Modern.az

“Bələdiyyə sistemindəki problemlər 2015-ci ilə kimi həll olunacaq”

“Bələdiyyə sistemindəki problemlər 2015-ci ilə kimi həll olunacaq”

Təhsil

28 Sentyabr 2014, 18:53

Azərbaycanın iri şəhərlərindəki bələdiyyələrin inzibati-ərazi bölgüsündə ciddi problemlər həll olunmamış qalır. Bakının bir çox rayonlarındakı bələdiyyələrin əraziləri hələ də tam müəyyənləşməyib.

15 ilə yaxındır fəaliyyət göstərən bələdiyyə sistemində çatışmazlıqların mövcudluğundan danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında 2015-ci ilə kimi bu problemlərin aradan qaldırılacağına inandığını deyib:

“Təəssüf ki, bu günə qədər bələdiyyələr öz ərazilərini dəqiq bilmirlər. Torpaqların verilməsində, müəyyən iaşə obyektlərinin, eləcə də vergilərin toplanılmasında müəyyən çətinliklər var. Bu məsələnin həlli artıq gündəmdədir. Bununla əlaqədar Bakının geniş planı hazırlanır. Bələdiyyə sahələrinin dəqiq cizgiləri ölçülüb və 2015-ci ilə kimi başa çatması nəzərdə tutulur. Bir neçə həftə bundan qabaq bələdiyyələrin respublika toplantısı keçirildi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də çıxışında bu məsələyə toxunaraq dedi ki, bələdiyyələrin yaranmasından 15 ilə yaxın vaxt keçir, amma şəhər bələdiyyələri hələ də öz torpaqlarını, öz mülklərini tanımırlar. Ona görə də belə xoşagəlməz hallar baş verir. Bu problemin tezliklə həlli ilə bağlı tapşırıq verildi”.

Deputatın sözlərinə görə, idarəetmə üçün dəqiq sərhədlər olmalıdır: “Sovet dövründəki bəzi kolxoz, sovxoz və kombinatların bəzilərinin təsərrüfatları başqa-başqa rayonların ərazisində yerləşib. İndi başqa dövrdür, torpaqlar geri qaytarılmalıdır. Tutaq ki, Abşeron respublikanın rayonlarından biri olsa da, onun bir çox torpaqları bu gün Xəzər, Sabunçu rayonlarının ərazisindədir. O vaxtlar orda heyvandarlıq, zeytunçuluq təsərrüfatları olub. Orda yaşayanların əksəriyyəti bu gün Abşeron rayonunun sakini hesab olunurlar. Abşeron və Xəzər rayonları arasındakı məsafə 60-70 kilometrdir. Bu torpaqların ayrılıb həmin rayonların ərazisinə verilməsi, insanların orada qeydiyyata düşmələri də gündəmdədir. Bu məsələlərin həlli çətindir. O cümlədən, Bakının özünün də dəqiq sərhədləri məlum deyil. Paytaxtın ərazisində son illər həddindən artıq genişlənmə baş verib. Əvvəldən xəritələrin cizgiləri dəqiq müəyyən olunmayıb. Əslində, bu xəritələr çoxdan hazırlanıb verilməli idi. Düşünürəm ki, 2015-ci ilə kimi bütün bələdiyyə torpaqları aidiyyəti üzrə bələdiyyələrə verilməlidir”. 

“Bələdiyyələrlə bağlı qanunvericiliyə artıq müəyyən dəyişikliklər edilib. Əmlak vergisi ilə bağlı dəyişikliyə görə hesablama kvadratmetrə əsasən aparılır. Güman edirəm ki, bu bələdiyyələrin büdcəsinin artmasına müəyyən mənada kömək edəcək”. Bu barədə Modern.az-a "Bələdiyyələrin fəaliyyətinin təbliği ” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib. QHT rəhbərinin sözlərinə görə cəmiyyətdə bələdiyyələrə olan münasibət mütləq dəyişməlidir: “Bələdiyyələrin seçkili orqan olaraq səlahiyyətləri artırılmalı, qanunvercilikdə olan boşluqlar, nəzərdə tutulan, amma icrası həyata keçirilməyən məqamlar aradan qaldırılmalı, icrası sürətləndirilməlidir. Sevindirici haldır ki, əmlak vergisilə bağlı yanvarın 1-dən artıq yeni sistemə keçirilir. Başlanması, həyata keçirilməsi necə olacaq, bu hələ müəyyənləşməyib. Bu məsələlər öz həllini tapmalıdır ki, bələdiyyələrə də cəmiyyətdə inam artsın, seçici qarşısında üzüağ olsun”. 

Cəmiyyətdə formalaşan fikirlərə görə, növbəti bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı olduqca aşağı olacaq. QHT rəhbəri bunun səbəbini cəmiyyətdə bələdiyyələrə qarşı neqativ fikirlərin formalaşmasında görür: “İctimai rəyin mənfi olmasının da haqlı səbəbləri var. Bu gün bələdiyyələr büdcəsində vəsaitin az olması səbəbindən ona müraciət edən vətəndaşa kömək edə bilmir, problemini həll etmək iqtidarında deyil”.

Vüqar Tofiqli bütün bunların əsas səbəbi kimi bələdiyyələrin sayının həddindən artıq olmasını vurğulayıb: “Bələdiyyələri dövlət sifarişli edə bilərlər, konkret layihələr verilə bilər. Hesab edirəm ki, bələdiyyələrlə bağlı məsələyə kompleks yanaşılmalıdır. Prezident yanında yerli özünüidarəetmə şurası ilə yanaşı, qanunvericilikdəki boşluqlar, onların icra mexanizmi və digər problemlər öz həllini tapmalıdır”.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi də öz növbəsində bələdiyyələrin işinin təkmilləşdirilməsi üçün təkliflər paketini hazırlayıb. Burada əsasən vahid mərkəzi qurumun yaradılması təklif edilir: “Bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, idarəçilikdə mövcud paralelliyi aradan qaldırmaq və bu istiqamətdə dövlət siyasətinin vahid mərkəzdən idarə oluması üçün müvafiq mərkəzi dövlət orqanının yaradılması məqsədə uyğun hesab edilir. Yaradılacaq qurumun nazirlik, komitə və ya dövlət agentliyi qismində Ədliyyə Nazirliyinin Bələdiyyələrə iş Mərkəzinin bazasında olması daha böyük səmərə verə bilər.

Böyük təcrübəyə malik olduğundan bu orqan həm yerli özünidarəetmə sahəsində dövlət siyasətinin icrasına nəzarət edər, yerli özünidraəetmə orqanları ilə digər dövlət orqanları arasında əlaqələndirmə funksiyasını həyata keçirər, həm də dövlətin ayırdığı dotasiyanın daha səmərəli icrası üçün layihələrin həyata keçirilməsinə, həmçinin bələdiyyələrin fəaliyyətinə müdaxilələrin aradan qaldırılmasına yardımçı olar”.

Digər təklif bələdiyyələrin birləşdirilməsi ilə əlaqədardır. Qeyd olunur ki, Azərbaycanda yerli idarəetmə orqanlarının birləşdirilməsi prosesi davam etdirilməli və onların sayının daha minə qədər azaldılaraq 500-600-ə çatdırılması lazımdır: “Bu, daha böyük səmərə verə bilər”. “Hüquq və İnkişaf” ictimai birliyinin rəhbəri Hafiz Həsənov isə bələdiyyə sistemində slahatların tərəfdarıdır. Hazırda bələdiyyələr real səlahiyyətlərdən məhrumdur və hakimiyyət icra qurumlarına məxsusdur. Onun fikrincə, bələdiyyələrin statusu cəmiyyətin onlara inamını azaldır.

"Çünki bələdiyyələr real hakimiyyətə malik yerli özünüidarə orqanları kimi iş görə bilmirlər. Onların səlahiyyətləri ilə bağlı müəyyən problemlər, status ilə bağlı problemlər var. Ümumilikdə bələdiyyə üzvlərinin, namizədlərin azlığı və seçicilərin az olması buradan qaynaqlanır", o bildirir.

Son aylar bələdiyyələrin səlahiyyətlərinin artırılacağı ilə bağlı parlamentdə və cəmiyyətdə gedən müzakirələrdən danışan ekspertin fikrincə, bu dəyişiklərin vəziyyəti "əsaslı surətdə dəyişmir". "Ona görə bu ilki dəyişiklər kiçik dəyişiklərdir və əgər bələdiyyənin maliyyə imkanları azdırsa, əhali qarşısında nə söz verəcək? Bundan başqa bu orqanların

seçicilər qarşısında hesabatlılığı yoxdur. Bunları nəzərə alaraq demək olar ki, bu seçkilər də 2009-cu il seçkilərindən fərqlənməyəcək", deyə H.Həsənov bildirib.

Gülşən Raufqızı

p.s. Yazı “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra etdiyi “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı