək”

Nizami Cəfərov: “Tərcümə Mərkəzi mötəbər quruma çevriləcək”

Təhsil

23 Oktyabr 2014, 09:58


Nazirlər Kabineti yanında yaradılan Tərcümə Mərkəzinin saxlanılması üçün 2015-ci ilin dövlət büdcəsindən 2 milyon manat ayrılması nəzərdə tutulur. Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov Modern.az-a ilkin mərhələdə bu vəsaitin kifayət qədər olduğunu bildirib: “Dövlət dili ilə əlaqədar ayrıca proqramı qəbul olunub. Bu məsələlər orada nəzərdə tutulurdu. Tərcümə Mərkəzinin müəyyən təcrübəsi vardı, amma hazırda daha möhtəşəm bir hadisə kimi ortaya çıxır. Hesab edirəm ki, dövlət büdcəsindən ayrılan vəsait ilk mərhələ üçün kifayətdir. Müəyyən təcrübə qazanıldıqca, işin miqyası genişləndikcə, əlbəttə, ayrılan vəsaitin məbləği də artırılacaq. Hər halda hadisənin özü təqdirəlayiqdir. Vəsait də düşünülmüş şəkildə hesablanıb”.

Onun fikrincə, qarşıda duran birinci məsələ Azərbaycanda tərcümə metodologiyasının qaydaya salınmasıdır: “Bu işə nəzarət olmalıdır. Bu səbəbdən də tərcümə işi vahid mərkəzdən idarə oluncaq. Bu gün Bakıda və bir çox şəhərlərdə peşəkarlıqdan uzaq olan bir çox tərcümə qurumları var. Onların hamısının nəticələri hər zaman uğurlu olmur. Bu sahədə təsadüfi adamlara daha çox rast gəlirik.

Tərcümə Mərkəzinin əsas vəzifələrindən biri də tərcümə sahəsindəki mütəxəssisləri toplamaqla ən müxtəlif üslublarda sənədlərin tərcümə formalarını yaratmaqdaır. Bəzən yüzlərlə mətn tərcümə olunur, amma bir dənə yaradıcılıq işi getmir. Biz istəyirik ki, ayrı-ayrı sözlərin, ifadələrin standart tərcümələri meydana gəlsin. Yəni bilək ki, bu söz, ifadə dünyanın inkişaf etmiş dillərinə necə tərcümə olunmalıdır, yaxud qarşı dildəki söz və ifadə bizim dilə necə çevrilməlidir”.

Komitə sədrinin sözlərinə görə, bunun ardınca terminologiyanın qaydaya salınması prosesi başlayacaq: “Təbii ki, çox ciddi mütəxəssislər dəvət oluncaq. Tərcümə Mərkəzi həm də ekspertiza rolunu oynayacaq. Azərbaycanda müxtəlif təşkilatlarda, müxtəlif qurumlarda ortaya çıxan tərcümələrin üzərində iş aparılacaq, həm də onlara rəy veriləcək. Metodoloji baxımdan vahid mərkəzə çevriləcək. Sabah mübahisə düşəndə həlli ilə bağlı Tərcümə Mərkəzinin mütəxəssisləri onun həllinə çalışacaqlar. Əminəm ki, Tərcümə Mərkəzi mötəbər bir orqana çevriləcək”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı